"Sosial şəbəkələrdə milli maraqların qorunmasına dair təşəbbüslər" sosial marketinq layihəsi icra edildi

15:00 21.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Sosial şəbəkələrdə milli maraqların qorunmasına dair təşəbbüslər" sosial marketinq layihəsini plana uyğun olaraq Quba rayonunun Mədəniyyət Mərkəzində həyata keçirib.

Hafta.az xəbər verir ki, layihə sosial şəbəkələrdə milli problemlərə məsuliyyətsiz yanaşan, dövlətə dəyəcək ziyanları dərk etməyən istifadəçilərin davranışlarının dəyişdirilməsindən bəhs edir.

Layihənin əsas məqsədi  sosial şəbəkələrdə  milli problemləri hər zaman diqqətdə saxlayan onların tanıdılmasını həyata keçirən və ictimai maraqlara həssas yanaşan şəbəkə istifadəçilərinin çoxalmasına nail olmaqdır.

Layihədə iştirak edən Xaçmaz sakinlərinə  ümumi məlumatlarla yanaşı  aşağıdakı mövzularda mühazirələr deyilərək müzakirələr aparılıb. Emal olunmamış məlumatları informasiya kimi sosial şəbəkələrdə paylaşmamaq; Sosial şəbəkələrdə ictimai maraqları qorumaq vətəndaşın dolayı yolla özünü gələcək problemlərdən qorumaqdır; Sosial şəbəkələrdə milli problemləri tanıtmaq dövlətçiliyə verilən dəstəkdir; Sosial şəbəkələrdə Azərbaycanı tanıtmaq (Erməni işğalında olan tarixi abidələri), turizm imkanlarını nümayiş etdirmək, iqtisadiyyata dəstək olmaq ictimai      maraqların müdafiəsidir; Sosial şəbəkələrdə biznes ptensialı və sair.

Sosial şəbəkələrdə ictimai maraqları qorumaq vətəndaşın dolayı yolla özünü gələcək problemlərdən qoruması məsələsi hazırkı reallıqlar fonunda, sürətlə şəbəkələşən informasiya məkanında olduqca əhəmiyyətli məqamdır. Görüləcək bütün işlərin, habelə ictimai maraqların qorunması sosial şəbəkələr üzərindən effektiv olacağına inana bilərik. Hazırda “Facebook”, “Twitter” və digər sosial şəbəkələrdə media, tanınmış şəxs, şirkət, KİV-lərin aktiv olduğunu nəzərə alsaq, orada yayımlanan və ictimai maraqlara xidmət edən məlumatlar layihənin iştirakçıları üçün faydalı mənbə rolunu oynaya bilər ki, bu sonuc etibarı ilə doğru-düzgün istifadəyə təkan vermiş olacaq.

Azərbaycan Respublikasında bu sahədə dövlət dəstəyi ilə informasiya cəmiyyətinin qurulması istiqamətində ciddi layihələr həyata keçirilməkdədir. Xüsusilə onu qeyd etmək lazımdır ki, 2002-ci ilin fevral ayında Azərbaycan Respublikası ilə BMT İnkişaf Proqramı arasında imzalanmış proqram-layihəyə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının inkişafı naminə İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Milli strategiyası (2003-2012-ci illər)” Ümummilli lider Heydər Əliyev tərəfindən 17 fevral 2003-cü ildə imzalanmış və rəsmi dövlət proqramı statusunu alıb.

Hazırda cəmiyyətin bütün sahələrinin inkişafı internetin artmaqda olan intelektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə bağlıdır. Lakin internet üzərində formalaşdırılmış sosial şəbəkələr (“Facebook”, “Twitter”, “LinkedIn”, “Google”, “Ok”, “Instagram”  və s.) informasiya mübadiləsinin ən əsas məsələlərdən biridir. Lakin bu sahədə məsuliyyətsiz vətəndaşlar milli maraqlara xidmət etməyən informasiyaların yayılması və ya milli maraqların təhrif olunması problemləri formalaşdırırlar.

Dünyada internet üzərində formalaşdırılan sosial şəbəkələr kiber silaha çevrilmişdir. Buna səbəb sosial şəbəkələrin sərhədsiz informasiya məkanına çevrilməsi problemləridir. Azərbaycan Respublikasında sosial şəbəkələrdən daha çox ünsiyyət vasitəsi kimi istifadə olunduğu müşahidə edilir. Milli maraqların qorunması sahəsində bəzi vətəndaşların mövqeyi mədəni dəyərlərin tapdalanması ilə ifadə olunur.