"Azərbaycan-Misir dostluğu möhkəm özül üzərində qurulub" – SƏFIR

19:34 10.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirin ölkəmizdəki səfirliyi bu ölkənin Milli Günü münasibətilə rəsmi qəbul keçirib. Dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə hər iki ölkənin dövlət himni səsləndirilib.

Misirin ölkəmizdəki səfiri Adel İbrahim ölkəsinin müstəqillik tarixindən söz açıb. Daha sonra bildirib ki, ölkəsi ilə Azərbaycan arasında dostluq əlaqələri mövcuddur. O, bundan sonra da ikitərəfli əlaqələrin inkişaf edəcəyinə əminlik ifadə edib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, Azərbaycan-Misir dostluğu möhkəm özül üzərində qurulub və potensialı çox böyükdür. O, 2007-ci ildə prezident İlham Əliyevin Misirə səfərini əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Bir az da Azərbaycan-Misir əlaqələrinin vəziyyətinə nəzər salaq:

Azərbaycanla Misir arasında tarix boyu mövcud olan əlaqələr hələ Sovet dönəmində də yüksək səviyyədə idi. Misir Azərbaycanın müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb. 4 aprel 1992-ci ildə isə diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanıb. 1993-cü ilin aprel ayından Misirin Bakıda (hazırda Misirin Azərbaycanda səfiri Adel İbrahimdir, 1994-cü ilin yanvar ayından Azərbaycanın Qahirədə səfirliyi (səfir Tural Rzayevdir) fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə Misir nümayəndələrinin dəstəyini qazanıb. Misir İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqələndirmə Qrupunun üzvüdür.

Milli Məclisdə Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 maralaq:t 1997-ci il tarixində yaradılıb və ilk rəhbəri İmamverdi İsmayılov olub. 4 mart 2016-cı il tarixindən Gövhər Baxşəliyeva işçi qrupunun rəhbəridir.

Azərbaycanla Misir arasında dostluq əlaqələrinin inkişafı hər zaman dövlət başçısının diqqətində olub. Məhz bu əlaqələri nəzərdə tutan Prezident İlham Əliyev deyib: “Əlaqələrimizin uzun tarixi var. Xalqlarımız əsrlər boyu əməkdaşlıq ediblər. Lakin yalnız müstəqillikdən sonra Azərbaycan beynəlxalq birliyin üzvünə çevrildi və biz aramızda ikitərəfli münasibətlər qurmağa başladıq. Bu günə qədər çox yaxşı nailiyyətlərimiz, çox möhkəm siyasi dialoqumuz, güclü iqtisadi inkişaf üçün yaxşı perspektivlərimiz və humanitar sahədə əməkdaşlıq imkanlarımız olub”.

Ölkələrimiz arasında dostluğu Misir prezidenti Əbdülfəttah əs-Sisi də hər zaman təqdir etməkdədir. Misir prezidentinin Azərbaycanın ünvanına dediklərindən sitat: “Ölkəmizin çətin günlərində bizə böyük dəstək verən Azərbaycanın yardımlarını heç bir zaman unutmayacağıq. Azərbaycan hansı sahədə əməkdaşlıq etmək istərsə, biz buna hər zaman hazırıq və bunu var gücümüzlə dəstəkləyəcəyik”.

Bu gün Misirin Qalyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərində 7 hektar ərazidə salınmış “Misir-Azərbaycan“ dostluq parkı mövcuddur. Şəhər mərkəzindən təxminən 50 kilometr aralıda yerləşən parka Nil çayı vasitəsilə daha qısa müddətə getmək mümkündür. Mədəniyyət və istirahət parkının mərkəzində ümummilli lider Heydər Əliyevin bürüncdən heykəli ucaldılıb.

Azərbaycan-Misir dostluq parkında kitabxana da fəaliyyət göstərir ki, ora gələnlər həm Azərbaycanın tarixi, həm də Ulu öndər Heydər Əliyevin həyatı ilə yaxından tanış olurlar.

Qeyd edək ki, Qalyubiyyə ilə qardaşlaşmış Bakının Abşeron rayonun adı da şəhərin mərkəzi küçələrindən birinə verilib.

Ərəb ölkələrindən yalnız Misirin Azərbaycanda Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

İndiyədək ölkələrimiz arasında 50-ə qədər qarşılıqlı yüksək səviyyəli səfər həyata keçirilib. Bu müddətdə ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 50-ə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində 14 Misir investisiyalı şirkət fəaliyyət göstərir. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Şirkəti ilə əməkdaşlıq edir. Son illər iki ölkə arasında iqtisadi əlaqələri gücləndirmək məqsədilə AZPROMO ilə Misirin İxracın İnkişafı Qurumu (EDA) arasında, eləcə də AZPROMO ilə Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında anlaşma memorandumları imzalanıb.

Azərbaycan Misirdən reaktiv mühərrik yanacağı, soba mazutu, onlarla adda dərman pereparatı, mebel, tikiş və toxuculuq məhsulları, parça alır, əvəzində isə yanacaq məhsulları, xalçalar, ipək məmulatlar və ərzaq satır. 

Əlaqələr turizm sahəsində də inkişaf edir və 2017-ci ildə Misirdən Azərbaycana gələn turistlərin sayı öncəki illə müqayisədə 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. O cümlədən, Qəlubiyyə Misir-Azərbaycan dostluq parkının, parkda Ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması və şəhərdə “Azərbaycan” küçəsinin açılışı, eləcə də Cənubi Sinay vilayəti ilə Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması və sair buna sübutdur.

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Misirin ölkəmizdəki səfiri Adel İbrahimi və səfirliyin, eləcə də Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin bütün əməkdaşlarını təbrik edirik.

Oxunma sayı 147
Siyasət rubrikasından digər xəbərlər