"Son 51 gündə tutulan 10 min kəşmirlidən xəbər yoxdur" - Səid Xan Mohmand

17:14 25.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kəşmir münaqişəsinin tarixi müasir Pakistan və Hindistan dövlətlərinin yarandığı gündən başlayır. İngilislər bilərəkdən bu müsəlman diyarının statusunu dini-milli amillərlə təyin etmədi və Hindistanın ərazisi kimi tanıdı. Elə o vaxtdan da kəşmirlilər öz azadlıqları uğrunda mübarizəyə qalxdılar və günümüzədək 70 ildir ki, şəhid verə-verə məqsədlərindən geri çəkilmirlər. Bəs Hindistan hökuməti nə edir, onları dinləyirmi? İndiki Narendra Modi hökuməti zamanında Kəşmir məsələsinə münasibətdə rəsmi Dehli daha sərt davrandı, əvvəllər az da olsa əldə edilmiş uğurların üstündən xətt çəkdi, kağız üzərində olsa da, Hindistan konstitusiyasındakı Kəşmirin muxtariyyət statusunu təsbit edən maddəni ləğv elədi və az qala müharibəyə yaşıl işıq yandırdı. Bütün İslam dünyası Dehlinin bu addımı qarşısında susdu, hansı ki, Hindistana sadəcə neft-qaz embarqosu təyin etməklə onu çökdürmək olardı. Yalnız, ilk gündən olduğu kimi, Kəşmirin arxasında təkbaşına Pakistan dayandı...

Bir neçə gün öncə, Nyu Yorkda işə başlayan BMT Baş Assambleyasının toplantısı ərəfəsində Pakistan prezidenti  jurnalistlərdə söhbətində açıq-aşkar bəyan etdi ki, Hindistan onları müharibəyə təhrik edir və lazım gələrsə, Pakistan döyüş meydanına girməyə hazırdır. Maraqlıdır, 70 ildir aparılan mənasız sülh danışıqlarını daha bir neçə on il ərzində davam etdirmək şansı qalmayıbmı, müharibə doğrudanmı başlaya bilər? Kəşmir ətrafında baş verənləri aydınlaşdırmaq üçün Pakistanın ölkəmizdəki səfiri Səid Xan Mohmandın qapısına üz tutdum. Nə soruşdum, hansı cavabı aldım, gəlin söhbətimizlə misralara çevrilmiş müsahibədə tanış olaq:

- Artıq 51-ci gündür ki, Hindistan hökuməti Kəşmirdə komendant saatı tətbiq edir. Kəşmir xalqı tam blokada şəraitində yaşamaqdadır. Bu gün orada nə telefon işləyir, nə internet var – insanlar adi qaydada bir-biri ilə xəbərləşə də bilmirlər. Dükanlar bağlı, xəstəxanalar, məktəblər işləmir. Bizdəki məlumata görə, Kəşmirin ən tanınmış liderləri olan Faruq Abdulla və Ömər Abdulla ev dustağı ediliblər. Ümumiyyətlə, Kəşmirdə bu gün çoxları həpsə atılıb. Bu 51 gün ərzində sorğu-sualsız tutulan və haqlarında heç bir məlumat olmayan kəşmirlilərin sayı 10 mindən artıqdır. Bilirsiniz ki, Kəşmir Hindistanın ən füsunkar təbiətinə malikdir – turizm orada yaxşı inkişaf edib və dolayısıyla bu sahə kəşmirlilərin əsas dolanışıq mənbəyidir. Amma Hindistan ordusu bütün əcnəbiləri Kəşmir ərazisindən çıxarıb. Təbii ki, bu da insanların dolanışığına ikiqat zərbə vurub. İş o yerə çıxıb ki, Beynəlxalq Qızıl Xaç və Qırmızı Aypara Cəmiyyətinin nümayəndələrinin bölgəyə baş çəkməsinə imkan verilmir. Hətta Hindistanın əsas müxalifət partiyasının lideri, Qandilər sülaləsinin davamçısı olan Rahul Qandini də Kəşmirə getməyə qoymurlar.

- Belə çıxır ki, Hindistan hökuməti Kəşmir ərazisini tamamılə hərbiləşdirib...

- Elədir. Bizdəki məlumata görə, Hidistan tərəfi Kəşmirdə 900 minlik ordu yerləşdirib. Nəzərə alsaq ki, bu gün Kəşmir əhalisinin sayı 8 milyon nəfərdir, deməli hər 10 kəşmirliyə 1 əsgər nəzarət edir. Başqa bir misal göstərək. Hindistanın nəzarətində qalan Kəşmirin ərazisi 220 min kvadratkilometrdir və bu bölgə ərazisində yerləşdirilən silahın həcminə görə dünyada birincidir.

- Kəşmirin bir hissəsi də Çinin nəzarətindədir...

