"İndoneziya Azərbaycana özü ilə sevgi gətirdi" - Hüsnan Bəy Fənani

19:42 23.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın ölkəmizdəki səfirliyi 4-cü İndoneziya Mədəniyyət festivalı təşkil edərək Azərbaycan xalqını dördüncü dəfə milli mədəniyyət nümunələri ilə tanış edib. Festival sentyabrın 11-də Heydər Əliyev sarayında başlayacaq və 13, 14, 15 sentyabr tarixlərində Fəvvarələr meydanında davam edəcək.

Festival ərəfəsində İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani media nümayəndələri ilə İndoneziya musiqinin sədaları altında görüş keçirib. Səfir deyib ki, hər zaman olduğu kimi, bu il də festival İndoneziya mədəniyyətinin ən gözəl nümunələrini Azərbaycana gətirəcək. “İnsanlar İndoneziya musiqisi ilə tanış olacaq, indoneziyalıların milli mətbəxi və mədəni çıxışlarından zövq alacaqlar. Ən vacibi isə odur ki, Azərbaycan xalqı İndoneziya xalqını bir az da yaxından tanımaq imkanı qazanacaq" deyib səfir Hüsnan Bəy Fənani.

Bu yerdə qeyd edək ki, festivala İndoneziyanın Təhsil və Mədəniyyət nazirliklərinin, eləcə də Gənclər və İdman Nazirliyinin nümayəndələri qatılacaq. Bundan əlavə, İndoneziyanın istehlak malları, turizm, ev əşyaları və sair sektorlarının təmsilçiləri, musiqi, rəqs və ədəbiyyat sahəsinin ən yaxşı simaları da tədbirə qoşulacaqlar.

"Jurnalistika dövlətin ayrılmaz hissəsi deməkdir. Qeyd edək ki, indoneziyalı millət vəkili Hassan Hüseyn də burdadır. O, bu günorta Bakıya çatıb və istədim ki, azərbaycanlı jurnalistlərlə o da görüşsün. Bu tədbir hər il davamlı şəkildə keçirilir və məqsəd səfirliklə azırbaycanlı jurnalistlər arasında daha sıx əlaqə yaratmaqdır. Azərbaycan Odlar Yurdudur. İndoneziya isə odlar halqası. Çünki onun ətrafında yerləşən hər adada vulkan var. Od xalqın birliyi deməkdir. Bu səbəbdən İndoneziya və Azərbaycan xalqları ayrılmazdır" deyib səfir.

Səfir bildirib ki, bu iki ölkə yalnlz odu ilə deyil, həm də tarixi və mədəniyyəti ilə öyünə bilər. “17500 adadan və 800-dən artıq etnikin birliyindən ibarət olan 270 milyonluq İndoneziya unitar dövlətdir. İndoneziya “Böyük 20-liyin” üzvüdür. İndoneziya Azərbaycanı sevir. İndoneziya Azərbaycana gəldi və özü ilə sevgi gətirdi. İndoneziya bütün sahələrdə Azərbaycanı dəstəkləyir. O cümlədən Qarabağ məsələsində. Ölkəmizin konstitusuyasında deyilir ki, azadlıq hər xalqın haqqıdır və işğal yol verilməzdir” deyən diplomat əlavə edib ki, iki həftə öncə İndoneziya parlamentinin vitse spikeri Bakıda olub, yüksək səviyyəli görüşlər keçirib. “O, hər bir görüşdə tərəfmüqabillərini əmin edib ki, ölkəmiz Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycanın yanındadır. İndoneziya həmişə Azərbaycanın qardaşı olaraq qalacaq”, – səfir vurğulayıb.

Diplomat əlavə edib ki, Azərbaycan böyük neft-qaz ölkəsidir və bir çox ölkələri yanacaqla təmin edir. O cümlədən, İndoneziya 2,5 milyon barrel illik neft ehtiyacının 2 milyon barrelini məhz Azərbaycandan alır. Baxmayaraq ki, İndoneziyanın özü OPEK-in üzvü kimi neft istehsalçısıdır. Onun fikrincə, dünyada ən keyfiyyətli neft yalnız Azərbaycandadır.

Azərbaycanın İndoneziyada səfirliyinin 2006, İndoneziyanın Azərbaycanda səfirliyinin isə 2010-cu ildə açıldığını xatırladan səfir bildirib ki, amma ölkələrimiz arasında münasibətlər bundan çox-çox illər əvvəl mövcud olub. “Şəxsən mən 2016-cı ildə bura səfir təyin olunmuşam və ola bilsin gələn il vaxtım başa çatsın. Bu müddətdə Azərbaycan mənim üçün doğma ölkəyə çevrilib. Azərbaycan xalqından ancaq qonaqpərvərlik, mehribanlıq görmüşəm” deyən səfir xalqlarımız arasında qardaşlıq əlaqələrinin daimi olacağına əminlik ifadə edib.

Çıxış üçün söz alan İndoneziya parlamentinin deputatı Hassan Hüseyn deyib ki, ölkələrimiz arasında mövcud olan dost və qardaş əlaqələri yaradanlara minnətdardır. “İnanıram ki, sevgi ilə dolu olan bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək. İki ölkə və xalq atasında qardaş əlaqələrin yaranmasında xidməti olan səfir Hüsnan Bəy Fənaniyə təşəkkür edirəm” deyib İndoneziya parlamentinin üzvü.