Azərbaycan - Kuba Dostluq Cəmiyyəti, koronavirus pandemiyasının dünyanı böhrana sürüklədiyi bir vaxtda, Kubanın ABŞ tərəfindən tətbiqlənən embarqolar səbəbindən məruz qaldığı çətinliklərlə bağlı bəyanat yayıb.
Hafta.az-ın yazdığına görə, cəmiyyətin sədri, professor Arif Hüseynovun imzası ilə yayımlanan bəyanatda deyilir ki, əksər ölkələrdə olduğu kimi, Covid-19-un mənfi təsirlərinə məruz qalan Kubaya qarşı soyqırım siyasəti yürüdən ABŞ hökuməti qurbanların sayını artırmaq və adada xaos yaratmağa çalışır.
"Hazırda Kuba öz ənənəvi təchizatçılarının bəzilərindən süni nəfəs aparatlarını (ağ ciyər ventilyasiya aparatları) əldə edə bilmir, çünki ABŞ-a məxsus bir şirkət bu tibbi avadanlıqları istehsal edən iki şirkəti satın alıb. Bu aparatlar COVİD-19-a yoluxmuş ağır vəziyyətdə olan insanların müalicəsi üçün ən zəruri elementi təşkil edir. Pandemiyanın geniş vüsət aldığı bir dövrdə, BMT və bütün dünya ictimaiyyətinin əməkdaşlıq və həmrəyliklə bağlı çağırışlarına məhəl qoymayan ABŞ hökuməti, Kuba və başqa xalqlara qarşı öz soyqırım siyasətini davam etdirir.
Dünyanın ən qüdrətli dövləti COVİD-19-la mübarizə aparmaq üçün tibb işçilərinə ehtiyacı olan ölkələrə 20-dən çox tibbi dəstək briqadası göndərərək, öz tibbi personalı ilə dünyanın 60-dan çox ölkəsinə yardım göstərən bu kiçik və mübariz xalqın yaşamaq hüququnu əlindən alır.
1992-ci ildən bəri davamlı olaraq 28 ildir ki, BMT-nin Baş Assambleyası ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi iqtisadi, ticari və maliyyə sanksiyasını pisləyərək buna son qoymasını tələb edir.
Kubanın ötən ilin oktyabr ayında səsləndiyi son bəyanatı 187 ölkənin dəstəyini alıb ki, bu Beynəlxalq Birliyin praktik olaraq yekdil mövqeyi deməkdir" deyilən bəyanatda qeyd olunur ki, bununla belə, ABŞ-ın indiki hökuməti bütün bəşəriyyət üçün bu çətin vaxtlarda qardaş Kuba xalqına bərpaolunmaz zərər vuracaq yeni sanksiyalar tətbiq etməklə blokadanı genişləndirib və daha da sərtləşdirib. Bəyanat bu fikirlərlə tamamlanır:
"Azadlıq adasına qarşı tətbiq edilən blokadanı dönə-dönə pisləyirik. Bir daha diqqətinizə çatdırırıq ki, 60 ildən bəri Ağ Evin yeganə məqsədi Kuba İnqilabını məhv etməkdir və buna nail olmaq üçün heç bir yoldan çəkinmir".