“Ulu Öndər olmasaydı, heç vaxt hüquq fakültəsinə qəbul oluna bilməzdim” - Müsahibə

18:24 09.12.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

İnsan uşaqlıq illərində  şirin arzularla yaşayır. Zaman-zaman boy atıb böyüdükcə  qəlbində arzular da boyu qədər boy verib, böyüyür. O insan xoşbəxtdir ki, uşaqlıq arzuları reallaşır, həqiqətə çevrilir.

O cür insanlar həm də həyatda çox ağılı, bilikli və təcürbəli olurlar. Ehtiyatda olan polis polkovnik-leytenantı Şirin Məmmədov da məhz o cür simalardan biridir. Xatırladaq ki, Şirin Məmmədov 1959-cu ildə Qubadlı rayonunda doğulub, boya-başa çatıb.  Uzun müddət polis orqanlarında xidmət edib.

- Şirin müəllim, necə oldu ki, siz daxili işlər orqanında çalışdınız?

- İnsan ağlı kəsəndən arzularla yaşayır. Doğulduğum Gürcülü ucqar  dağ kəndi idi. Hələ orta məktəbdə, təxminən, 4-cü sinfdə oxuyurdum. Qardaşxan adlı polis əməkdaşı sahə müvəkkili işləyirdi.Tez-tez polis geyimində kəndimizə gələrdi. Tabel xidməti silahı olan “Makarov” tipli tapançanı üstündə gəzdirərdi. Maddım-maddım ona baxardım. Düzdür, o dövrlərdə milislərdən çəkinərdik və onlara həsət aparadıq. Mən Qardaşxanı görəndə çəkinmədən ona yaxınlaşırdım. Sahə müvəkkili çox mehriban, sadəlövh bir insan idi. Bir gün kəndimizə gəlmişdi. Çox mehribancasına, mülayim tərzdə məndən soruşdu ki, sən qoçaq və ağıllı uşağa oxşayırsan, böyüyəndə  kim olacaqsan? Cavab verdim ki, sizin kimi milis. O, polis papağını çıxarıb başıma qoydu və gülə-gülə çiynimə sağ əlini vurub dedi: demək gələcəyin zabiti… O, atamla yaxın dostluq etdiyinə görə, hər dəfə kəndin yaylaqlarına çıxanda məni də özü ilə aparırdı. Hər dəfə sahə müvəkkilini görəndə  bu sahəyə həvəsim daha da artırdı. Ona görə də orta məktəb illərində “Tarix” və “Ədəbiyyat” fənlərini yaxşı oxumağa başladım. Yeri gəlmişkən deyim ki, insan qarşısına  nəyi məqsəd qoyursa, ona çata bilər. Onun üçün də insanda səbir, güclü iradə  və dözüm olmalıdır. Qarşısına qoyduğu məqsədə  çatmaq üçün  hər cür çətinliklərə, əzaba sinə gərməlidir. Gecə-gündüz çalışdım və orta məktəbi 1975-ci ildə əla qiymətlərlə bitirib, indiki Bakı Dövlət Universitetinin tarix fakültəsinə sənəd verdim. Təəssüflər olsun ki, həmin ili konkursa düşdüyümdən ali məktəbə qəbul ola bilmədim.

- Nə üçün, sənədlərinizi hüquq fakültəsinə vermədiniz?

- O vaxt  BDU-nun tarix fakültəsini bitirənləri daxili işlər orqanlarına işləməyə göndərirdilər. Məhz bu səbəbdən də birinci ili sənədlərimi tarix fakültəsinə verdim. Lakin hüquqşünas olmaq mənim arzum idi. Ona  görə də ikinci ili daha da ciddi hazırlaşırdım. Yerigəlmişkən deyim ki, o dövlərdə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyirdi. Sənədlərimi verməmişdən əvvəl  mətbuatdan oxuyurdum və televiziyanın “Xəbərlər” proqramından görürdüm ki, ulu öndər ali məktəbləri gəzir və qəbul imtahanlarının gedişatını tam  nəzarətə götürüb.  Heydər Əliyev istəyirdi ki, ali təhsil ocaqlarında savadlı və bilikli  tələbələr təhsil alsın. O, Azərbaycanın gələcəyini işıqlı yollara aparırdı. Bu səbəbdən də savadlı kadrların yetişdirilməsinə üstünlük verirdi. Məndə  özümə inam yarandığından, sənədlərimi BDU-nin hüquq fakültəsinin qiyabi şöbəsinə verdim və yüksək balla ali məktəbə qəbul oldum.  Hərbi xidmətimi başa vurduqdan  sonra  qayıdıb təhsilimi davam etdirdim. Əgər Heydər Əliyev olmasaydı, mən heç vaxt hüquq fakültəsinə qəbul ola bilməzdim.

- İş fəaliyyətinizə nə vaxtdan başladınız?

