"Reklam sahəsində şüurlu və ağıllı siyasət yeridilməlidir”- Təklif

17:36 15.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Televiziya hər zaman insanların maraq göstərdiyi, izlədiyi informasiya vasitəsi olaraq qalır. İzləyicilər arasında azyaşlı uşaqlar da ola bilər. Onun üçün efirə verilən hər bir məlumat düşünülüb verilməlidir. Bəzi hallarda reklamlarda bir sıra pozuntulara, şişirdilmiş məlumatlara, açıq fikirlərə rast gəlinir. Bununla bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ) zaman-zaman qabaqlayıcı tədbirlər kimi addımlar atır.

Yaxın günlərdə MTRŞ süni mayalanma üzrə tibbi xidmət reklamının yayımlanmasının qanunla qadağan olunması ilə bağlı ümumrespublika və regional televiziya yayımçılarına məktub göndərib.

MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev mətbuata açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, eyni məzmunlu məktub "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-yə, "İctimai Televiziya ve Radio Yayımları Şirkəti"nə, "Xəzər TV" MMC-yə, "Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası"na, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə, "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space Müstəqil Teleradio Şirkəti'nə, "ARB" Televiziyasına, "Dünya" Televiziyasına və "Qafqaz" Televiziyasına ünvanlanıb.

Məktubda qeyd olunub ki, son zamanlarda bəzi teleradio yayımçıları tərəfindən süni mayalanma üzrə tibbi xidmətin reklamının yayımlanması hallarına rast gəlinib:

"Nəzərinizə çatdırırıq ki, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinə əsasən, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.

Eyni zamanda bildiririk ki, İnzibati Xətalar Məcəlləsində reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. Qeyd olunanlara əsasən, sözügedən məsələni nəzərə almağınız və gələcək fəaliyyətinizdə də daim diqqət mərkəzində saxlamağınız üçün tövsiyə olunur".

Teletənqidçi, professor Qulu Məhərrəmli hafta.az-a açıqlamasında bildirdi ki, reklamın məqsədi nəyisə reklam etməkdir, hər şeyi də reklam etmək siyasəti də doğru ola bilməz:  “Bir sıra reklamlara – tütünə, alkoqollu içkilərin reklam olunmasına məhdudiyyət qoyulub.  Müəyyən məsələlər vardır ki, onların reklamı məqsədəuyğun hesab olunmur. Bu süni mayalandırma da ola bilər, başqa spesfik bir şey də ola bilər. Reklam verən tərəf, reklamı qəbul edib yayan tərəf bu vəya başqa formada məzmunu və kontekti nəzərə almalıdır. Ona görə də mütəxəssislər hesab edirsə sözügedən reklamı vermək olmaz deməli orada düzgün olmayan nəsə var və onu məsləhət görmürlər.  Reklam haqqında qanun da var. O qanun bütün reklam verənlər və reklam yayanlar üçündür.  Reklam sahəsində şüurlu və ağıllı siyasət yeridilməlidir”.