"Məktubun BMT-nin sənədi kimi yayılmasına dair məlumatlar yanlışdır" - Fərid Şəfiyev

11:31 26.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"BMT-nin Nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşündüyü informasiyaları digər üzv ölkələrin və təşkilatın Katibliyinin nəzərinə çatdırmaq məqsədilə sənəd yaymaq hüququna malikdir".

Hafta.az yazır ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev “Dağlıq Qarabağ Respublikası”nın hesabatına dair qoşma ilə birlikdə Ermənistanın BMT yanında Daimi Nümayəndəliyinin yaydığı məktuba münasibət bildirərkən deyib. Onun sözlərinə görə, BMT-yə üzv ölkənin Daimi Nümayəndəliyi adından belə müraciət beynəlxalq sülh və təhlükəsizlik, ticarət, inkişaf və digər məsələləri özündə əks etdirə bilər. Məktubun məzmunu üzv dövlətin məsuliyyətindədir. Hətta indiyədək BMT-nin sənədi kimi daimi nümayəndəliklərin şeir yayması halları da baş verib. 

"Katiblik də öz növbəsində BMT-yə üzv ölkələrin daimi nümayəndəlikləri tərəfindən təqdim olunmuş sənədləri yaymaq öhdəliyi daşıyır. Sənədlər təşkilatın müvafiq loqosu və Təhlüksizlik Şurasının, Baş Assambleyanın və BMT-nin digər orqanlarının növbəti sessiyalarının gündəlik maddələri çərçivəsində yayımlanır. Gündəlik maddəsi məktubun müəllifi, daha dəqiq desək, üzv ölkənin Daimi Nümayəndəliyi tərəfindən müəyyən olunur" deyən F.Şəfiyev təəssüflə qeyd edib ki, tez-tez üzv ölkələrinin bu hüquqdan sui-istifadə etməsi və BMT-nin Nizamnaməsinə zidd sənədlər yayması hallarına da rast gəlinir. O cümlədən Ermənistanın öz adından qondarma “DQR”ə aid məktub yollaması ilk dəfə deyil. Hər halda məktubun müəllifi təşkilatın rəsmi üzvü olan Ermənistandır. Ermənistan KİV-də qondarma DQR-in sənədi adlandırdıqları bu məktubun BMT-nin sənədi kimi yayılmasına dair məlumatlar həqiqəti əks etdirmir. BMT qondarma Dağlıq Qarabağ Respublikasını tanımır və təşkilatın katibliyi qaydalara uyğun olaraq Ermənistanın BMT yanında Daimi Nümayəndəliyinin məktubunu yayıb və bu da onun rəsmi statusudur.

F.Şəfiyev məktubun mahiyyətini qısaca şərh edərkən haqlı olaraq belə bir sual verir: Ermənistanın yerli azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə törətdiyi və BMT Təhlükəsizlik Şurasınının müvafiq qətnamələri və BMT-nin nimzanaməsinin pozulmasına yönəlmiş fəaliyyət həyata keçirdiyi işğal olunmuş torpaqlarla bağlı hansı dayanıqlı inkişaf, demokratiya və humanitar məqsədlərdən danışmaq olar? "Azərbaycan da öz növbəsində müvafiq məktub yaymağa hazırlaşır. Ermənistan Daimi Nümayəndəliyinin bu təxribatı beynəxlaq səviyyədə tanınmış Azərbaycan torpaqlarının kim tərəfindən işğal olunduğunu bir daha açıq şəkildə göstərir", - BMTM sədri deyib.

Siyasət rubrikasından digər xəbərlər