Maaşların artırılması niyə ləngiyir?

15:15 21.10.2011
Yazını böyüt
Yazını kiçilt
2011-ci ilin dövlət büdcəsi dürüstləşdirilərkən Milli Məclisdə əməkhaqqları, pensiya və müavinətləri artırılması məsələsi gündəmə gəlmişdi. Həmin müzakirlərdə hökumət nümayəndələri də əməkhaqqlarının tezliklə artırıla biləcəyini istisna etməməmişdilər. Hətta büdcədə bununla bağlı lazım olan qədər vəsait də nəzərdə tutulub. Həmin ərəfədə maliyyə naziri Samir Şərifov da bu məsə ilə bağlı dəqiq maliyyə sənədlərinin hazırlanacağını və maaşların artırılacağı söyləmişdi.
Xatırladaq ki, pensiya və müavinətlərin, eləcə də büdcədən maliyyələşən təşkilatlarla çalışanların əməkhaqqlarının artırılması sentyabr-oktyabr aylarına planlaşdırıldı. Pensiya sistemində islahatlarla əlaqədar 2006-cı ilin yanvarın 1-dək pensiyaya çıxanların təqaüdü artırılsa da, büdcə təşkilatlarında çalışanlar bu artımlardan kənarda qaldı. Halbuki parlamendəki müzakirələr zamanı və ondan sonra maaşların hətta 25 faizə qədər artırıla biləcəyi söylənilirdi.
Bununla belə, ilin başa matmasına 2 ay vaxt qalmasına baxmayaraq hökumət əməkhaqlarının artırılması istiqamətində ciddi addım atmayıb və məsələ yenə də açıq qalır.

Hökumət ehtiyatlanır

Məsələyəni şərh edən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev deyir ki, dövlət büdcəsinin imkanları əməkhaqlarının artırılmasına şərait yaratsa da, artım baş vermir. Onun fikrincə, hökumətin əməkhaqqı artımına getməməsinin başlıca səbəbi 2006-cı ilin yanvar ayının 1-nə qədər pensiyaya çıxan vətəndaşların pensiyalarının yenidən hesablanmasıdır: “Düzdür, hökumət bu prosesə nə qədər vəsait xərcləndiyini hələlik açıqlamır. Ola bilər ki, büdcədə sosial xərclər üçün nəzərdə tutulan vəsaitin böyük bir hissəsi məhz bu prosesin reallaşmasına sərf olunub. Bu baxımdan əməkhaqlarının artırılması gələn ilə saxlanılıb“. Maaşların artırılmasının ləngiməsinin digər səbəbi isə hökumətin birdən-birə dövriyyəyə çoxlu vəsait daxil etməkdən ehtiyatlanması ilə əlaqələndirilir. Samir Əliyev bildirir ki, pensiya ilə yanaşı əməkhaqlarının artırılması istehlak bazarında ciddi qiymət artımlarına səbəb ola bilər.Onun sözlərinə görə, hələ yay aylarından Azərbaycanda ciddi qiymət artımı müşahidə olunur və proses qışa doğru daha sürətlənəcək:
“Maaşların artırılması qiymətlərin durmadan artmasına gətirib çıxara bilər. Çünki indi hökumət çalışır ki, ilin sonuna kimi ölkədə infilyasiya birrəqəmli həddi keçməsin. Aidiyyəti qurumlar manatın möhkəmlənməsi və infilyasiyanın birrəqəmli həddə saxlanılması üçün hər il milyonlarla manat vəsait xərcləyir. Ola bilər ki, hökumət infilyasiyanı cilovlamaq məqsədilə hələlik gözləmə mövqeyindədir“.
Yeri gəlmişkən, büdcə təşkilatlarında çalışanların məvaciblərinin artırılması məsələsi müzakirə olunan zaman Azərbaycanda orta aylıq əməkhaqqının 379 manata çatdırılması planlaşdırılırdı. Dövlət Statistika Komitəsinin məlumatına görə hazırda Azərbaycanda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 353,7 manat təşkil edir.
Ekspertlər isə hesab edirlər ki, dövlət büdcəsinin mövcud imkanları əməkhaqlarının artırılmasına imkan verir. Çünki büdcəyə edilən son əlavə və dəyişikliklər nəticəsində sosial layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcmi çoxaldılıb.
Büdcə dürüstləşdirilən zaman yerli ekspertlər də bu il əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılacağını proqnozlaşdırırdılar. Bu isə onunla əsaslandırılırdı ki, sosial müdafiə və təminat xərclərinə konkret olaraq 1,6 milyard manat vəsait nəzərdə tutulub. Həmin vəsaitin də sosial xərclərin ödənilməsinə kifayət etdiyi vurğulanırdı.

Maaşlar artırılmasa...

