"Şəkinin Dünya İrs siyahısına salınması ilə bağlı 6 il müzakirələr aparılıb" - Əbülfəs Qarayev 

13:59 10.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

"Heç kəs düşünməsin ki, tarix abidənin bərpası onun ilkin varianta qaytarılması deməkdir".

Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransında deyib.

O bildirib ki, Şəkinin Dünya İrs siyahısına salınması ilə bağlı müzakirələr 6 il ərzində aparılıb: "2017-ci ildə bizə Şəki ilə bağlı tövsiyələr oldu, onları yerinə yetirdik. Mədəniyyət Nazirliyinin tərkibində tarixi abidələrin qorunması ilə bağlı Xidmət fəaliyyət göstərir. Xidmət tərəfindən yeni abidələr tapılır, onların konservasiyası həyata keçirilir".

Nazir qeyd edib ki, abidələrin konservasiyasının məqsədi odur ki, növbəti illərdə onlaların dağılmasının qarşısını alsın: "Ola bilsin, insanlar bunu hiss etmirlər, amma hər il nazirlik nümayəndələri Şəkidə və digər yerlərdə abidələrə nəzarəti həyata keçirir, abidələrin eyni vəziyyətdə qalmasına çalışırlar".

"Şəki şəhərini bu gündən etibarən göz bəbəyi kimi qorumalıyıq. Şəhərin memarlığını, adət-ənənələrini qoruyub saxlamalıyıq. Şəki şəhəri tək şəkililərə məxsus deyil, bu, bəşəriyyətin bir incisidir. Şəkinin UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsi Azərbaycan üçün qürurverici bir haldır". Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, bu, fövqəladə hal kimi Azərbaycan xalqının tarixində qalacaq.

Nazirin sözlərinə görə, artıq 1121 məkan UNESCO-nun Dünya Mədəni İrs siyahısında yer  alır: "Azərbaycanın 3 məkanı bu siyahıdadır. Azərbaycanın 13 məkanı isə UNESCO-nun qeyri-mədəni irs siyahısındadır. Biz bu işi davam etdirəcəyik".

Əbülfəs Qarayev həmçinin bildirib ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasında yeni tövsiyələr də verilib:  "Artıq Dünya İrs Komitəsinə birbaşa nominasiya verilə bilməyəcək. Bunlar ilk öncə komissiyaya təqdim olunacaq və komissiya kriteriyaları müəyyən edəcək. Bu təklif noyabr ayında Baş Assambleyada təsdiq olunacaq. Son 10 gün ərzində UNESCO-nun mütəxəssisləri Naxçıvan və Lənkərana səfər etdilər və bir neçə məkanla tanış oldular. Gələcəkdə həmin ərazilər iddiaçılar kimi Dünya İrs  Komitəsinə təqdim olunacaq".

Ə.Qarayev əlavə edib ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak üçün 2300-dən çox nümayəndə Azərbaycana gəlib.

"Bu tədbirə ev sahibliyi etmək Azərbaycan üçün qürurverici bir haldır", -deyə  nazir vurğulayıb.

"UNESCO-nun sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi əlamətdar haldır". Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, belə tədbirlərin keçirilməsi üçün hər zaman ciddi mübarizə aparılır: "Azərbaycanın son illər beynəlxalq tədbirlərin keçirilməsində ciddi uğurları olmasaydı, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu cür tədbirlərə diqqət göstərməsəydi, sözsüz ki, bu tədbirin də Bakıda keçirilməsi mümkün olmazdı. UNESCO-nun sülhməramlı səfiri Mehriban xanım Əliyevanın da bu tədbirin Bakıda keçirilməsində nüfuzu danılmazdır. Ona görə də ötən il Bəhreyndəki sessiyada UNESCO-nun 43-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı qərar verildi".

Nazir qeyd edib ki, UNESCO-nun sessiyasının Bakıda keçirilməsinin iki xüsusiyyəti var: "Əvvəla bura təşrif buyuran insanlar ən hörmətli insanlardır. Onlar hər biri öz sahələrinin ciddi mütəxəssisidirlər. Ona görə də bu mütəxəssislərin Azərbaycana gəlməsi, bizim tarixi məkanlara, qoruqlara baxış keçirmələri bizim üçün əhəmiyyətli idi. İkinci xüsusiyyət ondan ibarətdir ki, bu tədbir təkcə Azərbaycan üçün əhəmiyyətli deyildi. Digər ölkələrlə bağlı da vacib qərarlar verildi. Təxminən 150-dən çox ölkə sessiyada iştirak edirdi. Bu ölkələrin hər birinin mətbuatında Azərbaycanla bağlı məlumatlar verildi. Bundan başqa, sessiya əvvəldən axıra qədər şəffaf şəkildə keçirildi. Toplantıların hər biri canlı olaraq yayımlanırdı".

Ə. Qarayev on gün müddətində komissiyanın 166 məkana baxış keçirdiyini vurğulayıb: "Onlardan 36-sı yeni nominasiya idi. Sessiyada yeni nominasiyalarla yanaşı, onların mövcud vəziyyəti və araşdırmaçı missiyaların vəziyyəti müzakirə olundu. Bu təcrübədən biz dərs çıxarmalıyıq. Çünki biz Şəkinin Dünya İrs siyahısına salınmasına nail olduq. Lakin bu o demək deyil ki, istədiyimizi tam əldə etdik. Bundan sonra biz Şəkinin inkişafını, onun konservasiyasını tam təmin etməliyik. Biz gərək gələcəkdə bu prosesdə lazımi şəkildə monitorinq edək. Sakinlərdən tutmuş şəhərin rəhbərliyinə qədər bütün işləri yüksək səviyyədə aparaq, çünki hər il bu komissiyalar gəlib Şəki ilə bağlı vəziyyəti öyrənəcək".