Azərbaycan vətəndaşları dini etiqad azadlığına malikdirlər

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

Bunun nəticəsidir ki, Azərbaycanda 570 dini qurum dövlət qeydiyyatına alınıb

ABŞ Dövlət Departamentinin son hesabatlarında Azərbaycanda guya dini etiqad azadlığı ilə bağlı problemlərin yaşandığı qeyd olunmaqdadır. Elə götürək 2010-cu ilin iyul - dekabr aylarını əhatə edən yarımillik hesabatı. Burada dünənədək dünyanın ən tolerant dövləti adlandırılan Azərbaycandakı vəziyyəti dini azadlıqların boğulduğu ölkələrdə oduğu kimi göstərməyə çalışıblar. Azərbaycanın rəsmi dövlət qurumu olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) rəsmi məlumat açıqlayıb.

DQİDK-nin açıqlamasında da bildirilir ki, bütün müasir demokratik dövlətlər kimi, Azərbaycan fikir və söz azadlığı, vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin etməyə və qorumağa çalışır. Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi, Azərbaycan hökumətinin diqqət mərkəzindədir və dövlətimiz ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı bütün səyləri dəstəkləyir. Bu baxımdan ABŞ Dövlət Departamentinin dünyada din azadlığı ilə bağlı yarımillik icmalını insan haqlarının qorunması istiqamətində göstərilən səylərdən biri kimi qiymətləndirilir.
Məsələ ondadır ki, Azərbaycanda dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan DQİDK ölkədə demokratiyanın inkişafı və genişlənməsi üçün heç də ABŞ Dövlət Departamentindən az zəhmət çəkmir. Hansı ki, Azərbaycan tərəfi bu sahədə ABŞ-ın gördüyü işləri təqdir etsə də, Vaşinqton əksinə, həmişəki kimi Bakının zəhmətini görməzliyə vurur. Məsələ ondadır ki, Dövlət Departamentinin son hesabatında yalnız “Dini demoqrafiya“ bölməsində ölkəmizdəki dini mənzərəyə dair verilmiş rəqəmlər obyektivliyə nisbətən yaxındır. “Etiqad azadlığına dövlət ehtiramının səviyyəsi“ bölməsindəki bəzi faktlar isə həqiqəti əks etdirirsə də, müəyyən məsələlərə aydınlıq gətirmək lazımdır. Bu səbəbdən də DQİDK-nin yaydığı məlumatda deyilir ki, 2009-cu ilin sentyabr ayından qanunvericiliyə əsasən, ilkin və yenidən qeydiyyatdan keçmə prosesi başlanıb. Ötən 2 il ərzində ayrı-seçkilik, ləngitmə və digər qanunsuzluqlara yol verilmədən 570 dini qurum yenidən və ya ilk dəfə dövlət qeydiyyatından keçirilib. 30 dini qurumun qeydiyyatına imtina sərəncamı verilib, lakin onlardan 2-si imtinaya səbəb olmuş nöqsanları aradan qaldırdığından, sonradan qeydiyyata alınıblar. Sənədləri qanunvericiliyin tələbinə uyğunlaşdırmaq üçün 191 islam təmayüllü dini icmanın sənədi Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) geri qaytarılıb.
Yeri gəlmişkən, DQİDK bəyan edib ki, əvvəllər qeydiyyatdan keçmiş, lakin müxtəlif səbəblərdən yenidən qeydiyyata alınmamış dini icmaların köhnə şəhadətnamələri hüquqi qüvvəsini saxlayıb və onlar hüquqi şəxs statuslarını itirməyiblər. Əgər hansısa dini qurum qeydiyyatdan keçməyibsə, deməli, bunun qanuni səbəbləri olub və bu barədə həmin dini qurum məlumatlandırılıb.
Komitənin açıqlmasında göstərilir ki, 2001-ci ildən 2009-cu ilin sentyabr ayına kimi, yəni 8 il ərzində DQİDK-də 534 dini qurum qeydiyyatdan keçmişdisə, 2009-cu ilin sentyabr ayından 2011-ci ilin sentyabr ayınadək, yəni 2 il ərzində 570 dini qurum qeydiyyata alınıb. Bundan əlavə, dini qurumların yenidən və ilkin dövlət qeydiyyatından keçmə prosesi hələ də davam edir.
Hicabla bağlı qeydlərə gəlincə, bütün demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycanda da vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz. Yəni istənilən demokratik dövlətdə məktəbli formaları mövcuddur, qız uşaqları məktəbə başlarında hicab və ya çarşaba bürünmüş formada, eləcə də digər dinlərin tələb etdiyi geyimlərdə getmirlər. Əslində getmək istəsələr də, məktəb rəhbərləri buna imkan verməzlər. Adicə bir misal göstərək: Fransa kimi dünyanın ən demokratik dövlətlərindən birində müsəlman qızları hicab geyindiklərinə görə məktəblərə buraxmırlar. Hətta bu məsələyə görə ölkədə dəfələrlə qalmaqallar baş verib, dövləti islami dəyərlərə qarşı çıxan mövqeyi üzündən məsələ dünya müstəvisində geniş müzakirələrə səbəb olub. Maraqlıdır ki, Dövlət Departamenti Parisin bu siyasətini öz hesabatına salmayıb.
