"Bakıda 24 minədək ağır şəraitdə yaşayan ailə mövcuddur" - Rövşən Rzayev

10:35 26.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"İlk növbədə, sosial vəziyyəti ağır olan, çətin şəraitdə yaşayan məcburi löçkünlər mənzillərlə təmin olunacaq".

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, bu işlər mərhələli şəkildə həyata keçiriləcək.

"Bakıda 24 minədək ağır şəraitdə yaşayan ailə mövcuddur. Onlar məktəblər, bağçalar, yarımtikililər, yataqxanalar, pansionatlarda yaşayırlar", - deyə R. Rzayev qeyd edib.

Komitə sədri əlavə edib ki, ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq hazırda Bakıda, Abşeron ərazisində, stansiya Sumqayıt adlanan yerdə Komitə tərəfindən sosial mənzillərin tikintiləri davam etdirilir.

"Çalışacağıq ki, ilin sonunadək işləri yerinə yetirək. Bildiyiniz kimi, Prezident 7 mindən artıq ailəyə nəzərdə tutulan qəsəbələrin salınması ilə bağlı göstərişlərin verib və hazırda tikintilər sürətlə davam etdirilir. Əgər biz bu il tapşırığı icra edə bilsək, mən isə düşünürəm, biz bunu edə biləcəyik, bu minvalla bir neçə ildən sonra, təbii ki, bu problem aradan qaldırılacaq", - deyə R. Rzayev bildirib.

O həmçinin əlavə edib ki, bu il əsasən evlər Bakı şəhərində, Abşeron rayonu ərazisində paylanacaq. Bundan başqa, Samuxda da daha bir qəsəbənin salınması gözlənilir.

"Həmçinin, 50 ailəyə nəzərdə tutulan bir bina Ağdamda, 45 ailəlik 1 bina Lənkəranda və 30 fərdi ev Fizuli rayonunda tikilir. Bu, işğaldan azad zonadadır və biz tikinti işlərini tamamlayanda sonra Bakıda yaşayan 30 ailəni ora köçürəcəyik – öz doğma kəndlərinə", - deyə  R. Rzayev qeyd edib.

Qeyd edək ki, cari ilin sonunadək Abşeron rayonunda 7 min ailəlik "Qobu-3" yaşayış kompleksi tikiləcək.

Sosial rubrikasından digər xəbərlər