"Koranavirusdan qorunmaq üçün hamı evdə qalmalıdır" - Tofiq Zülfüqarov

16:48 01.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Bu dönəmdə özündə kiçik də olsa bir şübhə hiss edən adam evdə oturmalıdır ki, mənfi reaksiya ilə rastlaşmasın. Gərginliyin olması təbiidir və cəmiyyətin xüsusiyyətidir. Biri-birimizə dəstək olaq". Bunu hafta.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O, bildirib ki, koranavirusdan qorunmaq üçün hamı evdə qalmalıdır:

"Hamıya can sağlığı arzu edirəm. Xalqımızın, dövlətimizin bu sınaqdan qısa müddətdə, itki vermədən çıxması bizim üçün vacibdir. Bu da keçsin, keçmiş olsun! İnsanların təmkinli olması, nizam-intizama, tələblərə riayət etməsi çox müsbət təssürat yaradır.

Biz birilik ki, digər ölkələrdə insanların panikaya uğraması, dükanlarda, ticarət mərkəzlərində dava aparması və s. hallar müşahidə olunur. Bizdə isə belə durum yoxdur.

Ona görə, hiss edilir ki, insanlar bu mərhələni keçiblər. İctimai şüur, nizam-intizam xüsusiyyəti formalaşıb. Bir çox ölkələrdə Azərbaycanın atdığı addımlar hələ təzəlikcə atılır.

Xəstəlik təhlükəlidir, amma əsas təhlükə yaradan bu xəstəliyin iqtisadi və siyasi fəsadları olacaq. Hesab edirəm ki, koronavirusla mübarizə aparan ölkələrdə iqtisadi fəsadların olması göz qabağındadır".