"Peyğəmbərimizin hədislərində də baş yarmaq, qan çıxarmaq qadağan olunub" - İlahiyyatçı

11:23 09.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Sabah Aşura günüdür. Bir çox hallarda insanlar aşura günündə özlərinə əzab vermək, qan çıxarmaq kimi utopik fərziyələrə qapılırlar. Şəriət qanunlarına görə isə bu düzgün sayılmır.

Bəs Aşura günü nələr edilməlidir?

Bu barədə hafta.az-a İlahiyyatçı Tural İrfan dedi ki, İmam Hüseyni yad etmək borcumuzdur:

“İslam dininin müqəddəs kitabı Qurani-Kərimdir. İlk öncə deyim ki, İslam dinində hər hansı bir ayın icra olunursa o Qurani-Kərimin hökmlərinə uyğun olmalıdır. Müqəddəs kitabda yas, mərasim saxlamaq yoxdur. Yasın keçirilməsi haqqında heç bir surə yoxdur. Bu insanların hisslərindən yaranan bir şeydir. Kərbala hadisəsi böyük hadisədir. İnsanlar islam dininə uyğun olmayan, keçmiş adət-ənənələrə xas hərəkətlər nümayiş etdirirlər. Bu mərasimi kobud şəkildə qeyd edirlər. Zəncir vurmaq, baş yarmaq, qan tökmək heç bir yerdə yazılmayıb. Peyğəmbərimizin hədislərində də qeyri-ənənəvi yollar -  ağlaşma mərasimləri, qurmaq, qan çıxarmaq, mərsiyələr demək birbaşa qadağan olunub. Bunun bir fəlsəfəsi var: bu hadisəyə qədər insanlar düşünürdü ki, insan öldüsə yox oldu, məhv oldu. Onun üçün ağlayırdılar ki, bu insan nə üçün öldü, dünyadan getdi? Peyğəmbərimiz, Qurani-Kərim isə təsdiq edir ki, insan öldükdən sonra yaşayır, cənnətə vasil olur. Kərbala hadisəsində imamlar şəhid olub. Qeyd edim ki, şəhidliklə, mərasim təşkil etmək bir-birinə zidd olan hərəkətlərdir. Biz bir tərəfdən deyirik şəhid oldu, cənnətə getdi, digər tərəfdən də dizimizə döyüb ağlayırıq bu niyə şəhid oldu?”.