"Təəssüf ki, bu gün demokratiyadan danışan müxalifət qarşıdurmaya üstünlük verir" - Deputat

12:39 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təəssüf edirəm ki, bu gün demokratiyadan, qanunlardan danışan müxalifət provakasiyaya, qarşıdurmaya, polislə toqquşmaya üstünlük verir.

Hafta.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə Müsavat Partiyasının noyabrın 10-da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) binası qarşısında qanunsuz piket keçirmək istəyinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifət bu cür hərəkətlərə son qoymalıdır. Çünki bununla onlar nə siyasi nüfuzunu artıracaq, nə də ki, qarşılarına qoyulan məqsədə çatacaqlar:

"Radikal müxalifətə, o cümlədən, Musavat Partiyasina sadəcə olaraq, bəhanə lazımdır. Onların nə ölkənin problemləri ilə bağlı təklifləri var, nə də cəmiyyətə təqdim edəcəkləri hər hansı proqramları. Sadəcə olaraq, gündəmdə qalmaq, hətta hay-küylü hadisələrlə diqqəti cəlb etmək onların qarşılarına qoyduğu əsas məqsəddir. Partiyanın məqsədi hakimiyyətə gəlmək, cəmiyyətin dəstəyini qazanmaq, ölkənin inkişafı ilə bağlı özünün təkliflərini verməkdir. Hazırkı müxalifətdə isə bunların heç biri yoxdur".

A.Mirzəzadə qeyd edib ki, bu gün informasiya kommunikasiya texnologiyaları elə inkişaf edib ki, kütləvi aksiyaların harada keçirilməsinin heç bir əhəmiyyəti yoxdur: "Çünki telekanallara, saytlara baxmaqla, hətta adi mobil telefondan istifadə etməklə baş verən hadisələri nəinki Azərbaycana, bütün dünyaya yaymaq olar. Bununla belə, tamamilə mümkündür ki, onlar xaricdən dəstək alıblar, Azərbaycan dövlətinin möhkəmliyini bir daha yoxlamaq üçün bu cür hərəkətlərdən istifadə etməyə çalışırlar. Amma istənilən halda onların hərəkətinə hüquqi cavab veriləcək".

Xatırladaq ki, Musavat partiyası noyabrın 10-da Tofiq Bəhrəmov adına stadionun qarşısındakı meydan, "Dərnəgül" metro stansiyasının çıxışında olan meydan, yaxud "Məhsul" stadionunda aksiya keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. BŞİH isə partiyanın bu istəyini qəbul etməyərək aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.

Müsavat Partiyasının rəhbərliyi buna etiraz edərək noyabrın 12-də saat 15:00-da BŞİH-in binası qarşısında piketin keçirilməsi üçün xəbərdarlıq məktubu göndəriləcəyini açıqlayıb.

Siyasət rubrikasından digər xəbərlər