"Azərbaycanla Misir arasında əlaqələrin inkişafına töhfə vermək niyyətindəyəm" - Baş katib

10:45 10.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İslam Universitetləri Assosiasiyasının baş katibi professor Üsəmə əl-Abd ilə görüşüb.

Hafta.az yazır ki, görüşdə Azərbaycanla Misir arasında bütün sahələrdə əlaqələrin inkişafından söhbət açılıb. Bildirilib ki, xüsusilə də son vaxtlar Azərbaycana gələn misirli turistlərinin sayının artması bu ölkələrimiz arasında əlaqələrin inkişafının bariz nümunəsidir.

Professor Üsəmə bildirib ki, şəxsən o, Azərbaycanla Misir arasındakı əlaqələrin inkişafına töhfə vermək niyyətindədir. "Əlimdən gələni edəcəyəm ki, Azərbaycan universitetlərinin dünyanın aparıcı universitetləri ilə əlaqələri genişlənsin, yaxın gələcəkdə Azərbaycan universitetləri bu böyük beynəlxalq təşkilata üzv qəbul olunsun”, - deyə o, əlavə edib.

Misirli professor deyib ki, İslam Universitetləri Assosiasiyasının əsas məqsədlərindən biri də müsəlman ölkələrindəki təhsil ocaqlarını əlaqələndirmək, onların arasında münasibət qurmağa yardım göstərmək, müvafiq tədbirlər keçirməkdir.

Qeyd edək ki, bu assosiasiya 1969- cu ildə təsis olunub və baş ofisi Qahirədə yerləşir. Hazırda assosiasiyaya 200 universitet daxildir. Bu qurum bütün dünya universitetləri ilə həm elmi araşdırmalar sahəsində, həm də beynəlxalq konfransların və digər tədbirlərin təşkilində əməkdaşlıq edir.

Oxunma sayı 56