Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz - İlham Əliyev

20:38 28.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də açılışı baş tutan “Yeni klinika” tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra xəstəxananın kollektivi ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib:

"Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz. Ona görə əvvəlki dövrlərdə qəbul edilmiş bütün qərarlar vəziyyətə uyğun verilirdi, o cümlədən ictimai iaşə obyektlərinin iş qrafikinin məhdudlaşdırılması da. Çünki biz başa düşürük ki, insanlar artıq buna öyrəşib, bəzi insanlar artıq öz evlərində yemək bişirmirlər, gedirlər ictimai iaşə obyektlərində qidalanırlar. Biz başa düşürdük ki, bəri başdan bu obyektləri bağlamaq olmaz. Biz tədricən bunu etdik, iş rejimini məhdudlaşdırdıq. Amma indi görürük ki, bu obyektlər koronavirus xəstəliyinin yayılmasında əfsuslar olsun böyük rol oynayır. Ona görə sabahdan etibarən bu obyektlər öz fəaliyyətini dayandırır. Biz bu elanı dünən axşam verdik ki, o obyektlərin sahibləri üçün müəyyən vaxt olsun, öz işlərini sahmana salsınlar, öz obyektlərinin fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görsünlər. O cümlədən ticarət obyektlərinin sahiblərinə də bir gün yarım vaxt verildi ki, öz işlərini sahmana salsınlar. Ona görə biz hər bir qərarı qəbul edərkən həm xəstələri, həm sahibkarları, həm də işləyən insanları düşünürük ki, bu vəziyyətdən az itkilərlə çıxaq.

Əlbəttə, koronavirus ölkə iqtisadiyyatına da böyük zərbədir. Bizim iqtisadiyyatımız yanvar-fevral aylarında çox yüksək templərlə inkişaf edib. Təkcə onu demək kifayətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 6,7 faizdir. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Qeyri-neft sektorunda sənaye istehsalı isə 21,7 faiz artıb. Mən düşünürəm ki, bu, rekord göstəricidir. İnflyasiya 2,8 faizdir, əhalinin gəlirləri 9 faiz artıb. Yəni, bu artım inflyasiyanı böyük dərəcədə üstələyir. Orta əməkhaqqı əhəmiyyətli dərəcədə artıb. Azərbaycana gələn turistlərin sayı yanvar-fevral aylarında 18 faiz artıb. Onu da nəzərə almalıyıq ki, son 5 il ərzində turistlərin sayı ardıcıllıqla artıbdır. Yəni, bütün bunlara indi elə bil ki, ara verilir. Əlbəttə ki, indiki şəraitdə bütün ölkələr böyük iqtisadi çətinliklərlə üzləşirlər. İnkişaf etmiş ölkələrin dövlət, hökumət başçıları artıq açıq bəyan edirlər ki, bu xəstəlik çox ciddi böhrana gətirib çıxaracaq. Eyni zamanda, aparıcı beynəlxalq maliyyə qurumları da artıq açıq şəkildə bəyan edirlər ki, bu xəstəlik və onun törətdiyi və törədə biləcəyi fəsadlar 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Dünya iqtisadiyyatına böyük zərbə vurulubdur. Üstəgəl neftin qiyməti iki dəfədən çox düşdü və 24 dollar səviyyəsindədir. Bu, əlbəttə ki, bizim üçün böyük itkilərə gətirib çıxaracaq. Ancaq bizim əvvəlcədən qəbul edilmiş qərarlar əsasında gördüyümüz işlər hesab edirəm imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək.

Amma hər kəs başa düşməlidir ki, dünya yeni dövrə qədəm qoyub. Bu, nə qədər davam edəcək heç kim bilmir. Xəstəlik nə qədər davam edəcək heç kim bilmir. Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmirik. Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq".

Siyasət rubrikasından digər xəbərlər