"Azərbaycanı uzaqdan hiss edərək yaşayıram"- Nigeriyada yaşayan Billurə Bernardla müsahibə

15:04 02.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanı uzaqdan hiss edərək yaşayıram. Azərbaycan məndən uzaqda olsa da, qəlbimə çox yaxındır. Vətən həsrəti günün xoş keçməsi ilə bağlı bir hiss deyil, ağır hissdir. Bunu vətəndən kənarda yaşayanlar daha yaxşı bilər. Hərdən düşünürəm ki, virusa yoluxub, burada həyatımı itirsəm görəsən necə olar?

Bunu hafta.az-a Nigeriyada yaşayan Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramova-Bernard ilə söhbətimiz zamanı dedi. Müsahibəni təqdim edirik.

- Billurə xanım, siz Azərbaycandan çox uzaqda, Nigeriyada yaşayırsınız. Orada vəziyyət necədir?

- Nigeriyada da vəziyyət hər yerdə olduğu kimidir. Karantin rejiminin beşinci həftəsini yaşayırıq. Koronavirus pandemiyası nigeriyalıları da qorxuya salıb. Nigeriyada da son günlər virus daha geniş yayılmağa başlayıb. Buna səbəb son həftə karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Yerli insanlar əvvəlki kimi küçələrdədir, xarici vətəndaşlar müəyyən qədər özünü qorumağa çalışırlar. Həftədə bir dəfə supermarketlərə gedirik. Evə çatdırılma da təşkil olunub. Burada bir çox insanlar küçədə satışla məşğuldurlar və ya günəmuzd çalışanlar var. Yəni günəmuzd işləyənlər gündə bir dollar qazanırlar. Karantin müddəti belə insanlar üçün çox çətindir. Belə olsa insanlar dövlətə qarşı da çıxa bilərlər. Ac insan necə ola bilər?..

- Bildiyiniz kimi, Afrika ölkələrində pandemiyanın yayılması digər ölkələrlə müqayisədə azdır. Necə düşünürsünüz, bu xoşbəxtliyin səbəbi nə ola bilər?

- Xeyr, Afrikada pandemiyanın yayılması az deyil. Sadəcə, Afrika ölkələrində düzgün statistika aparmaq mümkün deyil. Nigeriyada 200 milyon əhali var. Bizim yaşadığımız şəhərdə 20 milyon, qeyri-rəsmi məlumatlara görə 25 milyon əhali yaşayır. Bu insanları heç test də etmirlər. Bildiyimə görə 15 min insanı test ediblər. 200 milyon əhali üçün bu rəqəm çox kiçikdir. Testlər yalnız varlılar üçün nəzərdə tutulub. Kasıb təbəqə həmin simptomlarla getsə belə, malyariya və digər xəstəlik olduğunu deyirlər. Çünki xəstələri qəbul edəcək şərait yoxdur. Çadırlar qurulub, xəstəxanalar da var. Amma insanların yatması üçün çarpayı sayı çox azdır. Şərait yüksək deyil. Burada yayılma çoxdur, insanlar sıx şəkildə yaşayır. Ən qorxduğumuz an pandemiyadan sonra işə geri dönməyimiz olacaq. Bizdə də karantin mayın 4-də bitəcək.

- Belə bir vaxtda Azərbaycandan ayrı yaşamaq necə hiss olunur, vətən həsrəti nə zaman insanı darıxdıra bilər?

- Böyüdüyün ölkədən uzaqda yaşamaq çox çətindir. Tez bir zamanda adaptasiya olan insanam. Buna baxmayaraq vətən həsrəti çəkməmək də mümkün deyil. Laqosda yeganə azərbaycanlı mənəm. Bir xanım da var idi, amma o bu şəhərdən çıxıb getdi. Abucada azərbaycanlılar var. Mən Azərbaycanı uzaqdan hiss edərək yaşayıram. Azərbaycan məndən uzaqda olsa da, qəlbimə çox yaxındır. Vətən həsrəti günün xoş keçməsinə bağlı bir hiss deyil. Ağır hissdir. Bunu vətəndan uzaqda yaşayanlar daha yaxşı hiss edə bilər. Hərdən düşünürəm, virusa yoluxub, burada həyatımı itirsəm, görən necə olar? Bilmirəm, Avropa və başqa yerlərdə bu virusdan həyatını itirənlər necə dəfn edilir. Uzaqda yaşayıb, həyatını itirib ailəni, vətəni görməmək hissləri çox düşündürür.

