"Biz ancaq terror təşkilatlarına qarşı əməliyyat keçiririk" - Müdafiə naziri Hulusi Akar

14:25 08.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Sülh çeşməsi" əməliyyatını heç də Türkiyənin Suriya torpaqlarını işğal etməsi anlamına gəlmədiyini qardaş ölkənin iqtidarında təmsil olunan bütün şəxslər dəfələrlə bildirsələr də, terrorçu YPG/PKK təşkilatları və onları himayə edən ölkələrin rəsmiləri öz qara təbliğatlarından əl çəkmirlər. Ona görə də, Türkiyənin müdafiə naziri Hulusi Akar əməliyyatın keçirilmə səbəbinə bir daha aydınlıq gətirib. 

Müdafiə naziri CNN İnternational kanalına açıqlamasında ölkəsinin Suriya və digər qonşularının siyasi birliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib: “Biz "Sülh çeşməsi" əməliyyatını həyata keçirərkən hər hansı işğal, müdaxilə və ya başqa bir şey etmirik. Burada ancaq terror təşkilatlarına qarşı əməliyyat keçiririk”.

Hafta.az yazır ki, YPG/PKK terror təşkilatının çıxmalı olduğu ərazilərdən hələ də çıxmadığını xatırladan H.Akar qeyd edib ki, həm Rusiya, həm də ABŞ YPG/ PKK-nın bu ərazilərdən çıxarılacağını vəd edib. "Yəni onlar həm əməliyyatın keçirildiyi bölgədən, həm də həmin bölgənin şərqindən və qərbindən çıxarılmalı idi. Ancaq hələ də YPG terrorçuları tərəfindən yol verilən çox sayda pozuntu halları var və biz onlara qarşı mübarizə aparırıq. Eyni zamanda, Rusiya və ABŞ-la əməkdaşlıq edərək YPG/PKK-nı həmin ərazilərdən çıxarmalarını tələb edirik”, - nazir deyib.