"Sosial şəbəkələr informasiya yayımı haqqında qanunla tənizmlənməlidir"- Müşfiq Ələsgərli  

11:20 31.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Hazırda müzakirə olunan mövzulardan biri də sosial şəbəkələrə nəzarət mexanizminin gücləndirilməsidir. ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncamla başlayan müzakirələrin əsas mövzusu sosial şəbəkələrin statusunun müəyyənləşdirilməsi ilə bağlıdır. 

Artıq sosial şəbəkələrin kütləvi informasiya vasitələrindən heç bir fərqinin olmadığı bir reallıqdır. Maraqlıdır, sosial şəbəkələrə də KİV statusu tətbiq etmək olarmı?

Mövzu ilə bağlı Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hafta.az-a açıqlamasında bildirdi ki, bu məsələdə mbüahisəli məqamlar var, beynəlxalq müstəvidə hələ qiymət verilməyib:

“Beynəlxalq  jurnalistlər təşklatları tələb edirlər ki, sosial şəbəkələr də informasiya yaydıqlarına görə, informasiya yayımı haqqında qanunla tənzimlənməlidir. Eyni zamanda, KİV kimi vergi ödəməlidirlər və s. Təəssüf olsun ki, bu gün sosial şəbəkələr o qanunla tənzimlənmir.  Qanunla tənzimlənməmələrinə görə, öz işlərini istədikləri kimi görüb, qarşılığında çox böyük gəlirlər götürürlər.  Beynəlxalq təşkilatların hesablamlarına görə bunların illik dövriyyəsi 900 milyard dollardan yuxarıdır. Bu qazancın isə gəlirini belə ödəmirlər. Yaydıqları informasiyaya görə də məsuliyyət daşımırlar. Hələlik ki, tənizmlənmə yoxdur. Ona görə də bəşəriyyət  sosial şəbəkələrin bir sıra neqativ  hallarından əziyyət çəkir. İndiyə qədər tənzimlənməsi üçün fikir bildirənlər kiçik ölkələr idi. Sosial şəbəkələrdə neqativ halların artmasından sonra, böyük ölkələr də narahat olmağa başlayıblar. Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma"nın (KJUQP) təmsilçisi Jeremy Dear yazır ki, texnoloji nəhənglərin qurduqları "sosial şəbəkələr" təmərküzləşir, öz aralarında şəbəkələşir, müstəqil güc mərkəzinə çevrilir və iqtisadi, siyasi mühitə, maliyyə məkanına müdaxilə edirlər. Jeremy Dear nümunə olaraq GAFAM-ı (Google, Apple, Facebook, Amazon, Microsoft) göstərir. Platforma təmsilçisinin açıqlamasına görə, bir əldən idarə olunan GAFAM-ın ümumi gəlirləri təqribən 900 milyard dollar dəyərindədir. Hüdudsuz maliyyə imkanlarına malik olan bu birliklər öz ambisiyalarına əks gələnləri əzib keçirlər. Onlar dünyanın siyasi-iqtisadi düzənini dəyişməkdə iddialı görünürlər. Qurmaq istədikləri yeni düzən isə ədalətsizdir; əldə etikləri gəlirlər başqalarının halal haqqıdır. KJUQP-nın hesablamalarına görə, GAFAM qrupuna daxil şirkətlər, xüsusilə Google və Facebook jurnalistləri, peşəkar KİV-ləri istismar edir, onların məhsullarından böyük qazanc götürürlər. Müstəqil media, yerli KİV-lər xəbəri istehsal edirlər, amma həmin xəbərləri sosial şəbəkələr yayırlar, nəticədə sosial şəbəkələr milyardlıq sayı olan auditoriyaya, həmçinin maliyyə gəlirinə sahib çıxırlar. Xəbərin əsas istehsalçısı olan peşəkar KİV-lərə gəlməli olan reklamlar sosial şəbəkələr üçün axır. Facebook və Google bütün rəqəmsal reklam dövriyyəsinin təqribən 61% -nə sahibdirlər. Qarşılığında isə heç normal vergi də ödəmirlər”.

