"Sanki qadını xəyanətkar kimi təqdim edən xüsusi qrup yaranıb..." - AKTUAL

15:28 09.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Qadınlara qarşı məişət zorakılığı hallarının artması göz qabağındadır. Az qala hər gün rastlaşdığımız bu kimi hadisə artıq hamı üçün ənənə halını alıb. Belə neqativ halların qarşısının alınması üçün tədbirlər görülürmü, görülürsə niyə bu statistika artır?

Mövzu ilə bağlı hafta.az-a danışan “Təmiz Dünya” ictimai birliyinin rəhbəri Mehriban Zeynalova dedi ki, bu məsələ son günlərin məsələsi deyil, illərdir ki, bu davam edir: “Bu yeni bir hadisə deyil. Artıq biz buna alışmışıq. Hər il yüzlərlə qadına qarşı zorakılıq halları baş verir. Qarşısı alınıb da deyə bilmərəm. 2010-cu ildə aparılan monitorinqlər deməyə əsas verirdi ki, heç də aparılan tədbirlər bu kimi halların qarşısını almayıb. Düzdür qanun müəyyən qədər işləməyə başlayıb. 2010-ci ilin monitorinqinə baxsanız görərsiniz ki, 90-100 qadın zorakılıq qurbanı olub. Burada ər, qardaş, ata və digər faktlar var idi. Məsələ odur ki, qanun daha çevik işləməlidir. Polis o vaxtlar deyirdi ki, ailə məsələsidir, qarışa bilmirik. İndi yenə heç olmasa məişət zorakılığına məruz qalan qadınların ərizələri qəbul olunur. Məsələ ondadır ki, bu kimi hallarda köhnə möhfumatçılıq ideyaları qabarıq şəkildə özünü göstərir. Cəmiyyət sanki qadına qarşı zorakılığı dəstəkləyir. Bu gün qanunun daha da təkmilləşməsinə ehtiyac vardır. Qanunun bir çox mexanizmləri hələ işləmir. 2010-cu illərdə rayonlarda mərkəzələr yox idi. İnid yavaş-yavaş mərkəzlər yaradılıb. Bəzi hallarda da qadınlar özləri son məqama qədər məlumat vermirlər”.

M. Zeynalova bu halların daha da artmaması üçün, sosioloqların bu işdə fəal olması faktorunu da qeyd etdi:

“Bu gün sosioloqlar daha çox işləməlidirlər. Bu sosial faktordur. O qədər sosioloqlar vardır ki, bu sahə üzrə bitiriblər, onlar peşələrinə kifayət qədər maraq göstərmirlər. Çünki tələbat yoxdur. Hansı ki bu qədər baş verən hadisələrlə onlar yaxından tanış olub, işləməlidirlər. Yəni sosioloqların vasitəsi ilə də bu halların qarşısını almaq olar. Qadına qarşı qəribə aqressiya hökm sürür. Sosial şəbəkələrdə qadınlar haqqında yazılan böhtanlar, şər, qarayaxmalar da sonda gətirib məişət zorakılığına çıxaracaq. Bu hallar bir-biri ilə bağlıdırır. Yəni hansısa bir şəxs belə şeyləri sosial şəbəkədə görür, gedir evdə öz xanımına təzyiq göstərir. Çünki o kişinin içində bir fobiya var. Elə bilir ki, onun xanımı da xəyanət edəcək. Sanki xüsusi qrup yaranıb ki, qadını xəyanətkar kimi təqdim edirlər”.

Birlik sədri çıxış yolu kim bu sahəyə nəzarət edən ailə komitələrinin yaradılması, polis işinin güclındiriliməsi, eyni zamanda çağrı mərkəzlərin yaradılmasına böyük ehtiyac olduğunu vurğuladı:

“Qadına qarşı müqavimət yaranıb. İstiqamətləndirmə mexanizmi olmalıdır. İnformasiya bankı var. Təzavüzə, zorakılığa məruz qalmış qadınlar haqqında məlumat oraya daxil olur. Kim gedib maraqlanır? Son nəticə nə olur? Hələki bu məsələ axıra qədər işləməmiş olaraq qalır. Mühafizə orderi var. Nə mənası var onun? Nə təsiri var? Hansı təhlükəsizlik prosesini həyata keçirir? Bu mexanizmlər işləməli, qaynar xətt olmalıdır. Üç nömrədən ibarət qaynar xətt fəaliyyət göstərməlidir? Bu gün qadın hara zəng vursun? 102 hədsiz yüklənib. Bütün lazımlı, lazımsız zənglər ora yönəlib. Artıq tədbirlər görülməlidir”