“Azərbaycan heç kimin qarşısında baş əyməyəcək” - Araz Əlizadə

13:21 28.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Torpaqlarımızın erməni işğalından azad olunması prosesi dekabrın 1-də Laçınla tamamlanacaq. Azərbaycanın sərhəd bütövlüyünün təminindən sonra, daxili tənzimlənmə prosesində əsas missiyanı üzərinə götürən sülhməramlıların öz vəzifələrinin öhdəsindən necə gələcəyi də müzakirə mövzusudur.

Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən ASDP sədri Araz Əlizadə vəziyyətlə bağlı maraqlı nüanslara diqqət çəkib.

-Araz müəllim, müharibədən sonra ölkəmizin sərhədləri daxilində cərəyan edən proseslərə diqqət etsək, yeni mərhələdə nələrin müşahidə olunduğunu söyləmək olar?

-Azərbaycan vətən müharibəsində qalib gəldi. İndi bu qələbəni diplomatik yolla möhkəmləndirir. Bunun üçün Rusiya ilə, Türkiyə ilə danışıqlar gedir və Azərbaycan beynəlxalq aləmdə də özünün sözünü deyir. Belə bir ərəfədə isə xaricdən, xüsusilə də Fransanın Qarabağ məsələsində Azərbaycana təsirlər göstərmə cəhdləri, eləcə də Türkiyəyə qarşı sanksiyaların tətbiqi də səngimir. Belə halların meydana çıxması onunla əlaqəlidir ki, erməni lobbisi Fransada ağalıq edir.  Fransa senatı onların əlində müqəvvadır. Çünki Fransa dövləti  o senatorları maraqlandırmır.  Onları yalnız seçkilər və seçkilərdə yenidən seçilmək maraqlandırır. Bütün bunlarla yanaşı, hesab edirəm ki, Azərbaycana qarşı hansısa bu cür təzyiqlərin olması cəhdləri boş şeydir.  Azərbaycan artıq öz sözünü deyib və Azərbaycan heç kəsin qarşısında baş əyməyəcək.  Qarabağ Azərbaycan torpağıdır və biz öz suverenliyimizi bu torpaqlarda təsdiq eləmişik.

- Rusiya Qarabağda nəyə nail olmağa çalışır?

-Rusiya sülhməramlıları erməniləri Qarabağa qaytarıb, öz patronajı altında onlara normal həyat şəraiti yaratmaq istəyirlər.  Ruslar  düşünürlər ki, bura 5 illik müddətə gəlməyiblər, daha uzun müddətli vaxta gəliblər. İstəyirlər ki, burda qalıcılıqlarını uzunmüddətli etmək üçün zəmin yaratsınlar.  Lakin hər şey Azərbaycandan aslıdır.  Azərbaycan elə bir şərait yaratmalıdır ki,  ruslar 5 ildən sonra bilsinlər ki, artıq burda onların missiyası başa çatıb və Azərbaycan özü ermənilərlə dil tapa bilər. 

-Hansı zəmin olmalıdır ki, Rusiya əsas məqsədindən əl çəksin?

-Rusiya əsas məqsədindən heç vaxt əl çəkməyəcək.  Deyir, ayının min oyunu, bir armudun başındadır.  Rusiya Azərbaycanın ərazisinə qayıtmaq, burada ordusunun olmasını istəyir. Lakin mən düşünmürəm ki, biz bundan sonra da Rusiyanın nə istəməsinə görə siyasət yürüdəcəyik. Düşünmürəm ki, cənab Prezident buna imkan versin.

-Dekabr-ın 1-də Laçın təhvil verilməlidir və bu şəhərlə bağlı çoxlu mübahisələr səslənir.  Xankəndində də, Laçında da ermənilər, erməni silahlıları var. Sülhməramlılarla birlikdə istədikləri kimi hərəkət edirlər. Belə olan surətdə məsələ necə həllini tapacaq?

-Biz hansısa ölkənin qoşunlarının, yaxud hansısa cinayətkarların Azərbaycan ərazilərində istədikləri şəkildə hərəkət etmələrinə imkan verə bilmərik. Azərbaycan konkret məsələ qoymalıdır ki,  erməni silahlıları Azərbycan ərazilərindən çıxarılmalıdır.  Sülhməramlıların əsas vəzifəsi erməniləri tərksilah edib onları ərazilərimizdən çıxarmaqdır.  Əgər bu missiyanı öz boyunlarına götürüblərsə, zəhmət çəksinlər yerinə yetirsinlər.

Eləcə də Türkiyə sülhməramlıları ilə bağlı da məsələ mübahisəli qalır. Çünki üçtərəfli sazişdə Türkiyə sülhməramlıları nəzərdə tutulmayıb. Rusiya da bunun əleyhinədir. Türkiyə sülhməramlıları burda olub-olmayacaq, bu da diplomatik danışıqlardan asılıdır. Lakin Türkiyə sülhməramlıları yaradılan müşahidə mərkəzində təmsil olunacaqlar.

- Rusiyadakı diaspora təşkilatlarımız Azərbaycana diplomatik dəstək vermək, ölkəmizin bu prosesdən az  vaxtda, zərərsiz, haqqımızı bərpa edərək çıxması istiqamətində necə işləyir, hansı ciddi addımları atılır?

-Azərbaycanın Rusiyadakı lobbisi, oliqarxları ölü doğulub. Bu müharibədə ermənilər Ermənistana nə qədər böyük köməkliklər edirdilər. Azərbaycanlılardan isə bir dənə də səs çıxmırdı.  Bu da onu göstərir ki, Azərbaycan diasporası Rusiyada zəif işləyir.

Lakin bir məsələni də unutmaq olmaz. Bu gün bizim atdığım addımlar hamısı ölçülüb-biçilmiş addımlardır.  Və hazırki prosesdə tələsmək lazım deyil. Cənab Prezident bunu çox yaxşı bilir və göstərdi ki, diplomatiya sahsində mahirdir.

Oxunma sayı 366