“Hazırda Kəlbəcərdə hərbi hospitalın qurulması hazırlıqları gedir” – müsahibə

17:58 27.11.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Huner Group” un nümayəndəsi Nəsimi Paşayevin hafta.az-a müsahibəsi

- Nəsimi müəllim, Vətən müharibəsi başlayanda hər kəs müxtəlif formada ordumuza öz dəstəyini nümayiş etdirməyə çalışdı. Siz də bu müddət ərzində yaralıların təxliyəsi, onlara tibbi yardımın göstərilməsi kimi vacib bir missiyanı üzərinizə götürmüşdünüz. Maraqlıdır, bu işdə iştirak etmək ideyası necə yarandı?

-Bildiyimiz kimi, Vətən müharibəsində müxtəlif qurumlar və şirkətlər ordumuza öz dəstəyini göstərməyə çalışdılar. Biz də Huner Group şirkəti olaraq öz dəstəyimizi göstərmək üçün Müdafiə Nazirliyinə rəsmi müraciət ünvanladıq. Müraciətdən bir gün sonra nazirlikdən qəbul cavabı gəldi və həmin cavabda bildirilirdi ki, Gəncə hərbi hospitalına gedib yardım edə bilərsiniz. Biz də 4 TTY avtomobili, 4 sürücü, 4 həkim və 4 feldşer olmaqla 12 nəfərlik heyətlə Gəncəyə yollandıq. Heyətimizlə birlikdə bir aya yaxın müddətdə burada 24 saat xidmət göstərdik, ön cəbhədən gətirilən yaralılara ilkin tibbi yardım etdik, onların müxtəlif xəstəxanalara daşınmasında, ağır yaralıların demək olar ki, hər gün Gəncə şəhərindən Bakı hərbi hospitallarına çatdırılmasında aktiv iştirak etdik. Bütün yaralılara xüsusi qayğı ilə yanaşan personal yorulmadan gecə-gündüz fəaliyyət göstərdi, çətin şəraitdə tibbi əməliyyatlar həyata keçirdi.Oktyabrın 26-da bizə - Gəncə hərbi hospitalının heyətinə işğaldan azad olunmuş rayonlarımızda səhra hospitalının yaradılması ilə bağlı tapşırıq gəldi. Bu tapşırığa əsasən, Huner Group-un təsisçisi Ehtiram Quliyevin və şəxsən mənim idarə etdiyimiz iki ədəd təcili yardım avtomobili, səhiyyə işçilərimizlə birlikdə Qubadlı rayonunun Xanlıq kəndinə yola düşdük. Verilən tapşırığa əsasən, Gəncə hərbi hospitalının öz imkanları daxilində məntəqə tipli bina seçdik və burada səhra hospitalının yaradılmasına başlandı. Hospitalda iki əməliyyatxana, sarğı otağı, rentgen və USM aparatları ilə təchiz olunmuş müayinə otağı və beş müalicə çadırı quruldu. Binada müxtəlif ölçülü generatorlar quraşdırılaraq tam işıq təminatı təşkil edildi. Geyim ləvazimatı, qida təminatı, gecələmək üçün münasib yerlərin müəyyən olunması və digər bu kimi ehtiyaclar yüksək səviyyədə qarşılanırdı. Burada gecə-gündüz xidmət edən heyətimiz xüsusi peşəkarlıq göstərərək Xanlıq kəndinə yaxın istiqamətdəki cəbhə xəttindən gətirilən yaralıları qarşılayır, ilkin yardım göstərir, müxtəlif tipli cərrahi əməliyyatlar həyata keçirirdi. Biz isə vəziyyəti stabilləşən yaralıları təcili yardım avtomobilləri ilə Horadiz qəsəbəsində yerləşən hospitallara daşıyırdıq.

-Siz həm də Şuşa işğaldan azad olunduqdan sonra bu şəhərə ilk səfər edənlərdən biri oldunuz. Bu səfər həyata keçirdiyiniz missiya çərcivəsində idimi?

-Bəli. Şuşa uğrunda döyüşlər başladıqdan sonra Gəncə hərbi hospitalının şəxsi heyətinə Şuşa şəhərində hərbi hospitalın açılması ilə bağlı yeni tapşırıq verilir. Noyabrın 8-də Şuşanın işğaldan rəsmən azad olunması ilə əlaqədar hazırlıqlar daha da sürətləndirildi. İkisi Huner Group-un olmaqla ümumilikdə üç ədəd təcili tibbi yardım avtomobili və tibb işçiləri ilə birlikdə çox çətin şərtlərlə, ordumuzun meşə ərazisindən açdığı xüsusi Böyük Tağlar-Şuşa yolu ilə iki gün ərzində şəhərə daxil ola bildik. Münasib bina təyin etdikdən sonra Şuşa şəhərində yeni hərbi hospital yaradıldı və yaralıların qəbuluna başlanıldı. 28 ildən sonra Şuşada ilk əməliyyat həyata keçirildi və heyətimiz tərəfindən minaya düşərək ağır yaralanan əsgərimizin ayağında cərrahi əməliyyat aparıldı. Daha sonra əsgərlərimiz və heyətimizlə birlikdə Şuşada ilk cümə namazını qıldıq. Bir neçə gün davam edən əməliyyatlardan sonra Kəlbəcərdə eyni tipli hospitalın yaradılması ilə bağlı bizə növbəti tapşırıq gəldi. Beləliklə də burada yaradılmış hərbi hospitalı digər korpusun tibbi heyətinə təhvil verərək Şuşanı tərk etdik, Gəncə şəhərinə qayıtdıq. Kəlbəcərdə yeni hospitalın yaradılması üçün hazırlıq işlərinə başlasaq da Ermənistanın müraciəti əsasında noyabrın 15-i təhvil verilməli olan Kəlbəcər rayonun boşaldılması ayın 25-nə qədər təxirə salındı. Ona görə bizim tibbi heyətimiz Gəncə hərbi hospitalında və Qubadlıda yaradılan səhra hospitalında fəaliyyətini davam etdirməli oldu. Hazırda 2 TTY avtomobilimiz Gəncədə xidmətini davam etdirir.

- Artıq Kəlbəcərin Azərbaycana təhvil verilməsi başa çatıb. Orada hərbi hospitalın qurulması nəzərdə tutulurmu?

-Hazırda Kəlbəcərdə hərbi hospitalın qurulması hazırlıqları gedir. Biz də bir neçə günə 2 avtomobillə həkim heyətiylə ora gedəcəyik.

-Vətən müharibəsində yaşadığınız ən yaddaqalan hadisə hansı oldu?

-Əslində bütün hadisələr yadımdadır, yaddan çıxmaz uzun müddət. Amma 28 ildən sonra Şuşaya ayaq basmaq, 28 ildən sonra Şuşada hərbi hospital açıb əməliyyat həyata keçirmək , Şuşada 28 ildən sonra Gövhər Ağa məscidində əsgərlərlə birgə ilk cümə namazının qılınmasında iştirak etmək inanılmaz hisslərdir və uzun illər də yaddan çıxmayacaq.

Oxunma sayı 295