- Təşkilatınızdan danışardınız, Azərbaycanın Dostları Təşkilatı mahiyyətcə nələri ifadə edir, iki ölkəni yaxınlaşdırma əlaqələri hansı səviyyədədir?

- 2013-cü ildə bura gəlmişik. Nigeriyaya gəldiyim zaman yerli və xarici insanlar arasında gördüm ki, qeyri-hökumət təşkilatları var. Bu xeyriyyə təşkilatlarına qoşuldum. İşlədiyim şirkətin bəzi qadağaları var. Ona görə də çox çətin idi. Başqa ölkəyə gəlib öyrəşmək çətin olur.  İnsanların Azərbaycan haqqında bilgilərinin azlığını hiss edəndən sonra, ilk olaraq könüllü olaraq xeyriyyə təşkilatlarında çalışmağa başladım. Və Nigeriyada Fransiz təşkilatının prezidenti oldum. Ondan sonra öz təşkilatımı qurdum. Azərbaycanın Dostları  Təşkilatını təsis elədim. Paralel olaraq kiçik sahibkarlıq fəaliyyətinə də başladım. Çünki bu təşkilatı saxlamaq lazımdır. Livanlılar var. Onların çoxu erməni mənşəlidirlər. Afrika ölkələrində biznes daha çox Livanlıların əlindədir. Düşündüm ki, bizim yeməklərlə bağlı məlumatlandırmaq lazımdır. Burada xanmların çoxu işləmir. Təşkilatımız çox fəaldır. Təşkilatın mahiyyəti Nigeriya ilə Azərbaycan arasında dostluq əlaqələrini inkişaf etdirmək və bu əlaqələri diplomatik səviyyəyə gətirib çatdırmaqdır. Bu iki ölkə arasında diplomatik əlaqələr yoxdur. Səfirlik və konsulluq olmadığına görə burada yaşayan azərbaycanlılar üçün çətinlik yaradır. Sənədlərlə bağlı kifayət qədər problem olur.

- Azərbaycan başqa ölkələrdən necə görünür, yaşadığınız Nigeriyada insanlar Azərbaycan haqqında nə qədər məlumatlıdırlar?

- Biz layihələr üzərində işləyirik. 2018-ci ildə iki konsert təşkil etdik. Əməkdar artist tarzan Sahib Paşazadə və istedadlı pianoçumuz Fransada yaşayan Səidə Zülfüqarova qonağımız oldu. Bizim musiqilərimizi çox bəyəndilər. Konsertdən sonra Azərbaycan mətbəxindən olan yeməklər insanlara təqdim edildi. Bundan əlavə mədəniyyət və xeyriyyə tədbirlərində Azərbaycan üçün də ayrıca stend olur. İnsanların marağı çox yaxşı olur. Media işçiləri tədbirə gələndə ilk bizim stendə yaxınlaşırlar. Qəzet və jurnallarda məqalələrim çap olunur. Televizya kanallarına çıxıb Azərbaycan haqqında məlumatlar verirəm. Yerli rəqs qrupumuz var, festivallarda çıxış edirlər. Düşünürəm ki, əlaqələr daha da yüksək səviyyə qalxacaq.

- Azərbaycana gəlirsiniz heç?

- Mən uzaqda yaşasam da, ölkə mətbuatını izləyirəm. Azərbaycana gələndə dəyişikliyi hiss edirəm. Hava limanında daxil olan zaman bu inkişafı görürük. “ASAN xidmət”in iş sistemini çox bəyənirəm. Çox gözəl bir sistem yaradılıb.

- Tanış olduğunuz xarici vətəndaşlar Azərbaycan haqqında nə düşünür?

- Azərbaycanı tanımayanlar üçün də ölkəmiz çox cazibədar görünür.  Nigeriyada maraqlanırlar. Tanımayanlar isə Əfqanıstan kimi təsəvvür edirlər. Hətta ərəb ölkələri ilə eyniləşdirirlər.

- Gələcək planlarda əbədi qalmaq, yoxsa qayıtmaq düşünürsünüz?

- Mən əslində Nigeriyada qalmaq düşünürəm. Həyat yoldaşım fransızdır. O, dönmək istəyir. Biz birlikdə qərar verə bilərik. Nigeriya elə ölkələrdəndir ki, Allah hər şey verib. Bir fəsil olsa da, suyu, günəşi var. Təəssüflər olsun ki, əbədi burada qalmayacağıq. Gələcək planlardan asılıdır.

Oxunma sayı 578