Daha bir mobil operator 3G xidmətləri üçün lisenziya alacaq

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Qısa bir müddət ərzində Azərbaycanın ən iri mobil rabitə operatoru olan “Azercell Telekom“ şirkətinə 3G xidmətlərinin göstərilməsi üçün lisenziya veriləcək. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, artıq yaxın vaxtlarda operatora müvafiq lisenziya veriləcək: “Azərbaycanın digər mobil rabitə operatoru olan “Bakcell“ şirkəti ilə də analoji lisenziyanın verilməsi istiqamətində danışıqlar aparılır“. Sözügedən məsələni şərh edən “Azercell“ şirkətinin prezidenti Əli Ağan bildirib ki, 3G xidmətlərinin göstərilməsi üçün lisenziyanın artıq oktyabr ayında şirkətə veriləcəyi gözlənilir: “Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən “Azercell“ə 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik resurslarının verilməsi barədə müsbət qərar qəbul olunub. Nazir Əli Abbasovun dediyi kimi, yaxın vaxtlarda şirkətin 3G şəbəkəsinin yerləşdirilməsi üzrə lisenziyanın alınmasını gözləyirik. Lisenziya alınan kimi “Azercell“ 3G xidmətlərinin tətbiqinə başlayacaq. Biz bu xidmətlərin göstərilməsinə artıq 3 ildir hazırıq“. Qeyd edək ki, DRİ tərəfindən “Azercell“ şirkətinə 1900-2100 MHz tezlik resursları verilib. Hazırda analoji tezliklərlə “Azerfon“ şirkəti 3G rabitə xidmətləri göstərir. Xatırladaq ki, 3G üzrə lisenziyanın dövlət tərəfindən müəyyənləşdirilən rəsmi dəyəri 11 min manat təşkil edir. 3G standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən hazırlanıb və IMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G - İnternet şəbəkəsi xidmətləri ilə yüksəksürətli mobil çıxışı, məlumatların ötürülməsi kanallarını yaradan radioəlaqə texnologiyalarını birləşdirən “üçüncü nəsil“ xidmətlər toplusudur. 3G üçüncü nəsil şəbəkələri 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/s sürəti ilə ötürür. 3G şəbəkələri videotelefon əlaqələri təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır.
Nigar