"Məktəblilər üçün avtobusların təşkili tıxacların qarşısını ala bilər"  - EKSPERT

13:59 27.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində yerləşən məktəblərin böyük əksəriyyətinin avtomobil servis xidməti yoxdur. Xarici liseylərin Bakıdakı filiallarının və bir neçə yerli liseylərin daşıma servis xidməti fəaliyyət göstərir. yerdə qalan məktəblərdə, əsasən də dövlət məktəblərində isə yoxdur. Belə olan halda valideynlərin öz şəxsi avtomobili ilə uşağların gətirib-aparırlar.  Bu da bir çox hallarda tıxaclara səbəb olur. Məktəblərdə servis daşıma xidmətinin olması bir neçə ildir müzakirə olunan mövzulardandır.

Bu gün isə Təhsil Naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib ki, valideynlərlə keçirilən görüşlərdə əsas məsələ avtobusların təşkil edilməsi ilə bağlı olub, bununla bağlı Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq etməyə başlamışıq.

Nazir qeyd edib ki, BNA və Təhsil Nazirliyinin birgə işçi qrupu bununla əlaqədar iş aparır: "Bu işlər növbəti aylarda da davam etdiriləcək. Birgə səylərimiz sayəsində yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq. Birinci mərhələdə bu, bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər".

Hafta.az-a Təhsil Naziri Ceyhun Bayramovun fikirlərini şərh edən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, bəli, bu layihə barədə biz çox danışırdıq ki, bəzi məktəblərdə avtobuslarla daşınma olsun: “Bu həm ümumi nəqliyyatın hərəkəti istiqamətində, həm də şagirdlərin təhlükəsizliyi və komfortu baxımından ideal addımdı. Şəhərdaxili olarsa, orada tıxacların qarşısının alınmasına (nəzərə alsaq ki, bəzi valideynlər öz şəxsi avtomobilləri ilə şagirdləri məktəbə aparır), şəhərkənarı məktəblərdə isə rahat və təhlükəsiz daşınma baxımından əlverişli imkanlar yaradır. Bundan əlavə bu layihə ilə dərsə gecikmə hallarının da qarşısı alına bilər”.

Oxunma sayı 80