İsrafçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir - Azərbaycan Prezidenti

17:40 06.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrafçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir.

Bunu Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır.

Eyni zamanda, israfçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir. Təbii ki, bu layihələr gərək başa çatdırılsın. Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bəzi hallarda şəxsi maraqlar rol oynayır. Mən demişəm, bir daha demək istəyirəm ki, dövlət büdcəsinin formalaşması ərəfəsində, müzakirə zamanı bütün dövlət şirkətlərindən sifarişlər gəlir - buraya bu qədər, oraya bu qədər vəsait verin. Biz əlbəttə ki, sosial infrastruktur layihələrinə bundan sonra da dövlət vəsaiti ayıracağıq. Halbuki baxmaq lazımdır, burada da dövlət-özəl sektor tərəfdaşlığı mümkündür, inkişaf etmiş ölkələrdə bu, var. Amma, necə deyərlər, əsas layihələr üçün tələblər dövlət şirkətlərindən büdcə müzakirə olunan zaman gəlir ki, bu qədər vəsait verin bu işi görək. Lakin bu işin səmərəliliyinə heç kim baxmır - bu iş görülməlidir, yaxud görülməməlidir? Bu iş bu ilmi görülməlidir, yoxsa 2 il gözləyə bilər? Buna da heç kim baxmır. Nəzarət aşağı səviyyədədir. Ona görə bu məsələyə mütləq diqqət yetirilməlidir".

Oxunma sayı 1221
Gündəm rubrikasından digər xəbərlər