"Avropanın vergi ödəyiciləri nə zamana kimi müftəxorları saxlayacaq" - Hüquq müdafiəçisi

16:19 14.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan xaricə siyasi sığınacaq almaq üçün gedənlərin artması heç kimə sirr deyil. Siyasi sığınacaq almağa yardım edənlər də öz "ticarətlərin"i genişləndirirlər. Elə bu gün də mətbuatda geniş müzakirə olunan mövzulardan biri miqrant alveridir. 

Xəbər verdiyimiz kimi Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Belə ki, cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir.

Miqrant alverinin artması, insanlardan sui-istifadə halları ölkə üçün hansı problemləri ortaya qoyur?

Hafta.az-ın sualına aydınlıq gətirən insan hüquqları müdafiəçisi Sahib Məmmədov hesab edir ki, Almaniyada sığınacaq almış azərbaycanlıların həbsi ilə bağlı məlumat yayılsa da, o şəxslərin təqsirsizlik preziumpsiyası olduğuna görə, bu barədə nəsə bir söz demək istəmir:

“Bu məsələ neçə illərdir davam edir. Siyasi sığınacaq biznesi ilə bağlı artıq 10 ildir araşdırma yazılar yazırıq. Avropa ölkələrində elə şəxslər vardır ki, birləşib müahicir ticarəti təşkil edirlər. Mühacir olacaq şəxslərin ölkələrində qurumlarını, şəbəkələrini yaradırlar. Süni surətdə mühacir axını təşkil edirlər. Bu artıq geniş yayılmış məsələsidir, iri ticarətlərdən biridir. Bu ticarətin dövriyyəsi yüz milyonlarla təşkil edir. Mühacirlərin təşkili cinayətkarlıq kateqoriyasına aid deyil. Belə xəbərləri eşidəndə mən təəccüblənmirəm. əvvəl-axır Avropa ölkələri də bu məsələdən narahat olmalıdır. Bu Avropa ölkələrinin miqrasiya xidmətinin yararsız olması deməkdir. Bir qonşu var, çilingərdir. Almaniyada yaşayan tanışı ona deyib ki, mitinqlərə qatıl, çalış polis olan yerdə görün və gəl buradan sığınacaq al. Kimin kefi istəyir, Almaniyaya gedirdi".

S.Məmmədov bu məsələdə çıxış yolu kimi Avropanın da prosesə müdaxilə etməli olduğunu bildirdi:

“Dövlət bu işdə hansı addımları atmalıdır? Dövlət siyasi mühacir almış şəxslər barədə Avropadan onların həqiqətən saxta sənədlə, yoxsa siyasi təziqlərə məruz qalması ilə bağlı hesabat istəməldir. Bir vaxtlar var idi ki, QHT-lər vaxtında məhkəmə qərarlarını saxtalaşdırırdılar. Və belə saxta sənədlərlə gedib siyasi sığınacaq alırdılar. Görürsən ki, elə jurnalistlərdən hansısa həmişə dövləti dəstəkləyirdisə, indi mövqeyini dəyişir. Bəhanə axtarır. Bilirsən ki, daha bu da köçməyə hazırlaşır. Bəzən də adi bir adam QHT yaradır, hay-küy salır, guya ona təziqlər var. Bu tək dövlətin işi deyil, həm də Avropanın problemidir. Kim öz ölkəsində nəticə əldə edə bilmirsə gedib Avropada vergi ödəyicilərinin hesabına müftə yaşamaq istəyir. Avropanın vergi ödəyiciləri nə zamana kimi müftəxorları saxlayacaq. Sığınacaq o adama verilir ki, o, real təziq altındadır”.

Qeyd edək ki, deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin həbsi ilə bağlı mətbuata açıqlamasında deyib ki, hadisə barədə məlumatlıyam: "Ümid edirəm ki, məsələ araşdırıldıqdan sonra aydınlaşacaq.  Əlövsət Əliyev miqrantlara yalnız hüquqi yardım göstərib”.