Sosial şəbəkələrin qaydasız davranışları təkcə vergi məsələsinə aid deyil. Qlobal rəy sorğusu iştirakçılarının cəmi 23 faizi sosial şəbəkələr üzərindən yayılan xəbərlərin doğruluğuna inanırlar. Digərləri isə sosial şəbəkələri "fake xəbər" yayıcısı adlandırırlar. Sosial şəbəkələr barəsində universal normativ standartların olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına şərait yaradır. Sosial şəbəkələr üzərindən ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil edilir, siyasi kataklizmlər formalaşdırılır. Azərbaycan da xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir.

Amma sosial şəbəkə idarəçilərinə təsir göstərmək, onları qanunlar çərçivəsində fəaliyyət göstərməyə məcbur etmək ayrı-ayrı ölkələrin gücü daxilində deyil. Dövlətlərarası təşkilatlar gücü koordinasiya etməli, "bu nəhənglərə öz yerlərini göstərməlidirlər". KJUQP təklif edir ki, Avropa Birliyi qismində dövlətlərarası təşkilatlar, ya da ABŞ kimi super dövlətlər bu məsələdə məsuliyyəti öz üzərlərinə götürməlidirlər.

M. Ələsgərli nəzarət mexanizminin gücləndirilməsi məsələsinə də toxundu. O, bildirdi ki, sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir; fəaliyyətləri şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər:

“Son günlərin hadisələri, ABŞ prezidenti Donald Trampla bağlı yaşanan gərginlik göstərir ki, KJUQP-un arqumentləri gerçəkdir: texnologiya nəhənglərinə, "sosial şəbəkə" idarəçilərinə qarşı çıxmaq, ədaləti bərpa etmək, onları qanunlar çərçivəsində fəaliyyətə məcbur etmək nəinki ayrı-ayrı kiçik dövlətlərin, hətta böyük ölkələrin də imkanları xaricindədir. Məsələn, bir zamanlar Donald Trampın əsas informasiya dəstəkçisi olan Twitter, indi "xidmətinin qarşılığını almaq" iddiasına düşüb. İstədiyini almayında güc göstərir, Trampı təzyiq altında saxlamağa çalışır. Twitter administrasiyası Trampın tvitlərini gizlətməyə, bloklamağa başlayıb, onlara "saxta, yalan ola bilər" işarəsi əlavə edir. Ciddi hadisədir. "Sosial şəbəkə" idarəçiləri əvvəllər kiçik olkələri hədəf seçir, böyük dövlətlərin yanında yer tuturdularsa, indi vəziyyət dəyişib. Artıq "sosial şəbəkə" idarəçiləri özləri böyük gücdürlər, dünyanın super dövlətini, onun rəhbərini də hədəf alırlar. Tramp "sosial şəbəkələri" xəfifə alıb, üzərlərinə gedib; Twitteri ABŞ-da bağlaya biləcəyini elan edib. Ardınca da mayın 28-də "Onlayn senzuradan müdafiə barədə" Sərəncam imzalayıb; sosial şəbəkələrin tənzimlənməsi üçün yol açıb. Tramp hesab edir ki, Twitter də daxil olmaqla, sosial şəbəkələrin fəaliyyəti ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmir. Onlar qanunları ayaqlayır, öz şərtlərini diktə edirlər. Bu qarşıdurmada sosial şəbəkə idarəçiləri haqsızdırlar; əgər elan etdikləri kimi, informasiya yayımı da, sadəcə, texniki təminatçıdırlarsa və məzmuna qarışmırlarsa (onlar digər ölkələrdə qarışıqlıq salanda belə deyiblər), onda Trampın tvitlərinin məzmununa müdaxilə edə, onları bloklaya bilməzlər. Hansısa siyasi tvitə yalan, böhtan, saxta işarəsi qoymaq sosial şəbəkə platformasının funksiyasına daxil deyil. Amma görünən budur ki, siyasi məzmuna müdaxilə edirlər, dövlətlərə, dövlət başçılarına təzyiq göstərirlər. Trampın imzaladığı "Onlayn senzuradan müdafiə barədə" sərəncamın mətnindən belə nəticə çıxır ki, "nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur və bununla da "təhlükəli güc" tətbiq edirlər; "Twitter", "Facebook", "Instagram" və "YouTube" informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır, fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər; "Twitter" ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin "siyasi aləti" kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur”.

 

Oxunma sayı 818