"Gəlin, ölüm cəzasının olmadığı dünyaya doğru irəliləyək!" - Kastutis Yankauskas

15:23 10.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 10-da Avropa İttifaqı və Avropa Şurası “Ölüm cəzası ilə Mübarizə Günü”nü qeyd edir. Bununla əlaqədar olaraq Avropa İttifaqının Azərbaycandakı səfiri Kastutis Yankauskasın video mesajı yayılıb.

Hafta.az-ın yazdığına görə, videomesajda deyilir ki, Avropa İttifaqı bütün hal və vəziyyətlərdə ölüm cəzasının tətbiqinə qarşı qətiyyətli və prinsipial mövqe tutur. Bütün dünyada ölüm cəzasının ləğv edilməsi qurumun İnsan Hüquqları siyasətinin əsas prioritetlərindən biridir.

“Ölüm cəzası qeyri-insani, ləyaqəti azaldan və lüzumsuz cəzadır. O, cinayətkarlığın qarşısının alınmasında effektli deyil. Sisteminiz nə qədər mükəmməl olur-olsun, ədalət mühakiməsinin yanlış həyata keçirilməsi mümkündür və bu, günahsız bir şəxsin ölümü ilə nəticələnə bilər” videomesajda deyilir.

Səfir çıxışını bu sonluqla bitirib: “Bu gün dünyada 170-dən artıq ölkə ölüm cəzasını ya yasaqlayıb, ya da tətbiqinə moratorium tətbiq edir. Azərbaycan da bu ölkələrdən biridir. Bu, yaxşı xəbərdir. Lakin qlobal səviyyədə hələ hədəfimizə çatmamışıq. Gəlin, ölüm cəzasının olmadığı dünyaya doğru irəliləyək! Bunun baş verməsi üçün Avropa İttifaqı Azərbaycanın dəstəyinə inanır”.

Siyasət rubrikasından digər xəbərlər