"Türkiyə ilə birgə təlimlər regionda hegemonluq etmək istəyən qüvvələrə mesajdır"- Üzeyir Cəfərov

11:37 28.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Müdafiə Nazirliyinin məlumatına görə, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Bu təlimlərlə bağlı hərbi ekspert Üzeyir Cəfərov hafta.az-ın suallarını cavablandırıb.

 - Türkiyə və Azərbaycanın quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Siz bu təlimi necə qiymətləndirirsiniz?

- Keçiriləcək təlimin siyasi və mənəvi dəyəri var. Bu gün regionda hegemonluq etmək istəyən qüvvələrə belə təlimlər bir mesajdır. Son hadisələrdən də biz o qüvvələrin kim olduğunu gördük. Bu məsələnin müzakirəsi zamanı başda Rusiya olmaqla onların məqsədlərini, nə istədiklərini gördük. Bu təlimləri ilk növbədə Ermənistana xəbərdarlıq mesajı kimi də başa düşmək olar. Ermənistan siyasi dairələri son vaxtlar öz məkirli siyasətlərini daha da açıq-aşkar ortaya qoymağa başlayıblar. Indiyə qədər də heç vaxt normal fikir yürüdə bilən dövlət olmayıblar. Onlar özlərini sübut etmək üçün müxtəlif oyunlara gedirlər. Amma bu təlim beynəlxalq qurumlara da bir mesaj olacaq ki, Qarabağ məsələsi tez bir zamanda öz həllini tapmalıdır. Bir sözlə sonuncu hadisələr onu göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır. Başqa ölkələr də öz dəstəklərini göstərdilər. Amma Türkiyə isə konkret şəkildə yanımızda olduğunu subut etdi.

- Ermənistan cəbhəboyu tez-tez belə təxribatlara əl atır. Bu hallarda qardaş ölkədən dəstək almaq lazımdırmı?

- Azərbaycan ordusu kifayət qədər güclüdür. Belə vəziyyətlərdə hərbi potensialımızdan istifadə edirik. Amma gələcəkdə əməliyyatlarda ciddi çətinlik yaranarsa o zaman qardaş köməyinə ehtiyac ola bilər. Bizim bu gün görmək istədiyimiz mənəvi dəstək idi. Onu da layiqncə qardaş Türkiyə bizə verə bildi.

- Bu kimi genişmiqyaslı təlimlər davamlı xarakter daşıya bilərmi?

- Türkiyə və Azərbaycan ölkələrinin birgə keçirəcəyi bu təlimlərin hərbi məqsədi ondan ibarətdir ki, yeni elementlər istifadə olunacaq. Xatırlayırsınızsa, 2016-ci ildə Ermənistan pilotsuz aparatlarla mübarizədə çox böyük zərbələr almışdı. Əməliyyat sonunda onlar Rusiya ilə birlikdə təlimlər keçirtdilər. Məqsəd guya belə bir əməliyyatlarda ondan istifadə etsinlər. O nöqteyi nəzərdən bizim də belə bir təlimlər keçirməyimiz lazım idi. Aviasiya texnikalarının istifadəsi həyata keçiriləcək. Bu təlimlər haqqında daha geniş danışmaq hələ tezdir. Avqust ayının 10-dan sonra isə birgə keçilən bu təlimi geniş şərh etmək mümkün olacaq.

- Tovuz əməliyyatı zamanı  Azərbaycan ordusu erməni təxribatının qaşısını aldı. Düzdür, itkilərimiz də oldu. Amma ermənilərin itkiləri isə daha çox oldu. Siz Azərbaycanın hərbi potensialını necə qiymətləndirirsiniz?

- Ordumuz real döyüş əməliyyatlarına başlamayıb. Tam heyyətlə cəlb olunmayıb. Yalnız artilleriya və bir neçə texnikadan istifadə edilib. Döyüş helikopterlərimiz, daha ağır silahlar var. Ermənilər də, eləcə də Rusiya da bunu yaxşı bilir.  Sonuncu Tovuz təxribatı ermənilərin ağlının məhsulu deyildi. Onlar bizi yoxlayırdılar. Bir az sadə dildə desək, onlar dişinin batıb-batmayacağını yoxlayırdılar.

- Tovuz əməliyyatı rus mətbuatında da xeyli müzakirə olundu. Rus-erməni siyasi şərhçiləri fikirlər bildirdilər. Bu fikirlərdə Azərbaycanın imicini qoruyan hansısa detal varmı, ümümiyyətlə rus siyasətçiləri belə müzakirələrdə Azərbaycan üçün müsbət fikirlər yürüdə bilirlərmi?

- Ruslar heç bir vaxt Azərbaycana dəstək olmayıblar. Sonuncu müzakirələrdə - Rusiya Dumasında olan çıxışlara baxsanız görərsiniz ki, ermənipərəstlik açı-aşkar ortaya qoyulur. Onlar ermənilərdən daha çox istifadə etmək üçün belə hallarda günahı Azərbaycan tərəfinin üzərinə qoyurlar. Bizə məlumdur ki, Ermınistan heç bir vaxt öz ağlı ilə oturub durmayıb. Onlar yalnız Rusiyanın diqtəsi ilə hərəkət edirlər. Tovuz əməliyyatında da bunu gördük. Amma onlar bilməlidir ki, Azərbaycan daha 1990-ci ildəki Azərbaycan deyil. O vaxt ordumuz tam formalaşmamışdı. Bu gün siyasi və hərbi mənada tam hazırdır. Təlimlərin də bir məqsədi odur ki, dünya da Türkiyəni tək görməsin. Bilməlidirlər ki, Türkiyədə də belə hallar baş versə Azərbaycan Türkiyənin yanındadır. 10 milyonluq Azərbaycanda 4 milyon silah tuta bilən insanlarımız var.

- Cəbhədəki gərginlikdən sonra, ermənilər başqa-başqa ölkələrdə azərbaycanlılara qarşı təxribata əl atdılar. Bununla da nəyəsə nail ola bilmədilər. Bəs yenidən cəbhədə təxribatlar törədə bilərlərmi?

- Belə problemləri hərbi münaqişələrlə əlaqələndirməməliyik. Sabah bir erməni azərbaycanlını vuracaq və ya bunun əksi də ola bilər. Bu proses həmişə olub və olacaq. Ta ki, münaqişə tam həllini tapmayana qədər belə hadisələr gözləniləndir. Adi bir hərəkətlə bütün dünyanı Azərbaycana qarşı çevirə bilmərik.

Oxunma sayı 9410