"Gələcəkdə digər abidələrimiz də UNESKO-nun siyahısında yerini alacaq" - Millət vəkili

16:39 09.07.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması xalqımızın mədəni irs tarixində mühüm hadisədir. Bu hadisə bir Azərbaycan vətəndaşı kimi, hamımızı sevindirir. UNESKO-nun Şəki ilə bağlı qərarı həm də ölkəmizin nüfuzunun və çəkisinin növbəti göstəricisidir”. Bunu hafta.az-a açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva deyib.

Deputat qeyd edib ki, ümumiyyətlə, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir: “Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Eyni zamanda, məlum olduğu kimi, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə etmişdi.Yəni, Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir”.

J.Əliyeva vurğulayıb ki, bu əməkdaşlıqda ölkənin birinici xanımı, birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmət və fəaliyyətləri misilsizdir: “Məhz onun uğurlu, səmərəli əməkdaşlığı, işbirliyi sayəsində Azərbaycan-UNSEKO münasibətləri bu gün özünün pik həddini yaşamaqdadır. Məhz bu məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin,  zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri - muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil olunub. Bununla belə, Mehriban xanım Əliyevanın 43-cü Bakı sessiyasının açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olub. Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Əminəm ki, bu kimi qərarların davamı olacaq və gələcəkdə digər maddi-mənəvi, qeyri-maddi irs nümunələrimiz UNESKO-nun Ümumdünya İsr Siyahısında yerini alacaq".