- Bəli, hardasa 20 faizi Çinin, 45 faizi Hindistanın nəzarətindədir. Yalnız 35 faiz torpaqlarda Azad Kəşmir mövcuddur. Kəşmir münaqişəsini daha qorxulu edən odur ki, bölgəyə aidiyyəti olan dövlətlərin - Pakistan, Çin və Hindistanın hər üçü nüvə silahına malikdir. Yəni burada baş verməsi mümkün olan müharibənin nəticəsi çox dəhşətli ola bilər.

- Çindən söz düşmüşkən, onlar nə deyir Hindistanın Kəşmirlə bağlı son qərarına?

- Çin ilk gündən Hindistanın addımlarını pisləyib və Pakistanla həmrəylik nümayiş etdirib. Yəqin bilirsiniz, Çinlə Hindistan arasında 1962-ci ildə Tibet əraziləri üstündə müharibə yaşanıb və ondan sonrakı dövrdə də münasibətləri sən deyən yaxşı olmayıb. Kəşmir probleminin mahiyyətində sadəcə ərazi deyil, həm də insan haqları durur. Bu gün Hindistan hökuməti azadlıq mübarizəsini zəiflətmək məqsədilə Kəşmiri inzibati baxımdan iki hissəyə bölüb - Kəşmir və Ladax  əyalətləri yaradılıb.

- Bəs Pəncab, onlarda da Dehlinin əleyhinə çıxışlar olmuşdu...

- Pəncabda əsasən sinqhlər yaşayır. Onlar da Dehlidən azadlıq tələb edirlər. Ümumiyyətlə, Hindistanın şimalında yerləşən bir sıra əyalətlərdə illərdir müstəqillik çıxışları davam edir.

- Hazırda Nyu Yorkda BMT Baş Assambleyasının iclası keçirilir. Kəşmirdəki mövcud vəziyyət orda qaldırılacaq?

- 1947-ci ildən bəri BMT Təhlükəsizlik Şurası Kəşmir probleminin həlli ilə bağlı 11 qətnamə qəbul edib ki, heç biri icra olunmayıb. Yəni Hindistan dövləti həmin qətnamələrin heç birini qəbul etməyib. Fikir verin, Qarabağ münaqişəsi də belədir, BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunub, amma Ermənistan onların heç birini yerinə yetirməyib. Pakistan dövləti olaraq hesab edirik ki, Qarabağ, Kəşmir, Fələstin kimi münaqişələr qəti şəkildə həllini tapmalıdır. İslam dünyasında sülh yaratmaq istəyiriksə, bu problemlər aradan qaldırılmalıdır. Onu da qeyd edim ki, Kəşmir problemi mövcud olduğu onillər ərzində indiki kimi ciddi təhlükəyə çevrilməmişdi. Çünki əvvəllər Hindistan konstitusiyasında Kəşmirin statusunu özündə ehtiva edən maddə vardı və bu gün həmin maddə ləğv olunub. Ona görə də iki böyük nüvə dövləti üz-üzə gəlib.

- Yeri gəlmişkən, Türkiyə prezidenti BMT tribunasında açıq-aşkar “dünya 5-dən böyükdür” çağırışını təkrarlayıb. Dəstək verir ölkəniz ona? Məncə hansısa bir müsəlman ölkəsinin Təhlükəsizlik Şurasında altıncı üzv olması İslam dünyasına yalnız xeyir verər...

- Təbii ki, Pakistan hökuməti Türkiyəni dəstəkləyir. BMT-nin strukturu çoxdan köhnəlib və dəyişdirmək zərurəti var. Nəzərə alaq ki, dünya dövlətlərinin xeyli hissəsi ötən əsrin 50-70-ci illərində müstəqil olublar və bu səbəbdən də o dövrdə BMT strukturunun formalaşdırılmasında mövqe bildirə bilməyiblər. İndi isə dünyada 1,6 milyard müsəlman yaşayır və onları təmsil edəcək hansısa bir dövlətin Təhlükəsizlik Şurasında olması vacibdir.

- Hind ordusunun Kəşmiri silah altında saxlamasının, amansız təqiblərin, həpslərin, hətta qətllərin baş verməsinin məqsədi nə ola bilər? Bayaq dediyiniz kimi, söhbət kəşmirlilərin azadlıq mübarizəsini boğmaqdan gedirsə, eyni tələblər Pəncabda, Tamilnadda, başqa əyalətlərdə də səsləndirilir, amma Kəşmir əhalisinə münasibət həmin yerlərin heç birində təkrar edilmir...  