- Hərbi xidməti başa vurduqdan sonra qiyabi təhsilimi davam etdirdim. O dövrlərdə Ulu Öndərin rəhbərliyi altında hüquq-mühafizə orqanlarında tam şəffaflıq yaranmışdı. Bilirdim ki, məni təmənnasız  daxili işlər orqanlarında işə qəbul edəcəklər. Ona görə 1979-cu ildə  ərizə ilə müraciət etdim və  polis sıralarına qəbul olundum. Elə həmin ildən polis  nəfəri kimi Bakı Metropoliteninin  Polis Şöbəsində xidmətə başladım. 1982-1993-cü  illərdə  DİN-nin İstintaq İdarəsində  müstəntiq vəzifəsində çalışdım. 1993- 2016-cı illərdə   DİN-nin Daxili Təhqiqatlar İdarəsində xüsusilə  mühüm tapşırıqlar üzrə Baş inspektor vəzifəsində işlədim və polis polkovnik-leytenatı rütbəsinə qədər yüksəldim. 2016-cı ildə yaş həddinə görə, DİO-da xidmətdən xaric olunaraq təqaüdə çıxdım.

- Sovet dönəmində daxili işlər orqanlarında işləmək asan idi, yoxsa, müstəqillik dövründə?

-  Ümumiyyətlə,  istər Sovetlər birliyi dönəmində, istərsə də müstəqilliyimiz dövründə polis  orqanlarında işləmək mənim üçün şərəfli idi. Onu qeyd etmək istəyirəm ki, sovet dövründə ölkədə tam əmin-əmanlıq idi. Keçid dövründə  ölkəmizdə  özbaşınalıqlar, xaos, hərc-mərclik yarandığından, polis orqanlarında işləmək daha da çətinləşmişdi. Buna baxmayaraq, bir polis əməkdaşı kimi üzərimə düşən işin öhdəsindən layiqincə gəlmişəm.

- Sizcə, polis əməkdaşı necə olmalıdır?

- Polis əməkdaşı sağlamdüşüncəli, düzgünəqidəli, vətənpərvər, xalqını və dövlətini sevən  savadlı, qorxmaz və cəsur olmalıdır. Yeri gəlmişkən qeyd edim ki, ölkəmiz erməni təcavüzünə məruz qaldığı dövrdən bu günə kimi polislər həmişə öndə olmuşlar. Xüsusilə vurğulamaq istəyirəm ki, ölkəmizin  əldə etdiyi   müstəqillik dövründə  Müdafiə Nazirliyinin maddi-texniki bazası formalaşdığından,  o dövrdə torpaqlarımızı erməni işğalçılarından, ancaq polis əməkdaşları qoruyurdu.  Qarabağ hadisələrində minlərlə polis əməkdaşı şəhid və əlil oldu. Nə qədər polis əməkdaşı  göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Özüm dəfələrlə Ağdam, Tərtər, Qubadlı və Laçın bölgələrinə ezam olunmuşam. Xocalının işğalına bir gün qalmış 20 gün Ağdamda  xidməti ezamiyətdə  oldum. Müharibənin ağır çətinliklərini görmüşəm. Müstəqil Azərbaycan polisi 1994-cü ildən sonra tam formalaşaraq, Dünya praktikasına cavab verən  bir orqana çevrildi. Artıq polis orqanlarında təcrübəli və savadlı hüquqşünasların sayı çoxalıb. Polisin formalaşmasında uzun müddət Daxili İşlər naziri vəzifəsində işləmiş general-polkovnik Ramil Usubovun böyük xidmətləri olub.

- Xidmət etdiyiniz dövrdə hansı polis əməkdaşlarının təcrübəsindən bəhrələnmisiniz?

- Yaxşı yadımdadır ki, 1982-ci ildə DİN-nin İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə müstəntiqlərdən ibarət böyük bir qruppa yaradılırdı. Mən də həmin qrupa müstəntiq kimi cəlb olunmuşdum. İstintaq İdarəsinin müstəntiqi vəzifəsində işləyən Elman Vəliyevlə həmin ildən tanışlığım başlandı. Onun cavan olmasına baxmayaraq, çox  savadlı və təcrübəli müstəntiq idi. Sonra onunla birlikdə çox epizodlu olan cinayət işinin istintaqını birlikdə aparmışıq. Mən onun təcrübəsindən bəhrələnərək, istintaqı öyrənib müstəntiq kimi formalaşmışam. Ondan öyrəndiyim təcrübə mənim sonrakı xidmətlərimdə də mənə çox böyük kömək olmuşdur. Sonra böyük təcrübəyə malik DİN İstintaq İdarəsinin Baş müstəntiqi Heydər Abbasovla çoxsaylı cinayət işinin istintaqını aparmışıq. Onun təcrübəsindən yetərincə bəhrələnmişəm. İstintaqda öyrəndiyim bu kimi təcrübələr mənim sonra uzun müddət Daxili Təhqiqatlar İdarəsində xidmətimə kömək olmuşdur.  Mənim də təcübəmdən bəhrəniblər.  Bu gün gənc polislərə tövsiyəm ondan ibarətdir ki, təcrübəli polis əməkdaşlarının iş prinsiplərini öyrənib tam mənimsəsinlər. Azərbaycan dövlətinə və xalqına layiqincə xidmət edən əsl polis kimi formalaşsınlar.

