"Azərbaycan jurnalistikası fəxr ediləcək bir yol gəlib" - Vüqar Zifəroğlu

16:47 19.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

22 iyul Azərbaycan mətbautının yarandığı gündür. 1875-ci ildə 22 iyul “Əkinçi”qəzeti ilə başlayan milli mətbuat ənənələrimiz bu gün də özünəməxsus inkişaf yolu keçir. Peşəsinə sadiq qalan jurnalistlərimiz vicdanla cəmiyyəti maarifləndirə bilirlər. Bu gün ölkədə mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Onların bir hissəsi daimi olaraq nəşr olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.

İyulun 22-də həmçinin, müstəqil media orqanları arasında öz dəsti-xətti ilə seçilən, Azərbaycan jurnalistikasına çoxsaylı peşəkarlar bəxş edən  “Həftə içi” qəzetinin yaranmasından da 21 il ötür.

Milli mətbuat günü münasibəti ilə hafta.az-a ürək sözlərini deyən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu hesab edir ki, jurnalistika cəmiyyəti inkişafa aparan bir qüvvədir. Bu missiyadan çıxış edərək, öz xalqımızın, öz dövlətimizin yanında durmalıyıq:

“Azərbaycan jurnalistikası, böyük bir şərəfli tarixi yol keçib. Çətinliklərə, ağrı-acılara baxmayaraq bu yolda irəliləyə bilib, inkişaf edə bilib. 20 əsrin əvvəllərində Azərbaycan jurnalistikası xalqın həm maariflənməsi, təşkilatlanması, cəhalətə, möhvümata qarşı ayılması üçün əmək sərf edib. Onun nəticəsi kimi 1918-ci ildə cümhuriyyətimiz quruldu. Cümhuriyyətimizin qurulmasında iştirak edən şəxslərin hər biri məhz həmin dövr Azərbaycan mətbuatında qələm, söz sahibi olan ziyalılarımız, maarifpərvər şəxsiyyətlərimiz olub. Azərbaycan jurnalistikası çox fəxr ediləsi bir yol gəlib. Müasir dövrə gəldikdə isə, bu gün həm ənənəvi jurnalistika, həm elektron media olsun, Azərbaycanda kifayət qədər populyarlığını qoruyub saxlaya bilib. Bu gün də inkişaf edirik. Medianın inkişafı ilə bağlı hər bir şərait yaradılıb. Dövlət qayğısı bütün mətbuatımıza göstərilir. Jurnalistlərimizin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra addımlar atılır. Mən hesab edirəm ki, Azərbaycan jurnalistikasının inkişafına əngəl törədə biləcək heç bir maneə yoxdur. Hər bir jurnalist öz öhdəsinə düşən öhdəliyi layiqincə yerinə yetirməlidir. Məsuliyyət hissimizi unutmamalıyıq. Peşə etika qaydalarına riayət etməliyik. Jurnalistika  cəmiyyətə təsir etmə gücünə malik olan sosial-siyasi institutdur. Dünyanın hər bir yerində jurnalistika cəmiyyətə təsir etmə gücünə malik olub. Ona görə də təsadüfi deyil ki, jurnalistikaya dördüncü hakimiyyət deyirlər. Biz özümüz də peşə borcumuzu layiqli, vicdanlı yerinə yetirməyə borcluyuq. Çünki hər zaman yaxşı jurnalist cəmiyyətin bir ziyalısıdır. Mən də həmkarlarımı təbrik edirəm və uğurlar arzulayıram”.