“Ordu öz sözünü dedi və üzərimizdən o ləkəni təmizlədi” - Əli Əliyev

16:34 19.10.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dünya dövlətlərinin, beynəlxalq  təşkilatların  30 ildir Ermənistanın Azərbaycan torpaqlarında apardığı terror və hərbi əməliyyatlara qarşı biganə yanaşması, işğalçıya qarşı hər hansı təzyiq göstərmədən etdiyi çıxışlar ağlasığmaz göründüyü qədər, bu qurumlara qarşı o dərəcədə etibarsızlıq, inamsızlıq yaradır.  

Dünyanın bu gün də ermənilərin Gəncədə törətdiyi genosid hadisəsinə gözlərini qapaması xüsusilə qəbul olunmazdır. Belə bir vəziyyətdə Azərbaycan Ordusunun, Ali Baş Komandanın əmri ilə öz haqq işini bərpa etməyə qalxması, həm də dünyaya bir mesajdır.

Bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev maqarlı nüanslara diqqət çəkib.

-Əli bəy, ümumilikdə cəbhədəki mövcud durumu necə dəyərləndirərdiz?

-Ordumuzun cəbhədəki uğurları çoxdan gözlədiyimiz hadisədir. Nəhayət ki, bu baş tutdu və buna yalnız sevinmək olar. Ordu öz sözünü dedi və üzərimizdən o ləkəni təmizlədi. Ümumiyyətlə, mənə görə bu, 200 illik məğlubiyyət silsiləsinin yekunudur. Hesab edirəm ki, bu 200 il ərzində Azərbaycan torpaqlarının mənimsənilməsi hərəkatının durdurulması baş verdi. Biz bu prosesi Qarabağın işğaldan azad olunması kimi qavrasaq da, tarixə baxanda bu, son 200 ildə ən böyük qələbəmizdir. Bu, artıq insanlarımzın şüurunda, insanlarımzın özünə güvənində çox ciddi psixoloji faktor olacaq. Ona görə hesab edirəm ki, bu proses tarixi ərazilərimizin geri qaytarılması üçün çox böyük başlanğıcdır. Buna yalnız Azərbaycan-Ermənistan müharibəsi prizmasından qiymət vermək yanlışdır.  Bu, Azərbaycan xalqının psixologiyasına Şuşanın, Xankəndinin qayıtması kimi yansıyacaqsa da, əslində azərbaycanlıların çox böyük taktiki qləbəsidir. Hesab edirəm ki, yaxın 10 illərdə zamanında malik olduğu imperiyalardakı gücünü qaytaracaq.  

-Ermənistan hərbçiləri Gəncədə ardıcıl iki dəfə soyqırım törətdi. Görünən budur ki, beynəlxalq təşkilatlar cinayətkarı nəinki cəzalandırmaq fikrində deyil, hətta başını sığallayır. Bu gün nələri müşahidə edirsiz, beynəlxalq təşkilatların Azərbaycanın haqq işinə münasibəti nədir?

-  Dünyada qalibləri sevmirlər, eyni zamanda qaliblər mühakimə olunmur. Kimin necə yanaşmasından asılı olmayaraq Azərbaycan öz haqq işini görməlidir. Ermənilərin Gəncədə, Tərtərdə, Naftalanda, Daşkəsəndə etdiyi terrorları və digər rayonlarımıza etdiyi hücumlarla yanaşı,  o ərazilərdə dinc əhaliyə qarşı yönəlmiş hüquqa sığmayan əməllərini ictimailəşdirməyi, cinayətləri dünyanın müvafiq instansiyalarında qaldırmağı bacarmalıyıq.  Düşünürəm ki, haqq-ədalət öz yerini tapacaq. Necə ki, Ukrayna üzərində vurulan, Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən və içərisində 298 sərnişinin olduğu Malayziyaya məxsus “Boeing-777” təyyarəsinin vurulması Haaqa məhkəməsinə çıxarılaraq günahkarlar cəzalandırdı, biz də eynilə Gəncədə baş verənlərə görə Paşinyanı, onun rəhbərlik etdiyi bandanı cəzalandıra bilərik. Gəncənin raketlə vurulması, Azərbaycana qarşı törədilən yeni erməni cinayəti deyil. Bu vaxta qədər də Ermənistan hakimiyyətində terrorçular oturmuşdu. İndi də Paşinyan o yolu gedir. Tarixə baxsaq, Ermənistanda hakimiyyətdə olanlar hamısı terrorçular olublar. Lakin dünya ictimaiyyəti birmənalı deyil, ona təsir etməyi bacarmaq lazımdır.  Biz öz işimizi görməliyik və dünya ictimaiyyətinə təsir etmək üçün öz təbliğatımızı aparmalıyıq. Zamanı gələndə dünya ictimaiyyəti bizimlə barışmaq məcburiyyətində qalacaq.

 Məsələn, dünya Kıprıs əhalisinin qətliamdan xilas olmasını bu gün də qəbul eləmir. Amma 1974-cü ildə Türk ordusu Kıprısa daxil olmasaydı Dağlıq Qarabağda olduğu kimi ordakı türklərə qarşı da soyqırım həyata keçirəcəkdi. Dünya bu gün də Kıprıs Türk Cumhuriyyətini qəbul etmir. Bu dünyanın problemidir və onun bu münasibəti orada yaşayan xalqa heç bir təsirini göstərmir. Ona görə də, təbii olaraq bizi dünyanın, beynəlxalq təşkilatların nə düşündüyü narahat etməməlidir.

- Yalan informasiyaların zərərsizləşməsi üçün xaricdə informasiya “istehkamlarımız” necə qurulur?

 -Mən ümumiyyətlə, atəşkəsin əleyhinə olan adamam və hesab edirəm ki, atəşkəs bizim maraqalarımıza uyğun deyil. Göründüyü kimi hər iki atəşkəs təşəbbüsü ermənilər tərəfindən pozuldu və Azərbaycan Ordusu irəliləməkdə davam edir. Hesab edirəm ki, bu gün hakimiyətdə tam olaraq məlumatlar var.

Biz siyasi partiyalar olaraq sentyabrın 27-dən başlayaraq  siyasi fəaliyyətimizi dayandırmışıq. Biz bu məsələlərdə bütün səlahiyyətləri hakimiyyətə vermişik və o, istədiyi kimi davrana bilər. Bu günə qədər  olan hadisələr də göstərir ki, hakimiyyətlə olan bu əməkdaşlıqda yanılmamışıq. Həm də görürük ki, iqtidar öz vəzifələrinin öhdəsindən layiqincə gəlir.

Azərbaycana qarşı əks informasiya hücumlarına gəlincə, hesab edirəm ki, sıravi vətəndaş informasiya müharibəsi aparmaq gücündə deyil, bu müharibə təşkil olunmalıdır.  Bütövlükdə hakimiyyət xaricdəki diasporalarla sıx işləməli və təşkil olunmalı və millətin qarşısında olan vəzifələri müəyyən edilməlidir. Bu bütövlükdə böyük fəlsəfədir.

Ümumiyyətlə, müharibə ərəfəsində aparılan informasiya məsələsində müəyyən boşluqlar var. Lakin bu gün bu məsələləri müzakirə etmək lazım deyil. Bu problemlər növbəti mərhələdə müzakirə olunmaqla aradan qaldırılmalıdır. Ona görə də biz bu gün onun üzərinə getmirik.  Lakin müəyyən ölkələrdə lazım olan informasiyanın verilməsi üçün məhz dinc dövrlərdə informasiya mərkəzlərinin yaradılmasını planlamaq lazımdır.

Oxunma sayı 228