“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan yeni inkişaf dönəminə qədəm qoydu” - Millət vəkili

14:32 19.09.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

““Əsrin müqaviləsi” milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir. Həmin müqavilənin imzalanmasından sonra artıq Azərbaycanın beynəlxalq aləmə çıxış imkanı yarandı və ölkəmizin nüfuzu ildən-ilə artmağa başladı”. Bu fikirləri hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

Millət vəkili vurğulayıb ki, məhz mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünyanın aparıcı dövlətləri Azərbaycana maraq göstərməyə başladılar: “O dövrə ekskursiya etsək görərik ki, həmin dövr Azərbaycanda vəziyyət heç də yaxşı deyildi. Azərbaycanda qarşıdurmalar səngiməmişdi, dövlət çevrilişinə cəhdlər var idi. Xarici dövlətlər ölkəmizə böyük ümidlərlə baxmırdılar və Azərbaycanı təlatümdə olan bir ölkə kimi qiymətləndirirdilər. Belə bir dövrdə Heydər Əliyev çox uğurlu bir siyasi gediş edərək 7 böyük dövləti Azərbaycana cəlb edə bildi və möhtəşəm neft müqaviləsi imzaladı. Əlbəttə ki, bu müqavilənin imzalanması ilə neft strategiyamızın təməli oldu və Azərbaycan yeni inkişaf dönəminə qədəm qoydu.Yəni, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan və sonrakı illər ərzində böyük uğurla həyata keçirilən bu tarixi müqavilə gənc, müstəqil Azərbaycanın sürətli inkişafına böyük təkan vermiş oldu”.
Tahir Rzayev həmçinin deyib ki, hər bir millətin ən böyük sərvəti onun istiqlalı, siyasi müstəqilliyidir: “Lakin tarix göstərir ki, gənc, müstəqil dövlətlər üçün təkcə siyasi müstəqillik əldə etmək kifayət etmir. Belə ki, hər bir gənc dövlətin güclənməsi üçün iqtisadi müstəqilliyin təmin olunması hava-su kimi zəruridir. Dahi siyasətçi Heydər Əliyev bu vacib amili hər zaman diqqətdə saxlayırdı. Əmin idi ki, “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın siyasi süverenliyi ilə yanaşı, iqtisadi müstəqilliyini də gücləndirəcək. Bu gün xoşbəxtlikdən ulu öndərin Azərbaycan xalqıının parlaq gələcəyinə xidmət edən müdrik siyasi kursu Azərbaycan dövlətinin, xalqımızın hazırkı lideri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Reallıq budur ki, Azərbaycan hazırda təkcə regionda deyil, eləcə də bütün dünyada sürətlə inkişaf edən bir dövlətə çevrilib. Eyni zamanda, ölkəmizdə çox ciddi sosial-iqtisadi islahatlar həyata keçirilməkdədir. Əhalinin həyat səviyyəsi ildən-ilə yaxşılaşır. Ölkədə pensiya və əmək haqları əhəmiyyətli dərəcədə artırılır, yeni iş yerləri yaradılır və.s. Sözsüz ki, bütün bunlar 25 il öncə bağlanan “Əsrin müqaviləsi”nin nəticələrində doğan yüksəlişdir. Bu müqavilə hələ uzun illər əhəmiyyətini itirməyəcək və bundan sonra da neçə-neçə onillər, qərinələr boyu Azərbaycan xalqının rifahına, istiqlalına xidmət edəcək”.