"Ölkələrimiz arasında əməkdaşlıq gündən-günə günişlənir" - SƏFİR

19:34 11.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün İsveçrənin Konfederasiyasının Azərbaycandakı səfirliyi bu ölkənin Milli Günü münasibətilə rəsmi qəbul keçirib. Dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin iştirak etdiyi bayram tədbirində əvvəlcə hər iki ölkənin dövlət himni səsləndirilib.

İsveçrənin ölkəmizdəki səfiri xanım Muriel Penever çıxış edərək deyib ki, bu il iki ölkə arasında əməkdaşlığın 20-ci ili tamam olur. "Ölkələrimiz arasında əməkdaşlıq durmadan genişlənir. Hazırda İsveçrə ilə Azərbaycan dost əlaqələrə malikdir. Bu gün burada İsveçrədən gəlmiş "Mozaika" ansamblının konserti olacaq. Hansı ki, bu qrup iki gün öncə Qəbələdə konsert proqramı ilə çıxış edib" səfir deyib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov deyib ki, ölkələrimiz arasında mövcud olan siyasi dialoq münasibətlərin inkişafını sürətləndirir. O cümlədən dövlət başçıları, parlament rəhbərləri və nazirliklər arasında müntəzəm görüşlər keçirilir. Səfir deyib ki, hazırda Azərbaycanla İsveçrə arasında uqtisadi-ticarət əlaqələri də yüksək vəziyyətdədir və daha da inkişaf etməsi üçün yaxşı perspektivi var.

Bu arada, qeyd edək ki, Azərbaycanla İsveçrə arasında hələ 100 il əvvəl ikitərəfli münasibətlər mövcud olub. Xalq Cümhuriyyəti dövründə İsveçrənin Bakıdakı Birjevaya küçəsi 14 ünvanında, konsul Klottyunun rəhbərlik etdiyi konsulluğu yerləşib. Təbii ki, sovetlər dövründə münasibətlər kəsilsə də, müstəqillik illərində yenidən dövlətlərimiz arasında əməkdaşlıq ən yüksək səviyyədə bərpa edilib. Azərbaycanın müstəqilliyini 1991-ci dekabrın 23-də tanıyan İsveçrə ilə diplomatik əlaqələr 1992-ci il yanvar ayının 21-də qurulub. 2007-ci ildə İsveçrənin Azərbaycanda, 2011-ci ilin dekabrında isə Azərbaycanın İsveçrədə səfirliyi açılıb.

Hazırda Azərbaycanın bu ölkədə səfiri Xanım İbrahimova, İsveçrənin Bakıda səfiri isə xanım Muriel Peneverdir.

Ölkələrimizin parlamentləri arasında da qarşılıqlı əlaqələr mövcuddur və münasibətləri inkişaf etdirmək üçün hər iki qanunverici orqanda işçi qrup fəaliyyət göstərir. Milli Məclisdə belə bir işçi qrup 13 dekabr 2005-ci il tarixində yaradılıb və hazırda rəhbəri vitse spiker Bahar Muradovadır. İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun (həm də Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri) isə Filippo Lombardidir.

Bu gün Azərbaycanla İsveçrə arasında dostluq münasibətləri və sıx iqtisadi əlaqələr mövcuddur, birgə layihələr həyata keçirilir, beynəlxalq təşkilatlarda əməkdaşlıq edilir. Rəsmi məlumata əsasən ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 240 milyon dollara bərabər olub. İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi əməkdaşlıq, ikiqat vergitutma və digər sahələri əhatə edən 25 sənəd imzalanıb. İsveçrə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında aparıcı yerlərdən birini tutur. Hazırda Azərbaycandan İsveçrəyə əsasən qızıl və fındıq ixrac edilir, lakin digər kənd təsərrüfatı məhsulları və şərab potensial ixrac məhsulları arasındadır. Bir müddət əvvəl Azərbaycanın ixrac missiyasının İsveçrəyə səfəri zamanı 125 min dollar dəyərində 220 ton fındıq tədarükü barədə razılığa gəlinib. Hazırda əlaqələri daha da genişləndirmək məqsədilə "Bir kəmər, bir yol" layihəsi həyata keçirilir.

Azərbaycan İşveçrənin Cənubi Qafqaz ölkələri ilə xarici ticarətində əsas yeri tutur. 2018-ci ildə ticarət dövriyyəsi 2,7 dəfə, bu ilin ilk 5 ayında isə 8,8 dəfə artıb. Bununla belə, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensial var. Enerji, təhsil, investisiyalar və sair sahələrdə də uğurlu əməkdaşlıq həyata keçirilir. Azərbaycan tərəfi İsveçrəyə 1,2 milyard dollar həcmində investisiya yatırıb. İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına 844 milyon dollar investisiya yatırılıb ki, bunun da 780 milyon dollara yaxın hissəsi qeyri-neft sektoruna yönəldilib. İnşaat materiallarının istehsalı sahəsində İsveçrənin "Holcim" şirkəti, eləcə də İşveçrə şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında tikilmiş inşaat kimyəviləri zavodu uğurla fəaliyyət göstərir. Bundan başqa, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Əməkdaşlıq və İnkişaf Agentliyi (SDC) ilə uğurlu əməkdaşlıq mövcuddur. Bu çərçivədə ölkəmizdə 60-dan artıq layihə həyata keçirilib ki, bu da özəl sektorun inkişafı, maliyyə infrastrukturunun təkmilləşdirilməsi və sair kimi sahələri əhatə edir. Azərbaycanda tikinti, ticarət, nəqliyyat, xidmət, kənd təsərrüfatı sahələrində 71 İsveçrə şirkətinin fəaliyyət göstər. Bu ilin ilk iki ayı ərzində Azərbaycan ən çox məhsul idxal etdiyi ölkə İsveçrə olub. İsveçrədən bu ilin iki ayı ərzində idxal olunan məhsulların ümumi dəyəri 275 milyon dollardan çox olub. Məlumat üçün bildirək ki, ötən ilin analoji dövründə İsveçrə Azərbaycanın mal idxal etdiyi ölkələr arasında 12-ci pillədə qərarlaşmışdı.

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri xanım Muriel Penever və səfirliyin bütün əməkdaşlarını təbrik edirik.

Siyasət rubrikasından digər xəbərlər