"Vətəndaşların seçki hüququnun həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb" - Aydın Səfixanlı

17:05 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda vətəndaşların seçki hüququnun həyata keçirilməsi üçün istər qanunvericilik, istərsə də praktiki baxımdan geniş imkanlar yaradılıb.

Hafta.az secki-2020.az saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı bildirib.

O deyib ki, seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilində birbaşa təsirini ifadə edən, dövlət hakimiyyətini legitimləşdirən əsas faktorlardan biridir: “Cəmiyyət üçün seçki hüququnun önəmi çox böyükdür. Burada konkret şəxslərin deyil, bütöv halda cəmiyyətin mənafeyi nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Seçki hüququ anlayışının nəzərdə tutulduğu maddənin məzmunundan da aydın olduğu kimi, seçki hüququ iki hissəyə bölünür: passiv seçki hüququ və aktiv seçki hüququ. Passiv seçki hüququ vətəndaşların seçilmək imkanını, aktiv seçki hüququ isə vətəndaşların seçmək imkanını nəzərdə tutur”.

A.Səfixanlı qeyd edib ki, son illər ölkəmizdə həyata keçirilən konstitusion hüquqi islahatlar nətisəsində insan hüquq və azadlıqlarının, o cümlədən vətəndaşların seçki hüququnun, xüsusilə passiv seçki hüququnun daha səmərəli həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb: “2020-ci il fevral ayının 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün dairə seçki komissiyaları üzrə qeydə alınan namizədlərin sayının çoxluğu, seçki öncəsi sağlam rəqabət mühitinin mövcud olması, hər bir namizədə bərabər imkanların yaradılması məhz passiv seçki hüququnun daha səmərəli təmininə xidmət edir”.

Aparat rəhbəri vurğulayıb ki, müsbət beynəlxalq təcrübədən yararlanaraq Azərbaycan Respublikasının seçki qanunvericiliyinin təkmilləşdirilməsi vətəndaşların seçmək imkanının, yəni aktiv seçki hüququnun da səmərəli həyata keçirilməsinə geniş imkanlar yaradıb: “Ötən dövrlərdə baş tutmuş seçkilərdə apardığımız müşahidələrin nəticəsi olaraq bildirmək istərdim ki, ümumilikdə seçkilər əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliklə müəyyən edilmiş qaydada və nizam-intizamla keçirilib, vətəndaşların seçki hüquqları təmin olunub, seçicilər üçün seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı lazımi şərait yaradılıb, hər hansı bir dövlət qurumunun nümayəndələri və ya polis tərəfindən seçki prosesinə müdaxilə halı müşahidə edilməyib. İnanıram ki, parlament seçkiləri Konstitusiyamıza, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə əhalinin yüksək fəallığı ilə keçiriləcək”. 

Oxunma sayı 27
Siyasət rubrikasından digər xəbərlər