"Azərbaycan səfirliyi və SOCAR aztəminatlı ailələrə yardım göstərib" – Hüseyn Yusubov  

19:25 29.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan həmişə Azərbaycan üçün vacib ölkə olub. Çünki, xeyli məsafədə həmsərhəddir, orada yarım milyon soydaşımız yaşayır, eyni zamanda, tarixən bəxti-taleyi də eyni olub. Bu gün Azərbaycan kimi, Gürcüstanın da torpaqları separatçılar tərəfindən parçalanıb. İndi də, artıq neçə aydır dünyanı bürüyən koronavirus pandemiyası da ölkələrimizi sınağa çəkməkdədir. Amma alqışalayiq haldır ki, Gürcüstan Qafqazda, hətta region ölkələrlə müqayisədə koronavirusa yoluxma sayına görə ən az statistikaya malikdir.  Məsələn, Görcüstandakı yoluxma və ölüm faktı Azərbaycanla müqayisədə təxminən dörd dəfə aşağıdır. Maraqlıdır, bu ölkə özünü necə qoruya bilib pandemiyadan, ümumiyyətlə, pandemiya şəraitində orada vəziyyət necədir? Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovla söhbətləşdik. Gəlin birlikdə oxuyaq görək nə deyib:

- Gürcüstanda yoluxma sayının az olması hökumətin daha çevik tərpənməsi ilə əlaqədardır. Çində belə bir virusun ortaya çıxması haqda xəbərlər yayılanda, artıq Gürcüstan hökuməti qabaqlayacı tədbirlər görməyə başlamışdı. Sonra da ki, Gürcüstanda səhiyyə sistemi çox yüksək inkişaf edib və bu da pandemiya şəraitində öz bəhrəsini verir. Burada xəstəxanaların sayı kifayət qədərdir, ixtisaslı virusoloq həkimlərimiz yetərincədir.

- Necə bilirsiniz, Gürcüstanı regionlara bölsək, yoluxma və ölüm sayı daha çox hansı bölgələrin payına düşür, bu yönümdə hər hansı statistika verilirmi?

- Dəqiq və konkret rəqəm deyə bilmərəm. Onu bilirəm ki, Gürcüstan hökuməti ilk gündən hansı bölgədə ki, virus yayılmağa başlamışdı, həmin yerlərdə karantin elan etdi, ora giriş-çıxışı yasaqladı. Əlbəttə, bu ölkənin hər yerinə aid deyil. Məsələn, Kaxetiya bölgəsində demək olar ki, yoluxma halı qeydə alınmayıb. Amma Tiflisdə, Acarıstanda, Rustavidə və sair yerlərdə daha çox yoluxma faktı məlumdur. Borçalı bölgəsində də, Azərbaycan və Ermənistanla həmsərhəddir, üstəlik, İrandan da gələnlər vardı deyə, virusa yoluxma halları çox olub.  

- Gürcüstanda çox sayda azərbaycanlı yaşayır. Əvvəla hazırda onların bütün ölkə üzrə sayı nə qədərdir və pandemiya onlara necə təsir edib: ziyan çoxdurmu, yoluxan və ölənlər arasında sizcə neçə nəfər azərbaycanlı olar?

- Bildiyimizə görə, Gürcüstanda yarım milyonadək azərbaycanlı yaşayır. Təbii ki, pandemiyadan onlar da təsirləniblər. Şəxsən məndə olan məlumata görə, bir azərbaycanlımız bu virusun qurbanı olub. Hətta bəlkə də iki nəfər. Amma onu dəqiq bilirəm ki, virusa yoluxan bir neçə azərbaycanlı artıq sağalaraq evlərinə qayıdıb.

- Araşdırsaq, ölkənizdə xeyli sayda milli təşkilatlarımız var. İndiki pandemik şəraitdə həmin təşkilatlar azərbaycanlıların maarifləndirilməsi, hər hansı formada gündəlik sosial ehtiyaclarının ödənilməsi və sair şəklində addım atıblarmı? Ola bilər ki, Azərbaycan təşkilatları hansısa kasıb insanlara ərzaq, maddi vəsait və sair formada dəstək vermiş olsun...

