"Əl-Əzhər Universiteti azərbaycanlı tələbələrə dəstək verməyə hazırdır" - Rektor

10:07 17.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov dünyanın ən qədim və ən böyük universitetlərindən olan Əl-Əzhər Universitetinin rektoru, professor Məhəmməd əl-Məhrasavi ilə görüşüb.

Hafta.az yazır ki, görüşdə ölkələrimiz arasında tarixi, mədəni və siyasi əlaqələrdən söhbət açılıb. S.Nəsirov xalqlarımız arasında əlaqələrin  inkişafında  Azərbaycan dilinin tədrisinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bildirərək, Azərbaycan dilinin tədrisinə verdiyi dəstəyə görə professor Məhəmmədə təşəkkür edib. Diaspor sədri Azərbaycan dili və ədəbiyyatının tədrisində hər dəstəyi verməyə hazır olduğunu bildirib.

Görüşün əsas mövzülarından biri Azərbaycan İlahiyyat İnstitutu ilə Əl-Əzhər Universiteti arasında əlaqələrin qurulması olub.

Qeyd edək ki, bir müddət öncə Seymur Nəsirovun Azərbaycana səfəri çərçivəsində İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla görüşərək, İlahiyyat İnstitutu ilə Misir universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edib. İlahiyyat İnstitutunun yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında ətraflı məlumat verən Ceyhun Məmmədov ali məktəbin xarici ölkə universitetləri ilə o cümlədən Əl-Əzhər universiteti ilə əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edib.

Misirli rektor Azərbaycanın Misirlə dost və qardaş ölkə olduğunu bildirərək hər zaman Azərbaycan universitetləri ilə əməkdaşlıq etməyə və Əl-Əzhər Universitetində təhsil alan azərbaycanlı tələbələrə lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.

Rektor Əl-Əzhər Universitetində təhsil alan tələbələrə verdiyi dəstəyə görə S.Nəsirova təşəkkür edib.

Görüşdə prorektor Dr. Əşrəf Atiyya da iştirak edib.

Oxunma sayı 97