"Biz uşaqları sevindirmək üçün buradayıq" - COSKF başqanı - FOTO

16:41 17.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Çocuk Oyunları Federasyonunun (COSKF) təşkilatçılığı ilə Sərhədçi İdman Olimpiya Mərkəzində "geleneksel çocuk oyunları" adlı tədbir keçirilib.

Hafta.az xəbər verir ki, tədbir çərçivəsində uşaqlar üçün türk milli, ənənəvi oyunları  təşkil olunub. Tədbirdə Türkiyənin Azərbaycandakı Səfiri Erkan Özoral, Azərbaycan Gənclər və İdman Nazirliyinin əməkdaşları, millət vəkili Sevinc Hüseynova və ölkənin media rəhbərləri iştirak ediblər.

İlk olaraq çıxış edən Gənclər və İdman Nazirinin müavini Oruc Məmmədov qonaqları təmsil etdiyi qurum adından salamladı:

“Bu tədbir Azərbaycan və Türk dünyası üçün çox mühümdür. Buraya toplaşan uşaqların sevincini artıq görmək mümkündür. Bu tədbir Azərbaycanın bir neçə rayonunda davam edəcək. Azərbaycan-Türk uşaqları arasında bir dostluq simvoludur. Mən də sizlərə təşəkkür edirəm”.

Daha sonra millət vəkili Sevinc Hüseynova çıxış etdi. Tədbirin əhəmiyyətindən danışan millət vəkilinin sözlərinə görə, hər bir insan öz həyatında bu oyunları oynayaraq, böyüyüblər:

"Konfedrasiyanın fəaliyyətini çox yüksək dəyərləndirirəm. Federasiya ilə memorandum da imzalanacaq. Bu da gələcəkdə davamlı iş birliyinə zəmin yaratmış olacaq. Azərbaycan –Türkiyə arasında dostluğun, qardaşlığın daha etibarlı olması üçün mühüm rol oynayacaq. Hər birimiz üçün vacibdir ki, bizim gənclərimiz soykökünə və tarixi ənənələrinə hörmətlə yanaşsın. Bir daha sizə uğurlar arzu edirəm".

Sonda çıxış edən Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonu Başkanı Mehmet Mutlu bildirdi ki, biz Azərbaycanda bu oyunları keçirməklə, uşaqların sevincini yaşamaq istədik:

“Çalışacağıq, Azərbaycanda bu oyunları davamlı şəkildə həyata keçirək. Yəni, digər azərbaycanlı uşaqlar da bundan məhrum olmasınlar. Onun üçün buraya gəldik. Çünki uşaqların da gülməyə, sevinməyə ehtiyacları vardır. Biz onların bu istəyini həyata keçirməklə özümüzü də xoşbəxt hiss edirik. Azərbaycan dövlətinə də təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, sonda Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonu Başkanı Mehmet Mutlu ilə millət vəkili Sevinc Hüseynova memorandum imzaladılar.