"Dərslər qeyri-müəyyən müddətə təxirə salınsın"- TƏKLİF

12:27 27.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycana qonşu olan ölkələrdə - İran və Gürcüstanda koronavirusun aşkarlanması ölkədə narahatçılığa səbəb olub. Əsasən də valideynlər məktəblərdə təhsil alan övladlarının virusa yoluxa biləcəklərindən ehtiyyat edirlər.

Bəs orta məktəblərdə dərslər təxirə salına bilərmi?

Təhsil Nazirliyindən hafta.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqların icrasına dair təlimati məktub ünvanlayıb. Lakin dərslərin təxorə salınması planlaşdırılmır. 

Təhsil eksperti Kamran Əsədov isə hafta.az-a dedi ki, təhsil ocaqlarında təhlükəsizliyin, gigiyenik qaydaların təmin edilməsi daha çox məktəb rəhbərliyinin marağında olmalıdır:

Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrində baş verən bədbəxt hadisələr şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir. Bu gün ölkəmizdə 4500-dən çox orta məktəb, 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi var. Təəssüflər olsun ki, bütün təhsil ocaqlarında sanitar normalara əməl olunmur və gigiyenik vəziyyət qənaətbəxş deyil. Bununla yanaşı məktəblərdə ilkin tibbi yardımın göstərilməsi ilə bağlı ciddi problemlər var, məktəblərdəki tibb otaqlarında lazimi avadanlıqlar və preparatlar yoxdur. Son dövrlər fəsil dəyişikliyi ilə əlaqədar olaraq bəzi xəstəliklərin sayı artıb. Bu xəstəliklərə xüsusilə də, immuniteti zəif olan uşaqlar yoluxur. Əsasən də bu yoluxma məktəbdə bir biri ilə yaxın münasibətdə olan şagirdlər arasında daha çox olur. Bunun üçün də məktəb sadəcə, təhsil verməklə kifayətlənməyib, həm də şagirdlərin sağlamlığına cavabdeh olmalıdır. Hesab edirəm ki, hər gün dərs başlamamışdan öncə şagirdlər tibb bacısının müşaiyəti ilə yoxlanılmalıdır. Bundan başqa məktəbin tibb otağında ilk olaraq yod, spirt, 3 faizli hidrogen peroksid, sarğı materialları, qanaxmanı saxlamaq üçün elastik juqut, həmçinin təzyiqi ölçmək üçün monometr, tibbi iynələr olmalıdır. Bu saydıqlarım hər hansı bir hadisə baş verdiyi təqdirdə, ilkin yardımı göstərmək üçün istifadə edilir. Dünyanın bir sıra ölkələrində olan məktəblərdə vəziyyət bir az fərqlidir. Belə ki, onların istifadə etdiyi alətlər daha çoxdur. Süni nəfəs vermək üçün aparat, xəstənin boğulma halları olduqda, boğaza salmaq üçün xüsusi formalardan istifadə edilir. Həm də həmin məktəblərdə işləyən tibb bacıları xüsusi təlimlərdən keçirlər. Yaxşı olardı kı Təhsil Nazirliyi və Səhiyyə nazirliyi hər bir şagirdin qorunması çün respiratorlar təqdim etsin, məktəblərin hər gün dezinfeksiya olumasını təmin etsin".

Ekspert hesab edir ki, əgər virus təhlükəsi real olarsa, məktəblərin bağlanılması, bir neçə həftəlik tətil elan olunması zəruridir:

“Amma bu halda digər təhsil alma metodlarından istifadə olunması zəruridir. Nəzərə alsaq ki, bayram və buna görə qeyri iş günlərinin sayı çoxdur, bu zaman tədris yükünün yerinə yertirilməsində problemlər olacaq. Amma bütün hallarda hal hazırda dərsə davamiyyətin aşağı olduğunu və virus riskinin real olduuğunu nəzərə alsaq, dərsləri qeyri – müəyyən müddətə təxirə salmaq lazımdır. Düşünürəm ki, məktəblərə profilaktik qabaqlayıcı tədbirlərin görülməsi daha effektiv olacaq”.

Sosial rubrikasından digər xəbərlər