"Orion" restoranı havanı çirkləndirir - şikayət

17:30 12.11.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən paytaxda fəaliyyət göstərən şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilərək bildirilib ki, hər hansı iaşə obyektinin təmizləyci qurğularında filtrlərin dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan çox olur. Bu səbəbdən qanunvericilikdə təsbit olunub ki, havanı çirkləndirən belə obyektlərin fəaliyyəti dayandırılacaq. Hətta qanuna müvafiq olaraq cərimələr tətbiq ediləcək. 

Bakı şəhərində elə şadlıq sarayları var ki, sözügedən nazirliyin xəbərdarlığına məhəl qoymurlar. Havanı çirkləndirməkdə davam edirlər. Belə şadlıq saraylarından biri də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zakir Şərifov küçəsində fəaliyyət göstərən "Orion", keçmiş “Rauf” şadlıq sarayıdır. Şadlıq sarayına yaxın, ətraf binanın bir qrup sakinləri “Həftə içi”nə şikayətlənirlər ki, axşamlar yaşadıqları ərazidə nəfəs ala bilmirlər. "Orion" şadlıq sarayının manqallarında bişirilən kababın tüstüsü ətafı duman kimi bürüyür.

Şadlıq evinin yaxınlığında köçkünlər və yerli sakinlər yaşayan 9 mərtəbəli yaşayış binasının həyətində olduq. Tüstü ən çox həmin binanı vururdu.

Mehdi adlı sakin şikayətləndi ki, uzun müddətdir astma xəstəliyindən əziyyət çəkir. Onun sözlərinə görə, yaşadıqları evlə şadlıq sarayının arası heç 6 metr olmaz: ”Axşamlar şadlıq evindən çıxan kababın tüstüsü binamızı  bürüyür. Pəncərəni açmaq olmur. Qoxudan nəfəs ala bilmirik”.

Ələsgər, Zahid, Rasim və digər sakinlər bildirdilər ki, keçən il "Orion" şadlıq sarayında təmizləyici qurğular quraşdırıllb, amma işlərmir: ”Mətbəənin pəncərə şüşələrini çıxardıblar və yandırılan manqalların tüstüsü də həmin pəncərələrdən çıxaraq ətrafa yayılır. Bütün gün belədir. Toylar başlayan kimi biz sakinlərin də günü qara olur. Bu iy-qoxdan bilmirik hara gedək? Bu haqda dəfələrlə aidiyyatı qurumlara müraciət etsək də, heç bir əhəmiyyəti olmayıb”.

Qaraçuxur Bələdiyyəsi də “Orion" şadlıq sarayının sahibindən şikayətlənir. Bələdiyyənin sədri İxdiyar Nəcəfov “Həftə içi”nə bildirdi ki, Orion şadlıq sarayının sahibi dövlət rüsumunu ödəməkdən boyun qaçırır. Onun sözlərinə görə iki ildir ki, "Orion" şadlıq sarayının Bələdiyyəyə 4000 manat borcu var:” Hələ də odəniş yoxdur. İş məhkəmədə olsa da, bu günə kimi müsbət nəticəsi əldə olunmayıb".