Müəllimlər günü Səbail rayonunda qeyd olunub

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə tam əsaslı təmir-yenidənqurma işləri aparılan və bu il sentyabrın 15-i - “Bilik günü“ndə ölkə başçısının iştirakı ilə rəsmi açılış mərasimi keçirilən Səbail rayonundakı 6 saylı orta məktəbdə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim Günü münasibətilə rayonun təhsil işçilərinin toplantısı keçirilib. Səbail RİH-ti ictimai-siyasi şöbədən “Həftə içi“nə verilən məlumatda deyilir ki, əvvəlcə rayon rəhbərliyi və rayonun pedaqoji kollektivinin üzvləri, ictimaiyyət nümayəndələri yeni istifadəyə verilmiş orta məktəb, onun sinifləri, fənn kabinetləri, idman və akt zalları, yeməkxanası, elektron kitabxana, məktəbdə yaradılmış muzeylə yaxından tanış olub və müasir təhsil üçün burada yaradılan şəraitdən çox razı qalıblar. Məlumatda vurğulanır ki, toplantıda çıxış edən Səbail Rayon İH-nin başçısı Asif Əsgərov ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verib. A.Əsgərov onu da vurğulayıb ki, 2010-2011-cu tədris ilində rayonun orta məktəblərini 1536 nəfər bitirib, onlardan 763 nəfəri tələbə adını qazanıblar. Qəbul imtahanlarında abituriyentlərdən 167 nəfəri 500-dən yuxarı, 44 nəfəri 600-dən, 13 nəfəri isə 650-dən çox bal toplayıb, 81 məzun xarici ölkələrin ali məktəblərinə daxil olub. “Məzunlarımızdan 4 nəfəri prezident təqaüdünə layiq görülüb“.
Nahid Canbaxışlı

Oxunma sayı 137