- Əlbəttə ki, Gürcüstan cəmiyyətinin bir hissəsi olan biz azərbaycanlılara məxsus siyasi-ictimai təşkilatlar, media orqanları və sair pandemiyanın ilk günündən soydaşlarımızı marifləndirməklə məşğuldur. Şəxsən rəhbəri olduğum Gürcüstan Azərbaycanlıları Konqresi dövlətin pandemiya ilə bağlı qəbul etdiyi bütün qərarların mətnlərini azərbaycancaya tərcümə edərək soydaşlarımız arasında paylayıb. Konqresimizin əksər kəndlərdəki nümayəndəlikləri bu işdə çox fəal rol oynayıblar. Bununla yanaşı, bir sıra təşkilatlarımız, o cümlədən, Gürcüstan Azərbaycanlıları Konqresi imkansız ailələrə ərzaq yardımı paylayıb. Belə demək mümkündürsə, əlimizdən nə gəlirsə, etməyə çalışmışıq.

- Gürcüstan azərbaycanlıları bu ölkənin qanuni vətəndaşları olduğu üçün əlbəttə ki, məsuliyyəti də öz hökumətiniz daşıyır. Buna baxmayaraq, Azərbaycanın Gürcüstandakı səfirliyi siz soydaşlarımızın vəziyyəti ilə maraqlanırmı, milli təşkilatların rəhbərləri ilə hər hansı formada görüş, müzakirə filan aparılıbmı?

- Bilirsiniz, biz azərbaycanlılar da Gürcüstan dövlətinin tam bərabərhüquqlu vətəndaşlarıyıq. Bu baxımdan dövlətin bütün xalq üçün nəzərdə tutduğu yardımlardan azərbaycanlılar da faydalanıb. Dövlət təkcə ərzaq paylamayıb, aşağı gəlirli ailələrə maddi dəstək də verib və sair. Azərbaycan isə yaxın və böyük qonşu, strateji tərəfdaş olaraq bu məsələdə ilk gündən Gürcüstanın yanında olub. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bir sıra bölgələrə baş çəkərək, insanlarla görüşüb, onlara yardım göstərib. O cümlədən, SOCAR-ın əməkdaşları da. Onu da qeyd edim ki, istər səfirliyimiz, istərsə də SOCAR, yalnız azərbaycanlılara deyil, millətindən asılı olmayaraq bütün ölkə vətəndaşların yardım göstəriblər.

- Ümumdünya Səhiyyə Təşkilatının saytına baxıram, Gürcüstan pandemiyadan əziyyət çəkən 200 ölkənin siyahısında 118-ci yerdə qərarlaşıb. Bu isə o deməkdir ki, ölkənizdə vəziyyət o qədər də ağır deyil. Bu vəziyyətə görə səhiyyənizin inkişaf etməsinə borclusunuz, yoxsa hökumətin daha çevik və məqsədli planlar həyat keçirməsinə? Ya da ola bilər ki, gürcülər daha nizamlıdırlar, özlərini qoruya biliblər...

- Gürcüstanın bu sahədə belə böyük uğur qazanmasının əsas səbəbkarları həkimlərimizdir. Eyni zamanda, ilk gündən hökumət rəsmilərinin, elm adamlarının və tibb mütəxəssislərinin daxil olduğu Koordinasiya Şurası yaradılıb ki, bütün qərarlar orada verilib. Hətta deyərdim ki, bir müddət ölkəni məhz həmin Şura idarə edib. O cümlədən, Nazirlər Kabineti də Koordinasiya Şurasının qəbul etdiyi qərarlar əsasında fəaliyyət göstərib. Çox ciddi nəzarət mexanizmi yaradılmışdı və biz bütün bunlar üçün minnətdarıq hökumətimizə. Bu yerdə xatırladım ki, ilk aylar xalqımız üçün çox ağır keçib. Amma hər zaman dövlət vətəndaşının yanında olub. Bu prosesdə bələdiyyələrə əhsən deməliyəm. Çünki bütün şəhər və kənd bələdiyyələri mütəmadi şəkildə ailələrlə maraqlanıb, ərzaq və sair yardım ediblər. Gürcüstandakı din sektoru da, o cümlədən, Gürcüstan Müsəlmanları İdarəsi insanlara ərzaq yardımı paylayıb.

- Gürcüstan pandemiyadan qorunmaq üçün hansı ölkələrdən tibbi və sair dəstək almaqdadır? Azərbaycan dövləti sizə hər hansı formada yardım edibmi və ya bu xüsusda Azərbaycandan gözləntiləriniz varmı?

- Pandemiya dövründə Gürcüstan Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edib. Bununla yanaşı, ABŞ və Avropa İttifaqından bizə pandemiya ilə mübarizə məqsədilə davamlı maddi dəstək verilib. Bildiyim qədər, elə indi də Avropa İttifaqı tərəfindən köməklik göstərilməkdədir.

Oxunma sayı 4206