"Tvinninq proqramı Aİ ilə Azərbaycan arasında ən uğurlu əməkdaşlıq alətlərindən biridir" - səfir Kestutis Yankauskas

16:46 09.10.2019
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 10-da Avropa İttifaqı ilə Azərbaycan arasında Tvinninq layihələrini müzakirə etmək üçün Bakıda dəyirmi masa keçiriləcək. Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbərləri cənab Vasilis Maraqos və xanım Diana Yablonskanın başçılıq etdiyi nümayəndə heyətinin, həmçinin Azərbaycan rəsmilərinin qatıldığı tədbirə İqtisadiyyat Nazirliyi ev sahibliyi edəcək.

Hafta.az yazır ki, dəyirmi masanın keçirilməsində məqsəd Azərbaycanda Tvinninq proqramının gələcəyini müzakirə edərək, ölkədə dövlət idarəçiliyində islahat prosesinə səmərəli şəkildə töhfə vermək üçün daha strateji yanaşmanın təmin olunması yollarını müəyyənləşdirməkdir.

“Avropa İttifaqının Tvinninq proqramı İttifaqla Azərbaycan arasında ən uğurlu əməkdaşlıq alətlərindən biridir. Bu proqram Avropanın qabaqcıl təcrübələrini Azərbaycandakı qurumlarla bölüşməyə və əhali üçün faydalı islahatların dəstəklənməsinə kömək edir. Bu dəyirmi masa bizə gələcəkdə daha da səmərəli fəaliyyət göstərməkdə yardım göstərəcək”, - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas qeyd edib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər, Energetika, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət İcbari Tibbi Sığorta Agentliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən ekspertlər tədbirdə iştirak edəcəklər.

Tvinninq Aİ-nin üzv dövlətlərinin və Azərbaycan kimi tərəfdaş ölkələrin dövlət administrasiyaları arasında institusional əməkdaşlıq vasitəsidir. Tvinninq layihələri çərçivəsində nəticələr həmkar qurumlar arasında həyata keçirilən tədbirlər vasitəsilə əldə olunur. Son on il ərzində Azərbaycanda 26 nazirlik və dövlət qurumu 46 Tvinninq layihəsində iştirak edib.

Siyasət rubrikasından digər xəbərlər