Samir Əliyev ilin başa çatmasına az qalmasına baxmayaraq, hökumətin əməkhaqqı artımına gedəcəyini istisna etmir. Lakin onun fikrincə, artım olsa belə, bu, kiçik rəqəmlərlə ifadə olunacaq: “Ola bilər ki, noyabr ayında təxminən 15-20 faiz artım nəzərdə tutulsun. Ümumiyyətlə, öncədən hökumətdə əməkhaqların hansı faizlərlə artırılacağına dair vahid fikir yox idi. Bəzi hökumət nümayəndələri ilin əvvəlində müzakirə edildiyi kimi əməkhaqlarının 20-25 faiz artırılmasını, bəziləri, o cümlədən Maliyyə Nazirliyi bu artımların 10-15 faiz intervalında reallaşmasını istəyir. Ola bilsin ki, tərəddüdlər də artımları yubadır“.
Ekspert hesab edir ki, hökumət əməkhaqlarının artırılmasına getməyə də bilər. Onun fikrincə, indiki məqamda əməkhaqlarının artırılması real görünmür: “Çünki qarşıdan Qurban bayramı gəlir, ardınca yeni il gəlir. Azərbaycan reallığından bayramqabağı qiymət artımı artıq ənənə halına çevrilib. Çox güman ki, hökumət bu məsələdən ehtiyatlandığından maaşların artırılmasına getməyəcək“.
Əməkhaqlarının artırılmayacağı təqdirdə, bu məqsədlə nəzərdə tutulmuş vəsaitlərin hansı istiqamətə xərclənəcəyinə gəlincə, ekspert bunun büdcə kəsirinə yönləndiriləcəyini söyləyir.

Artım üçün vəsait var

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov isə büdcəyə dəyişikliklərdə maaşlarının artırılması ilə bağlı vəsaitin nəzərə alındığını söyləyir. Onun fikrincə, əslində maaşların artırılması dövlət başçısının səlahiyyətində olan bir məsələdir və bu barədə konkret fikir söyləmək çətindir: “Ancaq büdcə dürüstləşdiriləndən sonra böyük həcmdə əlavə maliyyə xərcləri yarandı. Yeni maliyyə mənbələri hesabına bir sıra sahələrə ayrılan əlavə pulların artırılması da ötən aylarda mümkün olub. Məsələn, bu vəsaitlərin bir qismi pensiyaçıların pensiya məbləğinin artırılmasına, bir qismi isə infrastruktur layihələrinə yönəldildi“.
Bununla belə, millət vəkili söyləyir ki, büdcədən maliyyələşən təşkilatlardakı əməkhaqqı artımı ilə bağlı nəzərdə tutulan vəsaitlər hələ istifadə olunmamış qalır: “Məndə məlumat var ki, yaxın vaxtlarda həmin sahələrdə artım baş verəcək“.
Vahid Əhmədov onu da vurğulayır ki, artımın az və ya çoxluğundan asılı olaraq həmişə bu məsələdə ajyotaj yaranır. O, hesab edir ki, hökumət maaş artımını çox açıb-ağartmamaqda haqlıdır: “Çünki indi dünyada gərgin proseslər baş verir və qiymətlər sürətlə bahalaşır. Təbii ki, bu proseslər Azərbaycana da ciddi təsir göstərir. Artıq ölkəmizdə infilyasiyanın səviyyəsi 9 faizə çatıb. Bu isə o deməkdir ki, xırda bir sıçrayış infilyasiyanın ikirəqəmli olması ilə nəticələ bilər. Çünki Azərbaycan həm də xaricdən infilyasiya idxal edir. Təbii ki, idxalçı ölkələrin əksəriyyəti analoji problem yaşayırlar. Yəni, xaricdəki bahalaşma birbaşa idxalçı ölkələrdə hiss olunur. Bu baxımdan çox güman ki, hökumət dövriyyəyə çoxlu pul vəsaitinin çıxarılmasından ehtiyatlanır“.
Büdcədə sosial xərclər üçün nəzərdə tutulan vəsaitlərin digər istiqamətlərə yönləndirildiyinə gəlincə, Vahid Əhmədov bu fikirlərlə razılaşmır. Onun sözlərinə görə, hazırda büdcədə kifayət qədər vəsait var və əgər hökumət əməkhaqqını artırmaq istəyində olsa, heç bir problem yaranmayacaq.

Millət vəkili ümidli danışır

Təhsil və səhiyyə işçilərinin maaşlarının ayrıca olaraq artırılması məsələsinin təxirə salınmasına gəlincə, millət vəlili bunu həmin peşə sahiblərinin gələcəkdə dövlət qulluqçusu statusunun xüsusi növünə şamil ediləcəyi ilə əlaqələndirib. Amma Vahid Əhmədov əlavə edir ki, hələlik bu barədə hansısa qanun yoxdur və parlamentarilər belə bir sənədlə tanış deyillər: “Yəni müəllimlərə dövlət qulluqçusu statusu veriləcəyi barədə danışılsa da, ortada hansısa sənəd yoxdur. Lakin təbii ki, büdcə təşkilatlarında çalışanların əsas hissəsi müəllim və həkimlərdən ibarət olduğundan bu sahədə artım gözlənilir. Eyni zamanda, heç kimə sirr deyil ki, hazırda büdcə təşkilatlarında çalışanlar arasında aşağı əməkhaqqı müəllim və həkimlərdədir. Ona görə də böyük ehtimalla ilin sonundək bu sahədə çalışanların da əməkhaqqında artım olacaq“.
Artımların nə qədər gözlənildiyinə gəlincə, Vahid Əhmədov bu barədə konkret rəqəm söyləməyib. Ancaq onun fikrincə, artımlar kateqoriyalara uyğun olacaq.
Bu il büdcə təşkilatlarında əməkhaqlarının artırılıb-artırılmayacağını Maliyyə Nazirliyindən də dəqiqləşdirməyə çalışdıq. Lakin nazirlik rəsmiləri məsələnin dövlət başçısının səlahiyyətinə aid olduğunu əsas gətirərək bu barədə konkret fikir bildirmək istəməyiblər.
Sevinc
Oxunma sayı 129