- Deyilənə görə, “Rembo” ləqəbli bir nəfəri siz tutub həbs etmisiniz?  

- 1992-ci ildə  Ağdamda “Rembo” ləqəbli bir şəxs quldurluqla məşğul olurdu. Onda DİN-nin istintaq idarəsində müstəntiq işləyirdim. Çox çevik olduğundan onu heç kəs tuta bilmirdi. O qədər çevik idi ki, hətta qandalı qolundan  kibrit dənəsi ilə də aça bilirdi. Rembo Oleq Quliyev adlı bir nəfərin “UAZ” markalı avtomobilini əlindən alaraq quldurluq cinayəti törətmışdı. Nə qədər axtarsalar da onu tutmaq olmurdu. Məcbur olub axtarışa özüm getdim. Səhv etmirəmsə, Ağdamın Ətyeməzdi kəndinə gedib axtarış əməliyyatı apardım və çətinliklə olsa da onu  polis əməkdaşları ilə keçirdiyimiz tədbir nəticəsində tutduq və sonra tərəfimdən həbs edildi.

- Sizin işlədiyiniz illər həm Sovetlər birliyi dövründə, həm də müstəqillik dövründə ulu öndər Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edilib. Deyə bilərsinizmi,ulu öndər xatırənizdə necə qalıb?

- Əvvəla, onu qeyd edim ki,  Heydər Əliyev ölkə rəhbəri olduğu dövrdə  daxili işlər orqanlarında xidmətə qəbul olunmuşam. Həmin dövürdə işləmək daha rahat idi. Ona görə ki, ulu öndərin hər bir sahəyə olduğu kimi, xüsusilə də hüquq-mühafizə orqanlarına göstərdiyi diqqət və qayğısı bizdə xidmətə böyük həvəs oyadırdı və işimizi asanlaşdırırdı. İşimizdə çətinlik ancaq keçid dövründə olmuşdur. Heydər Əliyev xalqın çağrışı ilə 1993-cü ili  hakimiyyətə gələndən sonra bir müddət ölkədə çətinliklər olsa da, qısa bir zamanda bütün çətinliklər aradan qaldırıldı. Heydər Əliyevin apardığı siyasət nəticəsində respublikada olan özbaşınalıqlara, qardaş qırğnına son qoyuldu. O, Azərbaycanı parçalanmaqdan xilas etdi, ölkəmizdə əmin-amanlıq yarandı və sabitlik bərqərar oldu. Yenidən boylanıb yaxın keçmişə qayıtmaq istəyirəm. Yaxşı yadımdadır,  Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işəyirdi. Onda mən 4-cü sinfi bitirmişdim. İsti yay günlərində Heydər Əliyev rayonlara səfər edərdi və  kənd zəhmətkeşləri, sadə adamlarla görüşlər keçirərdi. Bu görüşlər televiziyanın “Xəbərlər” proqramında yayımlanardı.  Mən həmişə Heydər Əliyevin səliqəli geyiminə, düz qamətinə, yerişinə, insanlarla davranışına və nitqinə heyran qalardım. Hətta insanlarla görüşlərdə ulu öndər hər bir insanın öz dilində danışardı. Müstəqillik dövründə  Heydər Əliyev bölgələrə tez-tez gedərdi. Biz də bir polis əməkdaşı kimi ictimai asaişin mühafizəsi üçün həmin bölgələrə ezam olunardıq. Həmişə arzu etmişəm ki, Heydər Əliyevi çox yaxın məsafədən görüm. Prezident seçkiləri ərəfəsində ulu öndər insanlarla görüşdüyü zaman mən də polis əməkdaşı kimi onun keçirdiyi  bir çox tədbirlərdə iştirak etdim. Gəncə, Yevlax və digər bölgələrdə Heydər Əliyevi çox yaxın məsafədən görmüşəm. İnsanlar  qarşısında  saatlarla ayaqüstə dayanıb, yorulmaq bilmədən çıxışlar edərdi. Həmişə onun qaməti şax dayanardı. Heç vaxt ulu öndərin “konspekt”dən istifadə etdiyini görməmişəm.  Çıxışı o qədər gözəl və aydın idi ki, onu dinləyən insanları özünə valeh edirdi.  Həmişə çıxışlarında toxunmadığı sahə qalmazdı. Fenomen yaddaşa malik böyük tarixi bir şəxsiyyət idi. Doğrudan da Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və banisidir. Ölkəmizi dünyaya tanıdan ulu öndər özünün dediyi kimi yerdə qalan ömrünü son nəfəsinə qədər xalqımızın xoşbəxtliyinə sərf etdi. Bu gün yaşadığımız ölkədə sabitlik, firəvanlıq onun siyasəti nəticəsində olub. Ulu öndərin layiqli davamçısı, hər bir kəsin sevimlisi olan  prezident İlham Əliyev apardığı siyasətlə Heydər  Əliyev kursunu  davam etdirir. Ölkəmiz gün-gündən inkişaf edir.