MDB-nin vergi orqanlarının rəhbərləri Bakıda

15:15 28.10.2011
Yazını böyüt
Yazını kiçilt
DünƏn Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının 13-cü iclası öz işinə başlanılıb. Tədbirdə Azərbaycan, Belarus, Ukrayna, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Tacikistan respublikalarının, həmçinin müşahidəçi qismində Litva və Latviyanın vergi və hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər. Vergilər nazirinin müavini Namiq Əliyev tədbirdəki çıxışında Azərbaycanın siyasi və iqtisadi uğurlarından, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. O, vergi sistemində reallaşdırılan layihələrin ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılandığını bildirib. Beynəlxalq əməkdaşlıq məsələlərinə daim önəm verildiyini vurğulayan Namiq Əliyev Vergilər Nazirliyinin digər təşkilatlarla yanaşı, Vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının fəaliyyətində də yaxından iştirak etdiyini söyləyərək, bu iclasın da ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, vergi hüquqpozmaları ilə birgə mübarizə tədbirlərinin səmərəliliyinin artırılması üçün növbəti addım olacağına inandığını bildirib. Rusiyanın daxili işlər nazirinin müavini İqor Alyoşin Vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib. Sonra tədbir iştirakçıları MDB məkanında iqtisadi təhlükəsizliyinin qorunmasında şuranın rolu, 12-ci iclasda qəbul edilən qərarların icra vəziyyəti, korrupsiya ilə mübarizə sahəsində MDB ölkələrinin vergi (təhqiqat) orqanlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də MDB ölkələrinin vergi (təhqiqat) orqanlarının cinayətkarlıqla mübarizə, birgə xüsusi əməliyyatlar və əməliyyat-axtarış fəaliyyətlərinin həyata keçirilməsi sahəsində fəaliyyətlərini müzakirə ediblər. İclasda şuranın Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Hökumət Başçıları Şurasının Qərarının layihəsinə və MDB iştirakçısı olan dövlətlərin cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq edən strukturlarının rəhbərlərinin daimi əsasda fəaliyyət göstərən Koordinasiya Müşavirəsinin yaradılması və həmin müşavirənin Əsasnaməsinin təsdiq edilməsi barədə qərar layihələrinə baxılıb. Müzakirə olunan əsas məsələlər sırasında əqli mülkiyyət hüquqlarının qorunması problemləri, saxta və keyfiyyətsiz məhsulların dövriyyəsinin qarşısının alınması, eləcə də keyfiyyətli məhsulların istehsalını təşviq edən tədbirlərin hazırlanması da yer alıb. Xatırladaq ki, vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin koordinasiya şurasının təsis iclası 1999-cu ilin may ayında Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilib. Həmin iclasda vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin koordinasiya şurasının MDB-nin sahəvi strukturu kimi tanınması barədə qərarın layihəsinin MDB Hökumət Başçıları Şurasına təqdim edilməsi qərara alınaraq, MDB Hökumət Başçıları Şurasının 30 noyabr 2000-ci il tarixli qərarı ilə Vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurası yaradılıb.
Pərvin İsmayılova
Oxunma sayı 46