"Bu gün Azərbaycanda reklamla özünü saxlaya bilən media yoxdur" - Müşfiq Ələsgərli 

13:31 05.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son günlərdə ən çox müzakirə olunan məsələlərdən biri də mediada islahatların aparılacağı ilə bağlıdır. Ənənəvi mediaya göstərilən dövlət dəstəyinin onlayn mediaya da göstərilməsini istəyənlər öz rakuslarından çıxış etməyə başlayıblar. Mediada islahatlar hansı istiqamətlərdə aparıla bilər? Suallarımızı Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli cavablandırır. Hafta.az müsahibəni təqdim edir.

- Media sektorunda islahatlar aparılacağı müzakirə edilir. Necə fikirləşirsiz, islahatların hansı istiqamətlərdə aparılması daha doğrudur? 

- İslahatların keçirilməsinə zərurət var. Bu, əsasən üç istiqamətdə aparılmalıdır. Əslində bu iş KİV-in məsələsi deyil. Bu məsələ artıq səsləndirilir. İlk olaraq bu tənzimlənmələr Azərbaycan mediasını tənzimləyən qanunvericilikdə aparılmalıdır. Ənənəvi medianın özünün fəaliyyətini davam etdirməsi üçün qanunvericilikdə düzəlişlərə ehtiyac var. Onlayn medianın da özünü tənzimlənməsi üçün isə ya qanun qəbul edilməlidir, ya da qanunvericilikdə ciddi şəkildə dəyişiklik olmalıdır. Faktiki olaraq onlayn medianın fəaliyyəti tənzimlənməmiş qalır. Düzdür, KİV haqqında qanunun üçüncü maddəsi göstərir ki, internet üzərindən yazılan məlumatlar da KİV məhsuludur. Ümümi bir bəyannamə kimi göstərilir. Orada onlayn media qurumları necə qeydiyyatdan keçməlidirlər, hansı prinsip əsasında fəaliyyət göstərməlidirlər, hansı məsələlərdə məsuliyyət daşıyırlar və s. məsələlər aydın deyil.  Hal-hazırda Azərbaycan mətbuatında ənənəvi medianı saxlayan KİVDF-dir. Amma belə standart vəziyyətdə medianın gəlirləri reklamlardan olmalıdır. Azərbaycanda reklam sıfır səviyyədədir. Burada reklam məsələsinin həll olunması üçün inzibati mexanizmlərin qurulmasına ehtiyac var. Bundan əlavə, yayım məsələsi həll edilməlidir. Ən son islahat isə universitetlərdə jurnalistka fakultəsində peşəkar media nümayəndələrinin yetişdirilməsi ilə bağlı olmalıdır.

- Bəs beynəlxalq təcrübə nə deyir?

- Beynəlxaq praktikada bunu ayrı-ayrı təşkilatlar həyata keçirir. Onlar seminarlar təşkil edirlər. Jurnalistika sahəsində yeni bilgilərin əldə olunması üçün yeni mexanizmlər tətbiqi istiqamətində işlər həyata keçirilir. KİV sahəsində peşəkar jurnalistlər yetişdirilir. Beynəlxalq inteqrasiya üçün müxtəlif addımlar atılır.

- Onlayn media ənənəvi media kimi dövlətin dəstəyini tələb edir. Əgər həqiqətən dövlət onlayn mediaya himayədarlıq göstərərsə seçimlər necə aparılmalıdır?

- Azərbaycanda hələ ki, onlayn media ilə bağlı bu praktika yoxdur. KİV-ə dəstək konsepsiyasi bir çox ölkələrdə yoxdur. Mənim danışdıqlarım subiyektiv ola bilər...

- İslahatlar anlayışı deyirik, dövlət dəstəyi, reklam bazarının formalaşdırılması məsələsi müzakirə olunur. Sizin heç təklifləriniz olubmu?

- Praktika olaraq mən də təkliflər vermişəm. Əsasən üç ciddi məqam nəzərə alınmalıdır: Birincisi həmin onlayn media qurumları ilə bu sahədə işlər aparılmalıdır. Kimlər ki, etik kodeskə yəni, qanunvericiliyə əməl edirlərsə onlar yardım oluna bilər. Bir onlayn qurumu ola bilərsən. Amma etik kodeksə əməl etmirsənsə, heç bir yardım ola bilməz. İkincisi həmin KİV-in cəmiyyətdəki nüfuzuna, auditoriya genişliyinə diqqət etmək lazımdır. Üçüncüsu isə aqreqat və yaradıcı saytların iş prosesi nəzərə alınmalıdır. Elə saytlar var ki, başqa medianın xəbərlərini verir. O saytlara dəstək olunmalıdır ki, onlar özləri xəbər istehsalçılarıdır. Bucür müəyyən prinsiplər nəzərə alınmalıdır.

- Siz əvvəlki sualda medianın reklam və dövlət dəstəyi məsələsinə toxundunuz. Əgər dövlət dəstəyi olmasa, mətbuat öz-özünü necə maliyələşdirməlidir?

- Beynəlxalq praktikanı əsas götürsək mətbuat özünü reklamlarla maliyyələşdirməlidir. Yəni, belə bir asıllığı olmalı deyil. Bunun üçün hazırlıqlı media, geniş aiditoriyası olan sayt və qəzetlər reklamlardan gələn maliyyə ilə özlərini saxlaya bilirlər. Bu gün Azərbaycanda reklamla özünü saxlaya bilən media yoxdur. Hansısa saytın reklamdan gələn cüzi gəliri ola bilər. Lakin indiki dövrdə ya sponsor ya da başqa dəstəklərdən yararlanırlar. İlk növbədə reklam siyasəti aydınlaşdırılmalı və tənzimlənməlidir.