"Qiraət sənətinə maraq niyə azdır? - SORĞU

14:46 08.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan olundu. Evdəqalanlar film izləyir, kitab oxuyur. Bəs şeir dinləyir? Hə, bu, maraqlı sualdır... Dünyada nəsr hər zaman poeziyanı üstələyib. Azərbaycanda isə vəziyyət fərqlidir. Şeir yazanlar çoxdur. Klassik yazıçılardan sonra nəsrlə məşğul olanlar demək olar barmaqla sayılası qədərdir. Maraqlıdır ölkədə qiraətlə məşğul olanlar niyə azdır. Qiraətlə məşğul olmaq çətindir, yoxsa maddi gəlirsiz sahə olduğuna maraq azdır?

Hafta.az- bu dəfə azərbaycanlı qiraətçilər arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Aktyor Kamran Ağabalayev: "Mənim üçün qiraət bir hobbidir. Bir məşq, bir istirahət, bir etüd də deyə bilərik. Maddi tərəfi haqqında fikrim yoxdur, deyə bilmərəm. Amma ölkədə xeyli sayda qiraətçilər var. Keyfiyyət məsələsinə gələndə isə Xəzər Süleymanlını dinləyirəm. Şeiri daha çox kitab üzərindən oxumağı sevirəm". 

Xəzər Süleymanlı: "Deməzdim ki, qiraətçilər azdır. Son zamanlar kifayət qədər şeir səsləndirənlər var. Sadəcə, bu, sahədə uğur qazanmaq çətindir. Hətta bəzi peşəkar aktyorlar da şeirlə insanların diqqətini cəlb edə bilmirlər. Yəni bədii qiraət sənətinin çətinliyi təkcə şeirləri, mətnləri düzgün ifadə etməkdə deyil, həm də insanların qəlbinə yol tapmaqdadır. Bu işin mənəvi tərəfləri maddiyyatdan çox-çox öndədir".

Anar Adil: "Nəsrin formalaşmasına təkan verən məqamlardan ən birincisi müharibələr olub. Müharibələr, siyasi proseslər dünyanı xarabalığa çevirsə də, bundan yararlanan yazıçılar zülmü mədəniyyətə çeviriblər. Qiraətin, qiraət edənin sayı nə qədər az olsa, bir o qədər yaxşıdır. Ölkədə şairlərin sayı da azdır. Qiraət üçün, daha doğrusu şeiri səsləndirmək üçün həm səsin səs olması həm də şeirin şeir olması vacibdir. Məsələn mən acımışam və qarşımda dadlı yemək var. Dadacam. Deməli, həm iştahım, həm də iştahla yeyə biləcəyim nəsə var. Hərdən yazılışı düzgün olmayan təşəkkür də bəs edir adama. İstənilən halda əziyyət qiymətləndirilməlidir".

Oxunma sayı 65