"Maddi maraq üçün yeraltı keçidlərdə özlərini nümayiş etdirirlər"- Xalq artistindən sərt sözlər

12:56 31.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzi tərfindən  "Küçə sənətçiləri" adlı layihəsinin təqdimatını keçirilməsi ilə xəbər vermişdik. Belə ki, Bakı İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov bu barədə  bildirib ki, hər bir istedadı olan gənc onlara elektron formada və zəng edərək müraciət edə bilər.

"Müraciətlər əsasında ayda bir dəfə onlar kastinqə dəvət olunacaq. Kastinqdən keçənlərə Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəylər veriləcək. "Küçə sənətçiləri"nin çıxış edəcəyi məkanlar turistlərə görə müəyyən olunur. Turistlərin getdiyi yerlər çoxalarsa, gələcəkdə məkanların sayı artırıla bilər. Müsabiqədən keçən sənətçilərə 3 ay müddətində fəaliyyət göstərmələri üçün rəy veriləcək: "3 aydan sonra onlar fəaliyyət müddətini artıra və ya fəaliyyətlərini dayandıra bilərlər. "Küçə sənətçiləri" nin fəaliyyəti üçün rüsum nəzərdə tutulmayıb. Fəaliyyətləri zamanı topladıqları vəsait özlərinə qalacaq". 

Apardığımız sorğulardan bəlli oldu ki, yeraltı keçidlərdə, parklarda bu işlə məşğul olan şəxslər bunu həm də bir azadlıq kimi qəbul edirlər. Onlar üçün bu kimi müsabiqələr və məhdudiyyətlər cansıxıcı görünür.

Tanınmış xalq artisti Nazpəri Dostaliyeva hafta.az-a açıqlamasında sözügedən məsələyə daha sərt yanaşdı. Xanım sənətçi hesab edir ki, “küçə sənətçiləri”nin təhsili yoxdursa, onları belə müsabiqələrə cəlb etmək lazım deyil:

“Müsabiqədə iştirak etməlidirlər. Ancaq hesab edirəm ki, müsiqi təhsili olmayanların müsabiqələrdə iştirak etməsi düzgün deyil. Müsabiqənin özünün də bir məsuliyyət yükü var. Bir musiqiçinin təhsilinin olması ən başlıca şərtdir. Əgər ali təhsili yoxdursa orta təhsili heç olmasa olmalıdır. Əgər təhsili yoxdursa müsabiqəyə buraxılmasınlar. Ümümiyyətlə istedadı olan gənclərimizi təhsil ocaqlarına yönəldilməlidir. İstedadı olan belə insanlara bir vətəndaş kimi kömək etməliyik. Onlar küçələrdə istedadını nümayiş etdirməkdənsə, onlara dəstək olub musiqi təhsili verməliyik. İstedadı varsa bu iş görülməlidir. İstedadı yoxsa, o zaman qoy başqa sahədə çalışsınlar. Maddi maraq üçün yeraltı keçidlərdə, digər yerlərdə özlərini nümayiş etdirirlər. Hesab edirəm ki, yaxşı musiqiçidirsə, yaxşı müğənnidirsə təhsil aldıqdan sonra istənilən müsabiqələrə qatıla bilər”.