- Hindistanın Kəşmirə münasibətdə üç əsas planı mövcuddur. Birincisi, hazırda Kəşmir əhalisinin 70 faizi müsəlman, 30 faizi hinduistdir. Dehli istəyir ki, faiz nisbətini hinduistlərin lehinə dəyişsin. İkincisi, uzun illərdən sonra, hazırda Əfqanıstanda sülh danışıqlarına çox yaxınlaşılıb. Pakistan isə bu danışıqlarda əsas rolu oynayır. Ona görə də Hindistan məlum addımları atmaqla regionda təxribat törətmək, Pakistanın nüfuzuna ziyan vurmaq istəyir. Üçüncüsü isə, Hindistan birmənalı şəkildə hinduizmi yaymaq siyasəti yürüdür.

- Təxminən 20 il əvvəl Pakistanla Hindistan arasında sülh danışıqlarının ən yüksək nəticəsi olaraq iki dövlətin rəhbərləri arasında görüş keçirildi, hətta səhv etmirəmsə Hindistan hökumətinin başçısı Pakistana – Laxora da getmişdi. Bəs bu gün necə, həmin siyasəti təkrarlamaq, Narendra Modi hökuməti ilə eyni cür əməkdaşlıq etmək və dolayısıyla Kəşmir məsələsinə də rahatlıq vermək mümkündürmü?

- Siz deyən hadisə 1998-ci ildə olmuşdu. O vaxt başqa, bu gün başqa şəraitdir. Narendra Modinin keçmişini bilirsiniz? Modi separatçı və faşist idealogiyaya xidmət edən RSS təşkilatının əsas lideri olub. Hansı ki, o vaxt həmin təşkilatın üzvləri 10 min nəfəri daşıyan qatara od vurub yandırmışdılar. Elə həmin hadisədən sonra ABŞ Narendra Modiyə 10 il ərzində Birləşmiş Ştatlar ərazisinə daxil olmağı yasaqlamışdı. Yalnız baş nazir seçildiyi ərəfələrdə bu yasaq onun üzərindən götürülüb. Modinin hazırda təmsil olunduğu iqtidar partiyası məhz haqqında danışdığımız RSS təşkilatının varisidir. RSS-in məramına görə, Hindistan ancaq hinduistlər üçündür.

 - Bu gün dünyada diaspor təşkilatları da az qala diplomatik qurumlar qədər iş görə bilirlər. Hesab edirəm xarici ölkələrdə kifayət sayda pakistanlılar da yaşayır və onlar, məsələn, Kəşmirlə bağlı hansısa vacib hadisənin ildönümündə istədikləri sivil aksiyanı təşkil edə bilərlər. Bu müstəvidə nələr deyərdiniz?

- Dünya ölkələrində toplam 10 milyon pakistanlı miqrant yaşayır. Təbii ki, əksəriyyətinin məskunlaşdığı Yaxın Şərq ölkələrində hər hansı aksiyanın təşkil olunması bəlli səbəblərdən o qədər də inandırıcı görünmür. Amma Avropada - Norveç, İsveç və sair kimi ölkələrdə pakistanlılar tərəfindən etiraz aksiyaları keçirilib. Təbii ki, BBC kimi Qərb media qurumları belə hadisələr barədə məlumat yaymırlar, çünki onlar Hindistana yaxınlıqları ilə seçilirlər.

- Bunu hansısa bir şəkildə Azərbaycanda da edə bilərdilər. Məsələn, Xocalı soyqırımı günü Azərbaycanda yaşayan pakistanlı bir qrup milli bayraqlarınızla soyqırımı və təcavüzkarlığı pisləməklə həm xalqımızla həmrəylik nümayiş etdirə, həm də Kəşmir faciəsinin qurbanlarını yad etmiş olarlar...

- Bu mümkündür. Pakistan parlamenti Xocalı faciəsini soyqırım olaraq tanıyıb və bu səbəbdən də Pakistan diasporu üzvlərinin Xocalı soyqırımını anım günündə azərbaycanlılarla həmrəylik nümayiş etdirməsi normaldır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Əlaqələndirmə Şurasının üzvüdür. Pakistan dövləti olaraq çox istərdik ki, Kəşmir məsələsində Azərbaycan xalqı da etiraz səsini ucaltsın.

- İslam dünyasından söz düşmüşkən, bu gün Hindistanın inkişafı, iqtisadi qüvvəsini qoruması məhz İslam Əməkdaşlıq Təşkilatı sıralarında cəmlənmiş müsəlman ölkələrindən asılıdır. Çünki Hindistan iqtisadiyyatının qanı sayılan yanacaq tamamilə müsəlman ölkələrindən idxal olunur. Elə isə niyə Kəşmir məsləsində Hindistana təzyiq edilmir?

- Ona görə ki, bu gün insan haqları iqtisadi maraqların kölgəsində qalıb. Pakistan istənilən müsəlman ölkəsində yaşanan problemin həllinə kömək göstərir, çətinə düşən ölkəyə dayaq olur, amma belə ağır vaxtlarında qarşılığını görə bilmirik...