"Regionda sülhə və sabitliyə təhdid olan Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişənin davamlı şəkildə gərginləşməsi ilə əlaqədar ciddi narahatlığımı ifadə edirəm".
Hafta.az-ın yazdığına görə, bu sözləri Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov deyib. O bildirib ki, beynəlxalq humanitar hüququ çərçivəsində öhdəlikləri nəzərə alaraq, dinc şəhərlərin, sakinlərin və mülki obyektlərin atəşə tutulması qeyri-insanı və yolverilməzdir. "Bununla əlaqədar, Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını və günahsız uşaqlar da daxil olmaqla dinc əhalinin qətlə yetirilməsini ciddi şəkildə qınayıram. Həlak olanların qohumlarına və yaxınlarına başsağlığımı verirəm, yaralananlara tezliklə sağalmasını diləyirəm", - deyib səfir.
S.Abdıkarimov fikrini aşağıdakı cümlə ilə tamamlayıb: "Qazaxıstanın bundan öncə ifadə olunan və dəyişilməz mövqeyi çərçivəsində, bir daha münaqişənin sülh yolu, beynəlxalq hüquq prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının Qətnamələrinə uyğun şəkildə həllinin vacibliyini təsdiqləyirəm".