“Dini etiqad azadlığı üzərində tətbiq edilən məhdudiyyətlər“ bölməsində göstərilən “Yəhva şahidləri“, “7-ci günün adventistləri“, Baptistlər, “Nehemiya“ dini icmaları yenidən dövlət qeydiyyatına alınmasalar da, əslində, müxtəlif vaxtlarda dövlət qeydiyyatından keçiblər və şəhadətnamələri hüquqi qüvvəsini indiyədək saxlayır. Yenidən qeydiyyatdan keçməmələri həmin dini icmaların ləğvi üçün DQİDK-nə məhkəməyə müraciət etmək hüququ versə də, hələlik bu hüquqdan istifadə edilməyib.
Dövlət Departamenti hesabatında belə bir məsələyə toxunulub ki, Azərbaycanda metrostansiyalarında dini ədəbiyyatların satışına məhdudiyyətlər qoyulub. Maraqlısı budur ki, ABŞ kimi inkişaf etmiş bir dövlətin icraedici hakimiyyəti hələ də bilmir ki, normal infrastruktura malik şəhərlərdə məzmunundan asılı olmayaraq kitab və jurnalların satılması üçün xüsusi yerlər və mağazalar fəaliyyət göstərir. Metrostansiyaları isə satış mərkəzi deyil, ictimai nəqliyyatın bir növüdür. Özü də daşıdığı sərnişinlərin sayı və strateji əhəmiyyəti baxımından dövlətin xüsusi qorunan obyektlərindən hesab olunur. Bu baxımdan məzmun və mahiyyəti naməlum qalan kitabların orada insanlara təqdim olunması yolverilməzdir. Yeri gəlmişkən, “Dini etiqad azadlığı haqqında“ Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3-cü hissəsinə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir. Satış məntəqələrinin yaradılması müvafiq təlimatla tənzimlənir. Bu tədbir vətəndaşlar arasında dini mənsubiyyətinə görə nifaq salan radikal ədəbiyyatın və zərərli təbliğat vasitələrinin yayılmasının qarşısını daha effektiv almaq üçün həyata keçirilir.
Konkret olaraq Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində dini ədəbiyyatın, dini əşyaların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasını təmin edir, onların istehsalı, idxalı və yayılmasına nəzarəti həyata keçirir. Zərərli dini ədəbiyyatın, yəni dinlərarası münasibətlərdə qarşıdurma yaradan, dini ekstremizmi və qeyri-humanist ideyaları, digər dinlərə qarşı dözümsüzlüyü təbliğ edən, eləcə də dini durumu gərginləşdirməyə xidmət göstərən dini ədəbiyyatın ölkəyə idxal edilməsi və yayılmasının qarşısı alınır. Dini ədəbiyyatın ekspertizası və idxalı ilə bağlı DQİDK-nin fəaliyyətindən narazılıq edən yeganə dini qurum “Yəhva şahidləri“ dini icmasıdır. Halbuki, Dövlət Komitəsi yalnız bu ilin 9 ayı ərzində adıçəkilən dini icmanın 136 adda dini ədəbiyyatı ölkəyə idxalına və çapına icazə verib. Qeyd edək ki, bu sahədə Dövlət Komitəsinin başqa heç bir dini qurumla problemi yoxdur.
“Yəhva şahidləri“ ilə bağlı Qax rayonunda keçirilən tədbirlər qanunauyğundur. Belə ki, qanunun 12-ci maddəsinə əsasən, dini qurum yalnız öz hüquqi ünvanında fəaliyyət göstərə bilər. Ümumiyyətlə, təhlillər təəssüf hissi ilə deməyə əsas verir ki, bir çox hallarda hesabatda kifayət qədər dəqiqləşdirilməmiş məlumatlar yer alıb. Departamentin əvvəlki hesabatlarını da nəzərə alaraq, qeyd etmək lazısmdır ki, bəzən faktlar kifayət qədər etibarlı olmayan mənbələrdən alınır, dəqiqləşdirilmir və müvafiq qaydada yoxlanılmadan sənədə daxil edilir.
Hesabatın bəzi hissələrində Azərbaycanda dini durumun obyektiv, real təhlilinə əsla yer verilməyib: ümumi sözlər və qiymətləndirmələr yer alıb, kifayət qədər əsaslandırılmamış fikir və məlumatlar ötən illərin hesabatlarından götürülüb. Bu isə sənədi hazırlayan şəxslərin yeni rəqəmləri aramaq istəməməsindən və ya bunun düşünülmüş şəkildə edilməsindən xəbər verir. Ancaq hesabatdakı çatışmazlıqlara baxmayaraq, DQİDK sənədi hazırlayanlara çəkdikləri zəhmətdən dolayısı minnətdarlıq bildirib. Komitə yenə bəyan edib ki, ABŞ Dövlət Departamenti və digər müvafiq dövlət strukturları ilə gələcəkdə də hər cür əməkdaşlığa hazırdır.
Vüsal Tağıbəyli