“The Japan Times“ dövlət müstəqilliyimizdən yazıb

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 18-də Yaponiyanın nüfuzlu, əsasən də diplomatik nümayəndələr və işgüzar dairələr tərəfindən oxunan ingilisdilli “The Japan Times“ qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə məqalə dərc edilib. Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin məqaləsində yaponiyalı oxuculara ölkəmiz, onun yerləşdiyi coğrafi məkan, müstəqilliyimizin bərpa tarixi barədə ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olduğu oxucuların diqqətinə çatdırılıb. AXC-nin keçdiyi şərəfli yola nəzər salınıb, onun Şərqdə yaradılmış ilk demokratik respublika olduğu vurğulanıb. Məqalədə son 20 ildə Azərbaycanın bir sıra mühüm uğurlara imza atdığı, dövlətçiliyin möhkəmləndirildiyi, eləcə də sosial, siyasi, iqtisadi sahələrdə mütərəqqi islahatların həyata keçirildiyi diqqətə çatdırılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf xəttinin prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın sabit siyasi sistemə malik demokratik dövlətə çevrildiyi vurğulanan yazıda ölkəmizin iqtisadi qüdrəti xüsusi qeyd olunub. Bildirilib ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik dövlət kimi qlobal enerji təhlükəsizliyinin təminatında mühüm yer tutub, regional əhəmiyyətli iqtisadi layihələrin reallaşdırılmasında əsas söz sahiblərindən biri olub. Cari ildə Azərbaycan nümayəndələrinin “Eurovision“ mahnı müsabiqəsinin qalibi olduqlarını xatırladan diplomat bununla əlaqədar gələn il ölkəmizə minlərlə turistin gəlişinin gözlənildiyini oxucuların diqqətinə çatdırıb. Səfir bu xarici qonaqların arasında yaponiyalı turistləri görməkdən çox məmnun olacağımızı bildirib.
Bundan əlavə, məqalədə Azərbaycan-Yaponiya əlaqələrinə dair qısa məlumat verilib, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub. Bu il martın 11-də Yaponiyada baş vermiş təbii fəlakətdən sonra Azərbaycanın daim yapon xalqının yanında olduğu və bu ölkəyə yardım göstərdiyi vurğulanıb.
Azad
Oxunma sayı 58