9 ayda 17,8 milyard dollarlıq mal ixrac olunub

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ticarət və xidmət şəbəkələrində istehlakçılara 15,3 milyard manatlıq əmtəə satılıb və xidmətlər göstərilib. İstehlak bazarı üzrə real artımın 75,4 faizi pərakəndə ticarət, 4,9 faizi iaşə fəaliyyəti, 19,7 faizi isə pullu xidmətlərin hesabına təmin edilib.
Dövlət Statistika Komitəsindən (DSK) “Həftə içi“nə verilən məlumata görə, bu ilin 9 ayında pərakəndə ticarət və iaşə dövriyyəsinin həcmi 11,6, pullu xidmətlərin həcmi isə 3,7 milyard manata bərabər olub. Üçüncü rübün nəticələrinə görə, istehlak bazarı üzrə ümumi artımın 99 faizi özəl sektorun fəaliyyəti sayəsində yaranıb. Özəl şəbəkələrdə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi isə 14,3 milyard manat təşkil edib.
Komitədən verilən digər məlumatda isə qeyd olunur ki, 9 ayda ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 146 xarici dövlətlə 23,7 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıblar. Əmtəə mübadiləsinin 4 milyard dolları MDB üzvü dövlətləri, 19,7 milyard dolları digər ölkələrlə həyata keçirilib. Xarici ticarət dövriyyəsinin 17,8 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 5,9 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib, 11,9 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81,3 faizi) İtaliya, Fransa, Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Malayziya, İndoneziya, Almaniya, İsrail, Belarus, Çin və Gürcüstan dövlətləri ilə aparılıb.
Təbriz Vəfalı
Oxunma sayı 28