“Beynəlxalq ictimaiyyət bir daha Azərbaycan dövlətinin gücü və qüdrəti ilə tanış oldu” - Tahir Rzayev

14:19 26.09.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı tarixi bir çıxış idi. Çünki, həmin konfransda dövlətimizin başçısı həm Azərbaycanın Prezidenti, həm də dünyada ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi çıxış edirdi. Əlbəttə, bu çıxış beynəlxalq aləmdə çox böyük əks-səda yaratdı. Ölkə başçısı həmin çıxış zamanı Ermənistanın iç üzünü, işğalçılıq siyasətini, təcavüzkar mahiyyətini faktlar əsasında və mövcud reallıqlar fonunda bir daha ifşa etdi, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı BMT-ni, bütövlükdə beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün konkret və qətiyyətli əməli tədbirlər görməyə, təcavüzkar dövlətin təxribatçı hərəkətlərinə seyrçi qalmamağa, ikili standartlardan çıxış etməməyə çağırdı”. Bunu hafta.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Millət vəkili vurğulayıb ki, BMT Baş Assambleyasında Prezident İlham Əliyevə bir çox dövlət rəhbərlərindən əvvəl çıxış üçün söz verilməsi də ona göstərilən etimadın, diqqətin bir nümunəsidir: “Ümumiyyətlə, Prezidentin toxunduğu məsələlər təkcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində deyil, həm də regional və beynəlxalq təhlükəsizlik problemi baxımından mühüm aktuallığa və əhəmiyyətə malikdir. Dövlət başçısı Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda Ermənistanın vəziyyətdən sui-istifadə edərək ölkəmizin işğal edilmiş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğul olmasını xüsusi olaraq diqqətə çatdırdı, qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsinin olmadığını qətiyyətlə vurğuladı. Həqiqətən də, Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma aparılması faktiki olaraq müharibə cinayətidir. Bu addım işğal edilmiş ərazilərdə demoqrafik strukturu dəyişdirmək, həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular olaraq istifadə etmək məqsədini güdür. Görünən odur ki, işğalın nəticələrini legitimləşdirmək və status-kvonu qoruyub saxlamaq niyyətində olan Ermənistanın məqsədi sülh danışıqları prosesini tamamilə fiaskoya uğratmaqdır. Ona görə də beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsk qrupu bu məsələyə xüsusi diqqət yetirməlidir. Prezident həmçinin öz çıxışı zamanı qeyd etdi ki, Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların formatını və mahiyyətini məqsədyönlü şəkildə pozur. Ermənistan bu gün beynəlxalq təşkilatların, eləcə də Minsk Qrupunun müəyyən təkliflərini qulaqardına vurur və beynəlxalq təşkilatlara hörmətsizlik nümayiş etdirir”.

Tahir Rzayev onu da bildirib ki, İlham Əliyev öz çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin indiyədək kağız üzərində qalmasına da diqqət çəkib: “Təbii ki, hazırkı mənzərə BMT-nin nüfuzunu sarsıdır, o səbəbdən Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yaradılmalıdır. Çünki Ermənistan bu qətnamələrin heç birinə məhəl qoymur, əksinə bu ilin iyul hadisələri göstərdi ki, qarşı tərəf işğalçı siyasətindən əl çəkmək istəmir. Ermənistan atəşkəs rejimini mütəmadi olaraq pozur, Azərbaycanın dinc sakinləri qətlə yetirilir, mülkü obyektlər dağıdılır. Eyni zamanda, Prezident İlham Əliyev çıxışı zamanı işğalçı ölkənin təxribatçı və inasizt ölkə olduğunu bir daha dünyaya açıqladı. Dövlət başçısı bildirdi ki, nasizm bu təcavüzkar ölkənin dövlət siyasətidir və mənfur nasist general Qareqin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Prezident bir daha bəyan edib ki, Azərbaycan xalqı daima sülh tərəfdarı olsa da, Ermənistan hər cəhdlə danışıqlardan boyun qaçırır. Dövlət başçısı bir daha vurğulayıb ki, Azərbaycan torpaqlarında heç vaxt ikinci bir dövlət yaradıla bilməz və Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, əzəli torpağıdır. Azərbaycan torpaqları işğaldan azad olunmalıdır, qaçqın və məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtmalıdırlar. Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, Azərbaycan bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək, beynəlxalq hüququn yaratdığı bütün imkanlardan istifadə edərək dövlətimizi, xalqımızı qoruyacaq, ərazi bütövlüyümüzü təmin edəcək. Bir sözlə, Prezident İlham Əliyevin BMT-dəki çıxışı fonunda beynəlxalq ictimaiyyət bir daha Azərbaycan dövlətinin gücü və qüdrəti ilə tanış oldu”.

Oxunma sayı 496